Fariz Əhmədov, “Ədəbiyyat və incəsənət” portalının Naxçıvan təmsilçisi
Azərbaycan poeziyasında ürəkləri ən çox oxşayan, ən çox toxunulan və dəyər verilən mövzu sevgidir. Dünyada elə bir şair olmaz ki, onun yaradıcılıq izlərində sevgi şeirlərinə rast gəlinməsin. Sevgi ən məhrəm duyğu, ən incə oyanış, ən zərif yaşantı, ən təhlükəsiz körpü, ən ülvi hissdir.
Müasir Azərbaycan poeziyasının ən görkəmli simalarından olan Nəriman Həsənzadə poeziyasında da sevgi mövzusu özünəməxsus çalarları ilə diqqəti cəlb edir. Onun hər hansı bir şeiri yaşanılan anların, çəkilən iztirabların və duyğuların inikasıdır. Təbii harmoniyası olmayan ifadə vasitələri və söz çalarları bu sevgi şeirlərinin ruhuna yaddır. Necə yad olmaya bilərdi axı, o ki, ömrünün uşaqlıq illərini dağ başında sübh tezdən Günəş doğarkən üfüqün çöhrəsinin necə rəng aldığını, nəsim bahar küləklərinin dağ yamaclarında yaşıl yarpaqlı sarı güllər açmış incə çiçəkləri və gözoxşayan lalələri necə rəqs etdirdiyini və Nabat xalanın zəhmət qoxan halal və ətirli çörəyi ilə böyümüş, şairlik təbini şairlər diyarı olan bu el-obadan almış, Vaqifin, Vidadinin və Səməd Vurğunun təbinə yeni ruh, yeni nəfəs vermişdir. Xalq şairi Məmməd Araz Nəriman Həsənzadə poeziyasının vurğunu, Bəxtiyar Vahabzadə və Nəbi Xəzri də şairin istedadını yüksək qiymətləndirmişdir.
Azərbaycanın unudulmaz şairi Səməd Vurğun yazırdı: “Məhəbbətin hakim olduğu ürəklər yağışdan sonra açılmış şəffaf və ləkəsiz bir yaz səmasını andırır ki, orada yalnız al-əlvan şəfəqlər, təravət və qüdsiyyət görünür. Məhəbbət insan qəlbini süzgəcdən keçirir, zərərli hisslərdən təmizləyir, yaşamağın mənasını gözəlləşdirir, insanı xeyirxah olmağa dəvət edir. Bir kişinin bir qadına olan sevgisindən başlayan məhəbbət ülvilik zirvəsinə qədər ucalır”. Məhz Nəriman Həsənzadə yaradıcılığına bələd olan Səməd Vurğun 1952-ci ildə gənc şairi Yazıçılar İttifaqına daxil olması üçün yazılı zəmanət vermiş, əlini sıxaraq ədəbi yaradıcılıqda ona uğurlar arzu etmişdir.
Nəriman Həsənzadə yaradıcılığa çox gənc yaşlarında lirik şair kimi gəlmiş, ilk şeir kitabları da demək olar ki, lirikadan ibarətdir. Bu lirika təbiiliyi, səmimiliyi, dil üslubu baxımından məhz elə onun müəllifinə məxsus idi.
Mir Cəlal 60-cı illərin ortalarında deyirdi: “Nəriman olduqca həssas bir şairdir. O, bir qartalın uçuşunda, bir lalənin duruşunda, bir körpənin baxışında bütün kainatı, ictimai aləmi və məna dolu həyatımızı görmək istəyir”.
Şair hər zaman çox sadə baxış üslubu ilə fərqlənərək sadə səmimiyyətlə yazırdı:
Mənim kitabımı ucuz eləyin
tələbələr üçün, fəhlələr üçün,
hardasa, lap kasıb bir nəfər üçün,
maaşı aşağı olanlar üçün,
şəhərdə kirayə qalanlar üçün,
oxumaqdan ötrü alanlar üçün,
çörək qiymətinə, duz qiymətinə,
qoy sonar qalxsın o öz qiymətinə…
Nəriman Həsənzadənin səmimi yaradıcılığı aşağıdakı xüsusiyyətlərdən irəli gəlir:
- Əsərlərində mənsub olduğu xalqın hissi, duyğusu, inamı və etiqadı əks olunur
- Qələmə aldığı mövzulara həssas yanaşması və yaxud daha həssas mövzulara müraciət edir.
- Hansı mövzuda yazırsa, yazsın mövzunu hərtərəfli araşdırıb böyük bir ruh yüksəkliyi və inamla təqdim edir.
Nəriman Həsənzadənin sevgisində məhrəmlik, ehtiram, heç kimə hesab verməyə borclu olmayacaq bir əxlaqilik, mənəvi və ruhi cəsarət, etik normalılıq, adət-ənənəçilik və vətən qədər müqəddəslik var.
Sənin nəfəsində hərarətində
Elə bil Günəşin od nəfəsi var.
Həya var, ismət var hərəkətində,
Qədim bir millətin ənənəsi var.
Gözünə o nuru, o baxışı da,
nənələr veribdi hey zaman-zaman.
Gəlincik bəzəyən qız uşağı da
Ana ürəklidi əslinə baxsan.
Qoy yeri gəlmişkən deyim bir sözü,
Nə var yer üzündə anadan əziz?
Sənin yastığına baş qoymaq özü,
Cəmiyyət önündə borcdu, şübhəsiz.
Halal süd əmmişik ana döşündən,
Yaşa, bu müqəddəs duyğular üçün.
Bəlkə də, qadına borcludur Vətən
Onun böyütdüyü oğullar üçün.
Ailə məişət lirikası da şairin yaradıcılığında xüsusi yer tutur. Türk dünyası anlayışında məhəbbət ailə deməkdir. Ailə ilə yekunlaşmayan bir məhəbbət heç bir əxlaqi don geyindirmək olmaz. Nəriman Həsənzadə də öz məhəbbət fəlsəfəsini türk eposunun yaradıcılarının məntiqi ilə tamamlayaraq həyatın vaxtsız qurbanı olmuş, həyat yoldaşı Sara xanım haqqında yazır:
Mən səni sevdim ki, yoldaş olasan
Həyatın ən ağır, dar yollarında.
Demədim axırda bir daş olasan
Qədim qəbiristanda, yol kənarında
Mən səni sevdim ki, sevin, qaç oyna...
Yenə seçilməsin ətrin bahardan,
Demədim, təzədən gizlənpaç oyna,
Axşam yuxuma gir, səhər qaç ordan.
Nəriman Həsənzadənin məhəbbət lirikası tərcümeyi-hal xarakterlidir ki, bu da bizə aşıq ədəbiyyatını xatırladır. Qurbani, Aşıq Abbas Tufarqanlı, Aşıq Qərib, Aşıq Ələsgər kimi böyük sənətkarların xələfləri çox keçmədən onların tərcümeyi-hal xarakterli şeirləri əsasında gözəl dastanlar yaratmışlar. Bu oxşarlıq kifayət edir ki, Nəriman Həsənzadə lirikasının mahiyyətcə, xalq (aşıq) yaradıcılığı ilə bağlı olduğu qəbul edilsin.
Belə gözəl, belə zərif, belə pak,
Səni harda bəsləyiblər, qız belə?
Hansı evə qədəmlərin dəyəcək,
O evdə də yeri belə, gəz belə.
Nəriman Həsənzadə sevgiyə təkcə şəxsi münasibətlər kimi baxmır, buna həm də cəmiyyət hadisəsi, mənəvi-əxlaqi sosial prinsiplər əsasında yanaşır. Şairin lirik qəhramanı sevgini ötəri bir hiss kimi deyil, işıq və gözəllik simvolu kimi qəbul edir.
Mənim köməyim ol mən dara düşsəm,
baxma uzaqlardan, gəl dindir məni.
Hardasa, nabələd yollara düşsəm,
özün qarşıma çıx, sevindir məni.
Bəzən hıçqırığım ucalır göyə,
insanam, mənim də ağrım-acım var.
Mənim, sən verdiyin bir təsəlliyə,
sən dediyin sözə ehtiyacım var.
Adam var, neyləyim vicdanı dardı,
Onun insafına qalsaydı əgər,
Mənim ürəyimi çoxdan qırardı,
adımı hər yerdən çıxartdırardı,
istəyinə çatsın təki birtəhər.
Sən eşit bunları, sıxılma fəqət,
Arabir sevincim qəm qarışıqdı.
Yüz təqib eləsin qoy məni zülmət,
Sən varsan dünyada, dünya işıqdı.
Bu şeirdə “MƏN”dən “SƏN”ə doğru görünən yolda sevinc də, qəm də var, amma “Sən varsan dünyada dünya işıqdı” həqiqətini bizə çatdırır şair.
Nəriman Həsənzadənin şəxsi həyatı da onun sevgi şeirlərində xüsusi bir önəm kəsb edir. 80-ci illərin sonuna qədər yazdığı sevgi şeirlərində ayrılıq küləkləri əsmir, əsasən, ötəri ayrılıqlardan və umu-küsülərdən söz açılır. Məhəbbətin insana bəxş etdiyi İlahi gözəllik, bu yolda kamilləşməyə, işığa və həyatla səsləşməyə köklədiyi halda qadın bu yolun sədaqət simvoluna çevrilir. Bu baxımdan Nəriman Həsənzadə Azərbaycan ədəbiyyatında vüsalın hicranı, birliyin vəhdəti, aşiqin eşq poeziyasını yaradan şairlərdən biridir. Fəqət taleyin Nəriman Həsənzadəyə atdığı dabalaqdan sonra həyat yoldaşı Sara xanımı itirməsi onun sevgi lirikasında hicran küləklərinin əsməsinə və sevgi yarpaqlarının tökülməsinə başlayır. Bir zamanlar hər şeyinə çevrilən bu qadın indi heçliyə çevrilərək daşlaşaraq lal olub.
Mən bu daş saçlara sığal çəkmişəm,
Nə qədər öpmüşəm bu daş üzündən.
Bu daş dodağından, bu daş gözündən,
Arı pətəyindən mən bal çəkmişəm
Yer üzü vətəndi, qəbir də vətən
Bu gözün ağıdı, o qarasıdı.
Lakin bu dünyada olmayıb deyən,
Bunun vətən hansı, qürbət hansıdı?
Ayrılıq əbədi bir qəmdi, nə qəm,
Nə arzuya qıyır, nə yaşa baxır.
Mən daşa baxmaqdan daşa dönmüşəm,
Üz-üzə durmuşuq: daş daşa baxır.
Üstündən illər keçsə də vəfalı şair öz sevgisinə sadiq qalaraq onu qəlbində hələ də yaşadır, yarasını əziz tutaraq xatirələrini daima diri saxlayır, ömür nərdivanlarının pillələrində ani rastlaşan, vaxtsız ayrılan, biri qalxarkən digəri enən, bir-birlərinə hər zaman gecikmiş və qüruba doğru yol alan sevgiləri unutmurdu!!!
Bu dünya nərdivandı –
Qalxanda mehribandı,
Enəndə nə yamandı...
Görüşdük pillələrdə,
Yolun yarısında biz.
Sən qalxırdın bu dəmdə,
Mən enirdim xəbərsiz.
Səni arzularına
qaldırırdı nərdivan,
Məni xatirələrə
endirirdi bu zaman.
Birimiz günçıxana.
Birimiz günbatana.
Gərək ya düşməyəydi
bu görüş heç araya.
Ya sən əvvəl gələydin,
Ya mən sonra dünyaya.
“Ədəbiyyat və incəsənət”
(28.11.2024)