Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ bölməsi
Qarabağ atları qızılı-kürən rəngini günəşdən, güc və qüdrətini dağlardan alan dağ-minik at cinsidir. Azərbaycanın milli at cinsi olan bu atlar Asiya və Qafqazda ən qədim at cinsi hesab edilir.
Qarabağ atlarının 4 növü mövcuddur: Maymun, Qarnıyırtıq, Əlyetməz (Ceyran) və Toxmaq. Onlar yüksək sürəti ilə seçilir. Qarabağ atı hündür və çevikdir, möhkəm bədən quruluşuna malikdir. Alın və burun sümükləri yaxşı inkişaf edib, gözləri qabarıqdır. Boynu orta uzunluqda, hətta bir qədər də gödəkdir, boyu hündürdür.
Qarabağ atını digər atlardan fərqləndirən əsas əlamətlər onun parıldayan narıncı rəngdə olmasıdır. Yalı və quyruğunun ucu qızarmış, tünd-şabalıdı rəngdə olur. Dərisi nazik, tükləri yumşaq və parıltılıdır.
Qarabağ atçılığının “qızıl əsri” XVİİİ-XIX əsrlər hesab edilir. Məhz bu dövrdə cinsin ən tipik nümunələri Qarabağ xanları Pənah xanın, İbrahim xanın, Mehdiqulu xanın, Cəfərqulu xanın və Xurşidbanu Natəvanın (Usmiyevlərin) zavodlarında yetişdirilib.
O dövrlərdə Qarabağ atları bir çox beynəlxalq sərgilərdə təmsil olunub və yüksək yerlər tutublar. Xan qızı Natəvana məxsus “Əlyetməz” adlı ayğır 1867-ci ildə Ümumrusiya at sərgisində, “Xan” ləqəbli at isə həmin il Fransada keçirilən sərgidə mükafat alıblar. Üstəlik Parisdə keçirilmiş at sərgisində nümayiş etdirilmiş və gümüş medala layiq görülmüş “Xan” ləqəbli Qarabağ atını görən fransız qadınları onun rənginə valeh olmuş və saçlarını açıq qızılı-kürən rəngində boyamağa başlamışdılar.
Qarabağ atları Ağdam, Bərdə, Ağcabədi, Beyləqan, Şuşa, Хocalı, Хocavənd, Tərtər, Cəbrayıl, Füzuli və Kəlbəcər rayonlarının ərazilərində daha geniş yayılmışdı.
Müxtəlif məşhur at cinslərinin formalaşmasında Qarabağ atlarından çox istifadə olunub. Belə ki, 1839-cu ildə Don Atçılıq Zavoduna gətirilmiş 919 atın əksəri Qarabağ cinsindən idi. Donun aparıcı at zavodu sayılan Platovun zavodu, demək olar ki, Qarabağ atları ilə komplektləşdirilmişdi.
Məhşur rus rəssamı Vasili Vereşşagin 1870-ci ildə yazırdı: “... həyatımda gördüyüm ən yaxşı atlar Şuşada Cəfərqulu xana məxsusdur. Heç yerdə bu cür atlar görməmişdim. Mən bir cins erkək atın rəsmini çəkdim”.
Əsası Qarabağ xanları tərəfindən qoyulan və varislərinə keçən atçılıq zavodları 1905-ci ildə fəaliyyətini dayandırıb. XX əsrdə “Qarabağ” cinsinin tarixində ən önəmli hadisə Ağdam Atçılıq Zavodunun yaradılması oldu. Bu zavod Qarabağ atının cins tərkibinin yaxşılaşdırılmasında böyük rol oynamışdır. 1956-cı ildə Sovet İttifaqının rəhbəri N.S.Xruşşov Böyük Britaniyanın Kraliçası II Yelizavetaya “Zaman” adlı Qarabağ atı hədiyyə etmişdi. Sorağı hər tərəfə yayılan bu atlar elə həmin vaxtdan avropalıların sevimlisinə çevrildi. Məhz bu hadisədən sonra Qarabağ atları bir çox avropalı tədqiqatçıların diqqətini özünə çəkib. Buna baxmayaraq sovet dövründə atçılığa verilən dəyər, münasibət öz aktuallığını itirdi. Atcılıq təsərrüfatları dağıdıldı, baxımsızlıq cins atların kökünün kəsilməsi, ata marağın azalması ilə nəticələndi. XX əsrin sonlarında Ermənistanın ölkəmizə qarşı təcavüzü, Qarabağda azərbaycanlıların kütləvi soyqırımı, yüz minlərlə qaçqın və məcburi köçkün ordusunun yaranması ilə yanaşı, təsərrüfat sisteminə, o cümlədən atçılığa da ağır zərbə vurdu. 1993-cü ildə Ağdam rayonunun işğal edilməsindən sonra Azərbaycanın milli sərvəti olan Qarabağ atları da min illər boyu yaşadıqları mühitdən didərgin salındı, Bərdə rayonu Xamtorpaq ərazisində yerləşdirildi.
Nəhayət, Vətən müharibəsindən sonra , Qarabağ atlarının vətəni Eyvazxanbəyli kəndi də işğaldan azad edildi.
Qapaq şəklində: 2012-ci ilin ən gözəl atı seçilmiş Qarabağ atı.
İç şəkillər: Qarabağ atları; Azərbaycan Atçılıq Federasiyasının sədri, Sərhəd Qoşunlarının komandanı Elçin Quliyev Britaniya kraliçasına Qarabağ atı hədiyyə edərkən.
“Ədəbiyyat və incəsənət”
(30.10.2024)