MƏŞHURLARLA ÜZBƏÜZ – Gülüstan Əliyeva müharibə və zəfər barədə Featured

“Məşhurlarla üzbəüz” rubrikasında bu dəfə “Ədəbiyyat və incəsənət” sizlərə  Azərbaycanın əməkdar artisti, Opera və Balet teatrının və Milli Konservatoriyanın solisti Gülüstan Əliyevanın fikirlərini təqdim edəcək. Fikirlərini ondan Aysel Kərim alıb.

 

Gülüstan Əliyeva 8 aprel 1967-ci ildə Yevlaxda doğulub. Kiçik yaşlarından musiqi ilə məşğuldur. Yevlaxda orta məktəbdə oxuyanda atası onu və bacılarını musiqiyə cəlb etmişdir, Pionerlər evində musiqi ilə məğul olmağa başlamış, musiqi məktəbində bunu davam etdirmişdir. 1982-ci ildə Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə keçirilən Gənc İstedadların Respublika Müsabiqəsində iştirak etmiş və üç turun üçündən də əla qiymət alaraq müsabiqənin qalibi olmuşdur.

Elə həmin ildə Bakı Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə qəbul olmuşdur. Burada Xalq artisti İslam Rzayevin sinfində muğamın sirlərini öyrənmişdir. 1985-ci ildə məktəbi fərqlənmə ilə bitirərək həmin il Üzeyir Hacıbəyli adına Dövlət Konservatoriyasının tarixində ilk dəfə açılan muğam sinfinin ilk tələbəsi olaraq, 1990-cı ildə həmən sinfin ilk məzunu olmuşdur. Müəllimi Xalq artisti, professor Arif Babayevdir. Hələ tələbəlik illərində (1986) Gürcüstanda keçirilən beynəlxalq tələbə gənclər festivalının iştirakçısı və qalibi də olmuşdur.

1992-ci ildə Beylaqan royonu Günəşli qəsəbə inməktəbdə musiqi müəllimi kimi fəaliyyətə başlamışdır. 1993-cü ildə ailə həyatı quraraq yaşadığı Cəbrayıl rayonu  işğal olunduqdan sonra məcburi köçkün kimi Bakiya qəlmişdir. 1994-cü ildə Sabunçu rayonunun 170 saylı orta məktəbdə müəllim kimi işləmişdir. 1994–1995 illərdə eyni zamanda Muğam Teatrında işləmişdir. 1995-ci ildən isə Opera müğənnisi kimi Opera və Balet Teatrında işə başlamışdır və bu günə qədər Opera və Balet Teatrında yüksək dərəcəli solist kimi çalışır.

2003-cü ildən Azərbaycan Milli Konservatoriyanın muğam kafedrasının müəllimi, 2015-ci ildən baş müəllimi, 2017-ci ildən kafedranın dosenti, 2022-ci ildən isə sənətşünaslıq üzrə fəlsəfə doktorudur. Dissertasiyası "Azərbaycan Bəstəkarların opera yaradıcılıqında qadın obrazlarının musiqili drammaturji həlli" adlanır.

Gülüstan Əliyeva konsert fəaliyyəti ilə olduqca ciddi və səmərəli məşğul olur. Müxtəlif televiziya kanallarında xalq və bətəkar mahnılarını, muğamları böyük ustalığla ifa edir. Müğənni həmçinin dövlət konsertlərində, tədbirlərdə də müvəffəqiyyətlə çıxış edərək ona göstərilən etimadı daim doğruldur. 

Azərbaycan Milli musiqisini və muğam sənətini dünyanın bir sıra ölkələrində — Türkiyə, İran, Moldova, Rusiya, Avstriya, İsveç və s. ləyaqətlə təmsil edib. 1997-ci ildə Ulu Öndər Heydər Əliyev rəhbərlik etdiyi Neft Konsorsiumu çərçivəsində keçirilən tədbirdə iştirak edib.

2005-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb. 1 may 2017-ci ildə, 9 may 2018-ci ildəvə 10 may 2019-cu ildəPrezident Mükafatına layiq görülüb.

2021-ci ildə Xarı Bülbül Best Awards mükafatına layıq görülüb. 

Səsi – sopranodur.

 

Gülüstan xanım həm şəhid bacısı, həm də şəhidin həyat yoldaşıdır. Fəaliyyətində müşahidə edilir ki, şəhid və qazi ailələrilə mütəmadi görüşüb, onların dərdinə şərik olur. Ondan ilk olaraq 44 günlük Vətən müharibəsi və şanlı zəfərimiz haqda fikirlərini alırıq.

 

G.Ə:  Düzdür, 44 günlük vətən müharibəsi haqqında çox danışmışıq, yazmışıq, çıxış etmişik. Amma hələ əsrlər, qərinələr boyu bizlər bu haqda nə qədər danışsaq da yenə azdı. Azərbaycan dünya miqyasında kiçik bir ölkədir. Bu otuz illik həsrət, otuz illik işğal xalqımızı qələbə üçün hazırladı. Yəni bu ötən otuz ilin nəticəsi bizə onu göstərdi ki, bu millət heç də öz torpağını unutmayıb. Əksinə, hər gün, hər an, hər dəqiqə torpaqların azad olunması üçün çalışıb, evlərdə bu haqda böyük tərbiyəvi işlər aparılıb.

Nə yalan deyim həmişə fikirləşirdim ki, görəsən, gənclərimiz gedib o torpaqlara çıxa bilərmi? Torpaqlarımızın xilası üçün çalışarlarmı? Hərdən isə daxilimdə ruh düşkünlüyü yaranırdı. Düşünürdüm ki, o torpaqları görməyən gənclər, bilmədikləri yeri necə müdafiə etsinlər? Amma heç demə belə deyilmiş. Fikrim bunun tam əksini göstərdi. Heç vaxt Qarabağı, Şuşanı görməyən, Qarabağın adını sadəcə olaraq eşidən gənclərimiz vətən üçün səfərbər oldular, canlarından keçdilər. Azərbaycana zəfər yaşatdılar. Vətən oğulları dünyaya gəlir ki, düşmənə çəpər olsun, sipər olsun. Müharibə təkcə cəbhədə deyil, bizim hamımızın evində gedirdi. Çünki biz hər anı, hər dəqiqəni səbrsizliklə izləyirdik, gözləyirdik. Çalışırdıq ki, arxa cəbhədə biz də onlara öz gücümüzlə, bacardıqlarımızla dayaq olaq. Amma... (qəhərlənir) Hərdən düşünürəm ki, biz nə qədər onlara həmin anlarda dəstək olsaq da, səngərdə, atəş xəttində bir gecə qalmaq necə dəhşətdirsə, heç bir təsəlli, təskinlik onun qarşılığını verə bilməz. Ona görə də bu haqlı Vətən müharibəmizin qazilərinə ömür boyu borcluyuq, minnətimiz sonsuzdu. Şəhidlərimizin qarşısında baş əyirik. Hələ birinci Qarabağ savaşında igidlərimiz şəhid olanda biz o vaxtdan qürurlu idik, sınmamağa çalışırdıq. Amma bütün bunların qarşılığında torpağımızı itirdiyimiz üçün çox sınıq idik, ölkələr içində utanırdıq. Sənət adamı kimi dünyanın bir çox yerlərində qastrol səfərlərində, iş görüşmələrində, tədbirlərdə iştirak edəndə bir az utanırdım, sıxılırdım. Bilirsiniz, haqlı sözü demək üçün bir məkan, bir məqam, səni eşidə bilən insanlar və dünya  olmalıdır ki, onu deyə biləsən. Bax ölkəmiz bu otuz il məhz bunun üçün çalışdı. Ölkə başçımız cənab İlham Əliyev və ulu öndər vaxtı ilə deyirdi ki,  Qarabağı qaytaracağıq. O vaxtlar bu sözlər xəyal kimi görsənirdi. Amma gördüyümüz kimi Ali baş komandan bütün ideyaları bir-bir həyata keçirdi. Azərbaycan iki yüz, üç yüz ildən çox idi ki, bir qarış torpaq geri qaytara bilməmişdi. Amma prezidentimiz beyin savaşıyla, savadıyla bu qələbəni qazandı. Bizlərə bu xoşbəxt günü göstərdi. Qələbə mənim üçün bu deməkdir.

 

“Ədəbiyyat və incəsənət”

(21.10.2024)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.