İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Söhbət bu yaxınlarda anadan olmasının növbəti ildönümünü (köhnə təqvimlə oktyabrın 15-də) qeyd edəcəyimiz görkəmli yazıcımız, tanınmış içtimai-siyasi xadim, Azərbaycan dilinin dövlət dili olması haqqında qəbul edilmiş qanunun əsas təşəbbüsçüsü – xalqımızın “Böyük dayağı” Mirzə İbrahimovdan gedəcək.
Daha doğrusu, bu böyük insanın bir imzasının tarixi ilə bağlı kiçik xatirəmi sizlə bölüşəcəm.
Mənə də Mirzə İbrahimovu görmək, onu dinləmək və onunla görüşmək nəsib olub. Hadisə institutda oxuyanda, 48 il bundan əvvəl – 27 fevral 1976-ci ildə baş verib. Bu tarix ona görə dəqiq yadımda qalır ki, həmin gün tədbirdən sonra M.İbrahimova imzalatdığım “Pərvizin həyatı” kitabında müəllif öz xətti həmin tarixi qoyub.
Nə isə. Bur az əvvələ qayıdaq. Dekan müavinimiz M.Həkimov bir neçə gün əvvəldən bütün tələbələrə elan etmişdi ki, fevral ayının 27-də M.İbrahimovla görüş keçiriləcəkdir. Bu, digər tələbələr kimi məni də çox sevindirmişdi. Orada çıxış etmək fikrinə düşmüşdüm. Bunu mənə heç kim tapşırmamiş, heç kəs təklif etməmişdi. Öz fikrim idi.Heç çıxış etməyə imkan verilib-veriləməyəcəyini də bilmirdim. Amma çıxışa hazırlaşmağı qəti qərara almışdım. Zatən Mirzə müəllimin həyat və yaradıcılığına, demək olar ki, bələd idim.
M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasındaçıxışa hazırlaşmaq bir-iki gün vaxtımı aldı. Burda təsadüfən M.İbrahimovun 1957-ci ildə keçmiş Azərbaycan SSR Elmlər Akademiyası nəşriyyatında çap olunmuş “Azərbaycan dili” kitabı əlinə düşdü. Kitabda toplanmış məqalələrlə maraqlanarkən “Dil və ədəbiyyat dərslərini nümunəvi təşkil edək”yazısı diqqətimi cəlb etdi. Çıxışımı həmin məqalə üzərində qurmaq qərarına gəldim. Elə də etdim.
Nəhayət, gün gəlib çatdı. Tədbir başladı. Tədbiri filologiya fakültəsinin dekanı, hazırkı latın qrafikalı Azərbaycan əlifbasısının müəllifi, keçmiş SSRİ Pedaqoji Elmlər Akademiyasının akademiki, AMEA-nın həqiqi üzvü, filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi A.Qurbanov açdı.
M.İbrahimovun həyatı, ədəbi-bədii yaradıcılığı, içtimai-siyasi fəaliyyəti, ayrı-ayrı əsərləri barədə bir-birindən maraqlı təqdimatlar edildi. Mən də çıxış üçün müraciət etdim və izin verildi. Əvvəl deyilənləri tərarlamamaq üçün diqqəti yuxarıda adını çəkdiyim məqaləyə yönəltdim. Mirzə müəllimin dil-ədəbiyyat dərsləri və fənn müəllimlərinin əsas vəzifələri barədə fikirlərini tədbir iştirakçılarının diqqətinə çatdırdım.
Sonra maraqlı sual-cavablar oldu. Sonda söz M.İbrahimova verildi. Mirzə müəllim çox parlaq bir çıxış etdi. Gələcəyin dil-ədəbiyyat müəllimlərinə öz dəyərli məsləhətlərini verdi. Dilimizi yüksək səviyyədə tədris etməyi, onun keçikçisi olmağı və saflığını qorumağı tövsiyə etdi. Təvazökarlıq kimi olmasın, arada mənim çıxışıma da toxundu, hətta 1-2 cümlə tərif də söylədi.
Tədbir başa çatandan sonra tələbələr ondan təzəlikdə çap olunmuş “Pərvizin həyatı” kitabını (“Gənclik” nəşriyyatı, Bakı-1975) imzalamağı xahiş etdilər. Mirzə müəllim tələssə də, uşaqların xahişini yerə salmadı. Kitablara imza atmağa başladı. Növbəm çatanda mən də kitabı imzalamaq üçün M.İbrahimova təqdim etdim. O, kitaba imza atıb, tarix qoydu. Zarafatla dedi ki, siz uşaqlara mən yazdığım kimi yox, yaxşı yazmağı öyrədin ha. Və gülümsündü.
Hazırda həmin kitab mənim şəxsi kitabxanamda qorunan ən qiymətli kitablardan biridir. İt-bata düşər deyə evimdən kənarda oxumağa da heç kimə icazə vermirəm. Hər dəfə o kitabı əlimə alanda, həmin imzanı və tarixi görəndə o gözəl günlər və o möhtərəm insan xəyalımda canlanır.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(11.10.2024)