Könül, “Ədəbiyyat və incəsənət”
Bu günlərdə xəbər tutduq ki, Sumqayıt şəhər Gənclər kitabxanasında İmadəddin Nəsiminin 655 illik yubileyi münasibətilə “Cahana sığmayan şair” adlı ədəbi-bədii gecə keçirilib. Gecə barədə ətraflı bilgi almaq üçün kitabxananın böyük mütəxəssisi Rəhilə Bağırovaya müraciət etdik.
Rahilə xanım portalımıza aşağıdakı bilgiləri verdi:
-Bu il Azərbayan ədəbiyyatında özünəməxsus yeri olan dahi şair İmadəddin Nəsiminin 655 illik yubileyi tamam olur.
Gənc nəslin maarifləndirilməsi, vətənpərvərlik ruhunun təbliği məqsədilə Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinə tabeli Sumqayıt şəhər Gənclər kitabxanasında 5 saylı tam orta məktəbin müəllim və şagird heyətinin iştirakı ilə görkəmli Azərbaycan şairi, mütəfəkkiri İmadəddin Nəsiminin 655 illik yubileyi münasibətilə “Cahana sığmayan şair” adlı ədəbi-bədii gecə keçirilib.
Tədbirdəçıxış edən Gənclər kitabxanasının müdir vəzifəsini m.i.e. Leyla Mahmudova şairin həyat və yaradıcılığı haqqınd aətraflı məlumat verərək qeyd edib ki, İmadəddin Nəsimi Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. Sonra şairin həyat və yaradıcılığını özündə əks etdirən “Əbədiyyət üfüqlərində doğan eşq günəşi” adlı sərgidə nümayiş olunan kitabların xülasəsini verib.
Sonra 5 saylı tam orta məktəbin şagirdləri İmadəddin Nəsiminin qəzəllərini, şairin yaradıcılığı, təbiət mövzusu, İmadəddin Nəsiminin Sumqayıtda yerləşən heykəli haqqında məlumatlar səsləndiriblər.
Tədbir ssenari müəllifi İsa Hüseynov, rejissoru Həsən Seyidbəyli olan “Nəsimi” filmindən fraqmentin nümayişi ilə davam edib.
Sonda 5 saylı tam orta məktəbin Azərbaycan dili-ədəbiyyat müəllimi Səidə Səfərova, kitabxana müdiri Şirin Abdullayeva, kitabxanaçı Elnarə Əmirova İmadəddin Nəsimi yaradıcılığının zənginliyindən danışaraq gənc nəslin Nəsimi dühasına müraciət etməsini təqdirəlayiq hesab ediblər. Tədbirin təşkilinə görə kitabxana məməkdaşlarına təşəkkürünü bildiriblər.
Tədbir gənclər kitabxanasının müdiri vəzifəsini m.i.e. Leyla Mahmudovanın Nəsiminin “Hardasan” qəzəlini səsləndirməsi ilə yekunlaşıb.
“Ədəbiyyat və incəsənət”
(08.10.2024)