Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Uzun illər Azərbaycan Yazıçılar Birliyinə üzvlüyü özünə yaxın buraxmayan, Rasim Qaracanın yaratdığı alternativ Azad Yazarlar Ocağına üzv olan Həmid Herisçi nəhayət ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü olub. Özü də, Yazıçılar Birliyinin katibi, Qəbul Komissiyasının sədri Səlim Babullaoğlunun sayəsində.
Portalımızın yazarı, publisit Elman Eldaroğlu olaya belə şərh verir:
“Həmid Herisçi qeyri-adi adamdır. Onu sıradan adi bir adam kimi qəbul etmək düzgün deyil, onun səviyyəsinə qalxmağı bacarmaq lazımdır...
Həmidin AYB-yə gəlişi məni çox sevindirdi. Burada həm mistika var və həm də hamının anlaya biləcəyi məntiq. Mistik tərəfi odur ki, Həmid təkcə hamı kimi Allaha arzu və istəklərini söyləmir, o cümlədən Allahı eşidə, dinləyə bilir. Məntiqi tərəfinə gəldikdə isə AYB-nin üzvü olmaq Həmid bəyin halal haqqıdır...
Yeri gəlmişkən, iki gün öncə Həmid bəyin ad günüydü. Onu təbrik edir, möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayıram.
Necə deyərlər, həm yeni yaşı və həm də AYB-yə üzvülüyü mübarək!”
Bu arada Həmidin AYB-yə keçidinə AYO rəhbəri Rasim Qaracanın reaksiyası belə olub:
“Həmid də "Boz axına" qoşuldu. Əslində Həmidin prinsipsizliyinə deyil, Anarın prinsipiallığına heyrət etdim. Mübarizəni sona qədər apardı”.
Səlim Babullaoğlu özü isə hadisəyə belə şərh verib:
“Həmid Herisçi müstəqillik illəri poeziyamızın, bütövlükdə ədəbiyyatımızın bənzərsiz nümayəndəsidir. I naşirlər forumunda görüşdük, Birliyə üzv olması təklifini verdim. Bu haqda danışdıq, xeyli məsələləri müzakirə elədik. Düşünürəm ki, Həmidin Birliyə üzv olması hökmən ədəbi iş baxımından maraqlı, ciddi və fərqli, ortaq layihələrlə nəticələnək. Birliyin sədri, Xalq yazıçısı Anarla görüşdük, çox maraqlı yaddaqalan söhbət elədik, çox maraqlı fikir mübadiləsi oldu onların arasında həm də.
Yeri gəlmişkən məhz Yazıçılar Birliyinin xətti ilə dəfələrlə xaricdə yeni ədəbiyyatımız müxtəlif dillərə tərcümə edilərək çap olunub. Həmid əksər vaxtlarda bizim hazırladığımız siyahılarda təqdim və təmsil olunub, Anar müəllim həmişə buna təbii və geniş ürəklə yanaşıb. AYB nəşrlərinin qapıları həmişə onun üzünə açıq olub. Deməyim odur ki, Yazıçılar Birliyi milli ədəbiyyatımızı təmsil edən ən mötəbər, ən yaşlı və dövlətin də etbar etdiyi ən təcrübəli qurumdur, bir növ institusional klassikadır. Mənim fikrimcə Həmid də yeni dövrün və yeni ədəbiyyatımızın klassikidir. Odur ki, onun üzvlüyü hətta gecikmiş olsa da təbiidir.”
Biz Həmid Herisçinin bu addımını alqışlayırıq. Düşünürük ki, tanınmış yazarın bu qurumda təmsilçiliyi qarşılıqlı fayda verəcək.
Sözümüz odur ki, AYB-dən hamı nəsə umur. Sovet dönəmlərindəki kimi mənzil, putyovka, kitabının pulsuz çapı, pul mükafatı və s. Və aşağıdan yuxarıdan, kimin nə incikliyi varsa zəhərini AYB-yə tökür.
Amma gəlin unutmayaq ki, ölkənin yüzlərlə ən dəyərli ziyalıları burada təmsil olunurlar. Və ədəbiyyatın əsas inkişaf xətti burada cızılır.
Tənəzzül sevənlər inkişafa niyə sevinsin ki?
İnkişaf sevənlər isə mütləq bu ocağa gələcəklər.
“Ədəbiyyat və incəsənət”
(02.05.2024)