II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırıldı

Martın 3-də “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin (ANAİB) əsas təşkilatçılığı, Mədəniyyət Nazirliyi və Təhsilin İnkişafı Fondunun (TİF) təşkilatçılığı, Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) və “ASAN Könüllülər” Təşkilatının dəstəyi ilə baş tutan II Kitabqurdu Payız Oxu Marafonunun mükafatlandırma mərasimi keçirilib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına ANAİB-dən məlyumat verilib.

 

Görüş “Başkent” restoranında baş tutub. Tədbiri giriş nitqi ilə açan ANAİB-in katibi Nurman Tariq marafonun təşkilindəki məqsəddən danışıb. Bildirib ki, əsas məqsəd yerli yazıçıların təbliği, kitab bazarının dirçəldilməsi və mütaliəyə təşviqdir.

Katib çıxışı zamanı qaliblərə təbriklərini çatdırıb, təşkilatçı və dəstəkçi qurumlara da təşəkkür etməyi unutmayıb.

Münsiflər heyətinin üzvü və marafonun aparıcısı olan “Hədəf Nəşrləri”nin direktoru Nizami Hüseynov çıxışında qeyd edib ki, ötən marafonla müqayisədə bu marafonun sualları xeyli çətin olsa da, finalçılar öhdəsindən layiqincə gəliblər.

Layihənin ideya müəllifi və rəhbəri, eyni zamanda,“XAN Nəşriyyatı”nın direktoru Səbuhi Şahmursoy başda qaliblər olmaqla bütün marafon iştirakçılarını təbrik edib.

Prosesin görünməyən tərəfindən danışan layihə rəhbəri, növbəti marafonla bağlı müjdə də verib.

Marafon müəlliflərindən olan Elçin Əzimli, Kənan Hacı və Elay iştirakçıları təbrik edib, onlara uğurlar diləyiblər.

AGMA sədri Səkinə Həsənli, “ASAN Könüllülər” Təşkilatının sədr müavini Ayşən Camalova da öz növbələrində qalibləri təbrik edib, bu kimi marafon və yarışların təşkilində maraqlı olduqlarını, lazımınca dəstək verəcəklərini bildiriblər.

Çıxışlardan sonra qaliblərə diplom və mükafatlar təqdim olunub:

 

Ülviyyə İsrafilova – I yer – 3000 AZN

Aytən Məmmədova – II yer – 2000 AZN

Kəmalə Tağıyeva – III yer – 1000 AZN

 

Sonda marafon iştirakçıları tərəfindən ən çox bəyənilən “Çağrı” romanının müəllifi Elçin Əzimli xüsusi mükafatla təltif olunub.

 

“Ədəbiyyat və incəsənət”

(07.03.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.