Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
Naxçıvan şəhər 13 nömrəli tam orta məktəbdın növbəti təqdimatımıza başlayırıq. Direktorumuz Canpolad Rüstəmov, şagirdimizsə İnci Qasımzadədir.
DİREKTOR
Naxçıvan şəhər 13 nömrəli tam orta məktəbin direktoru Rüstəmov Canpolad Müseyib oğlu. 27.01.1960 -cı ildə Şahbuz rayonu Kənd Şahbuz kəndində anadan olmuşdur. 1968 -ci ildə Şahbuz kənd orta məktəbinin 1-ci sinifinə qəbul olmuş, 1977 -ci ildə həmin məktəbin 10 -cu sinifin bitirmişdir. 1982 -ci ildə Nax DPİ -nin riyaziyyat və Fizika fakültəsinə qəbul olmuş, 1987 -ci ildə institutu bitirmişdir. 1988 -ci ildə məktəbdən kənar müəssəsədə dərnək rəhbəri işləmişdir. Həmin ildən Kosmik tədqiqqatlar elm istehsal birliyi "Araz" Naxçıvan bölməsində aparıcı mühəndis vəzifəsində çalışmış, 1992 -ci ildən Naxçıvan peşə litseyində tədris işləri üzrə direktor müavini işləmişdir. 2002 -ci ildən Naxçıvan şəhər 15 nömrəli orta məktəbdə təlim -tərbiyə işlər üzrə direktor müavini vəzifəsini daşımış, 2011 -ci ildə Naxçıvan şəhər 13 nömrəli tam orta məktəbinə direktor vəzifəsinə təyin edilmişdir. Hal - hazırda həmin məktəbdə direktorluq fəaliyyətini davam etdirir.
ŞAGİRD
Mən Qasımzadə inci Anar qızı 2008-ci ildə Naxçıvan şəhərində dünyaya göz açmışam. 2014-cü ildə Naxçıvan şəhər Heydər Əliyev adına tam orta məktəbin 1-ci sinfinə daxil olmuşam. Hal-hazırda 13 nömrəli tam orta məktəbin 10-cu sinfində təhsil alıram. Məqsədim Bakı Dövlət Universitetində komputer fakültəsində təhsil almaqdır.
ESSE
“Əshabi Kəhf ziyarətgahı”
Azərbaycanda inanclı insanların pənah apardığı məşhur ziyarətgah coxdur. Onlardan biri də “Əshabi Kəhf” mağarasıdır. “Əshabi Kəhf” təkcə ziyarətgah deyil, həm də Azərbaycanının ən qədim tarixi abidələrindən biridir. Təsadüfü deyil ki, İslamın müqəddəs kitabı “Qurani-Kərim”də də “Əshabi Kəhf” adı çəkilir. Buranı ziyarət etmək üçün heç bir yaş məhdudiyyəti yoxdur. “Əshabi Kəhf” ziyarətgahının dəqiq ziyarət vaxtı da yoxdur. Bura ilin istənilən vaxtında getmək olar. “Əshabi Kəhf”-ə ziyarətə getmək orada qurban kəsmək savab əməl hesab olunur.
“Əshabi Kəhf” mağarasının quruluşu, təbii coğrafi şəraiti buranın ilkin yaşayış məskənlərindən biri olmasını söyləməyə əsas verir. Mağarada daş kitabə də var. Beləliklə, inanclara görə “Əshabi Kəhf” ziyarətgahı daha cox mənəvi təmizlənmə və Allaha yaxınlaşma yeridir. Aşağıdan yuxarıya doğru ziyarət edərək qalxan insan dünyəvi aləmdən ayrılır, sanki rəbbani məqama daxil olur, özünü bağışlanmışlardan sayır.
Bu mağara ilə bağlı maraqlı rəvayətlər də yaranmışdır. Rəvayətlərə görə, Allahdan üz çevirib bütlərə tapınan Dağ Yunis adlı hökmdarın zülmünə dözə bilməyən vəzir Təmirxan bir neçə dostu ilə zülmdən qurtarmaq üçün dağlara sığınmaq istəyi ilə şəhərdən qaçır. Yolda onlara zülmdən cana doyan və ümidini bir olan Allaha bağladığını deyən hökmdarın çobanı da qoşulur. Bu vaxt çobanın iti də qaçanların ardınca gəlir. Lakin onlar itin səs salacağından ehtiyatlanırlar. İti heç bir vasitə ilə qova bilməyən çoban məcbur olub onun əvvəlcə bir, sonra isə digər ayağını sındırır. Bu zaman insan kimi dil açan it də zülmdən qaçdığını bildirir. Mağarada onları dərin yuxu aparır ayılanda anlayırlar ki, üç yüz il yatıblar.
Sonra əllərini Allaha açıb yalvarırlar ki, qeyb olsunlar.
Allah onları eşidir, mağaranın girəcəyində, sol tərəfdə " Yeddi kimsənə" deyilən yerdə onlar qeybə çəkilirlər.
Bu gün Naxçıvan folklorunda "Əshabi-kəhf"lə bağlı atalar sözləri və zərbül məsəllər, bayatılar vardır və bu mağara hələ çoxlarını öz sirri ilə cəzb edəcəkdir.
“Ədəbiyyat və incəsənət”
(17.01.2024)