Mədəniyyət naziri Adil Kərimlinin Çinə səfəri zamanı diqqətimizi çəkən məqamlardan biri də nazirin Çin Milli Kitabxanasına getməsi oldu və kitabxana barədə bilgilər bizi çox maraqlandırdı.
Demək, Çin Milli kitabxanası dünyanın ən böyük və zəngin kitabxanalarından biridir. Əsası 1909-cu ildə qoyulan kitabxana 1916-cı ildən ölkənin bütün kitabxanalarını özündə birləşdirib. 1928-ci ildə “Milli Kitabxana” statusu alıb.
Çoxfunksiyalı elm ocağı olan və üç binada yerləşən Milli Kitabxananın ümumi sahəsi 280 min kvadratmetrdir. Əsas binanın sahəsi 80,5 min kvadratmetrdir və burada eyni vaxtda 8 min oxucuya xidmət göstərmək mümkündür. Ümumilikdə isə Çin Milli Kitabxanasından bir gündə 12 min oxucu istifadə edə bilər. İllik oxucu kontingenti 5,2 milyon nəfərdir.
45 milyon nüsxəyə yaxın kitabın saxlanıldığı kitabxanada həm də dünyanın ən qədim kitab nümunələri yer alır. Burada çap şəklində olan ən qədim kitabın 1600 yaşı var. Ən qədim yazılı nümunə isə tısbağa çanağı və sümük üzərindəki qeydlərdir, onların tarixi 3 min il öncəyə gedib çıxır.
Müasir innovativ vasitələrin geniş tətbiq olunduğu kitabxanada 1300 terabayt həcmində elektron resurs saxlanılır.
“Ədəbiyyat və incəsənət”
(11.09.2023)