Super User
Almaz bilərzik, mirvari boyunbağı, medalyon, saat, üzük…
Xeyrəddin Qocanın satirik hekayəsi
Yazıçı Xeyrəddin Qocanın satirik “Çox bahadır qiyməti” hekayəsi Gülüş Klubunun bugünkü buraxılışında diqqətinizə çatdırılır.
Çox bahadır qiyməti...
(Nəzirə)
Qonşuya qonaq getmişdim, oturub çaydan-zaddan içib, nərddən-zaddan oynayırdıq. Ev sahibinin arvadı gəldi ki, qardaş, Allahdan gizlin deyil, səndən niyə gizlədək, bəs, həftənin axırında qızımıza elçi gələcək, gəl, sən də iştirak elə. Zəhmət çəkmə, hər tədarükümüzü görmüşük, təkcə sənin iştirak eləməyin bizim üçün şərəfdir. Dedim ay bacı, qonşu deyilik, mütləq gələcəyəm. Təki xeyir iş olsun.
Həftə başa çatdı, elçilər gəldilər. Ayrı-ayrı ölkələrin diplomatları kimi oğlan adamları masanın bir tərəfində, biz də o biri tərəfində oturduq. Bir neçə dəqiqə sükutdan sonra oğlan atası dilləndi ki, bəs "sizdə zər var, bizdə zərgər", "sizdə bağ var, bizdə bağban", "sizdə qaş var, bizdə üzük" və sair və ilaxır. Oğlanın anası da dedi ki, sözün kəsəsi, qızınıza elçi gəlmişik, bir "mübarək" deyin, çıxaq gedək, toya hazırlaşaq.
Qonşumuz, yəni qızın atası söz aldı, görək nə dedi:
- Bacı, nə mübarəkbazlıqdır? Bizim də dostumuz var, düşmənimiz var. İlk dəfədir qapımızı açırsınız. Qoyun, bir götür-qoy edək.
Oğlan atası "biz sizi tələsdirmirik, nə istəyirsiniz deyin, biz də işimizi bilək" sözlərini nəzakətlə ifadə etməyə çalışsa da, alınmadı. Bu dəfə qız anası söz aldı:
- Qızı böyüdüb boya-başa çatdıran mənəm. Gərək başlıq verəsiniz.
- Ay bacı, nə başlıq? İndi on yeddinci əsr deyil ki! - Oğlan anası təəccüb etdi.
- Lap iyirmi ikinci əsr olsun, başlıq verməlisiniz, vəssalam!
Qızın atası onların sözünü kəsdi:
- Mən də qızın fundamental atasıyam. Mənim də öz tələblərim var.
Oğlan atası "buyur" deyən kimi, qız atası başladı, nə başladı:
- Sizi çox bərkə salmayacağam. Qonağım çox olacaq. Nə gətirməlisinizsə bir-bir sayım, siz yazın. On beş qoyun, on kisə qənd, iyirmi yeşik araq, on tay düyü, əlli kiloqram yağ, beş yüz adamlıq balıq, otuz kiloqram kürü, 50 kiloqram fındıq, iyirmi kiloqram çay - yaxşısından olsun - turşməzə Göyçay narı, narşərab da öz yerində. Qırx yeşik "Badamlı", ona uyğun "Koka-kola", "Fanta", iyirmi kiloqram pendir, o qədər də qatıq. Daha nə qaldı? Hə, musiqiçilərin də haqqını siz verməlisiniz.
Aldı qızın anası görək, nə dedi:
- Almaz bilərzik, mirvari boyunbağı, medalyon, saat, üzük də bahalısından olmalıdır. Qaldı pal-paltar məsələsi, onlarsız olmaz. İcra başçılarının, prokurorların, polis rəislərinin, nazirlərin arvadları necə geyinirsə, mənim qızım da elə geyinməlidir. Gözəl-göyçək qızdır, kimdən əskikdir?! Şubası, paltosu, plaşı, ayaqqabıları da bir-birindən gözəl olmalıdır. Yadımızdan çıxan xırda-xuruşları da sonra deyərik.
"Elçilər odlandılar: - Qız almırıq, vəssalam.
Çox bahadır qiyməti, biz almırıq, vəssalam".
O gedən getdilər...
“Ədəbiyyat və incəsənət”
(12.05.2023)
Naxçıvan kitab sərgisinin iştirakçılarını bu gün bol təəssüratlı ekskursiyalar gözləyir
13-14 may tarixlərində Naxçıvanda “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi (ANAİB), “Naxçıvan” Universiteti və “Hədəf” Şirkətlər Qrupunun təşkilatçılığı, eləcə də “Sirab” ASC-nin baş sponsorluğu, “Hədəf” kurslarının sponsorluğu ilə Ümumilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ANAİB I Naxçıvan Kitab Sərgisinin keçiriləcəyi ilə bağlı məlumatlısınız.
“Ədəbiyyat və incəsənət” portalının Sərginin Təşkilat Komitəsindən aldığı məlumata görə bu gün Bakıdan gedən qonaqları çox maraqlı ekskursiyalar gözləyir. Onlar Möminə Xatun və Cavid məqbərələrində olacaq, Duz dağına, Əshabi-kəhf ziyarətgahına gedəcəklər.
Sabah saat 11-də isə Naxçıvan Dövlət Universitetində sərginin açılşı olacaq. Açılış mərasimində Naxçıvan Dövlət Universitetinin rektoru Anar Kazımov, ANAİB-in sədri Şəmil Sadiq, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, Azərbaycan Ədəbiyyat Fondunun Baş direktoru Varis Yolçiyev və Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı çıxış edəcəklər.
Xatırladaq ki, sərgidə tanınmış qələm və incəsənət adamları ilə görüş keçiriləcək, oxucular öz sevimli müəllifləri ilə ünsiyyət qura biləcəklər.
Sərgi çərçivəsində tanınmış yazıçılar Elxan Elatlı və Varisin, tanınmış şair Rüstəm Behrudinin, habelə uşaq yazıçısı Zahid Xəlilin imza mərasimləri baş tutacaq. Eyni zamanda E.Elatlı yeni romanı olan “Belçika ovçarka”sını oxucularına təqdim edəcək.
Bundan başqa kitab bayramında təlimçi Orxan Şahbaz “Naxçıvanlılar nə oxuyur?”, təhsil texnoloqu Şəmil Sadiq “Çevrənin hissələri – müəllim, şagird və valideyn”, Təhsil Tələbə Krediti Fondu İdarə Heyətinin sədr müavini Bəhruz Əzimov “Təhsil tələbə krediti nədir?”, dilçi alim Rafiq İsmayılov “Oxuyub anlama – təhsildə metabacarıq kimi” panelləri ilə çıxış edəcəklər. Sərginin qonaqları sırasında qiraətçi Xəzər Süleymanlı da var.
Sərgi çərçivəsində ssenari müəllifi Arif Əliyev, prodüseri Tahir Tahiroviç olan “Əsgərlər unudulanda ölürlər” filminin təqdimatı da nəzərdə tutulur.
Şəkildə: Əshabi-kəhf
“Ədəbiyyat və incəsənət”
(12.05.2023)
Sabah Naxçıvanda böyük kitab bayramı başlayır
Xəbər verdiyimiz kimi, 13-14 may tarixlərində Naxçıvanda “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi (ANAİB), “Naxçıvan” Universiteti və “Hədəf” Şirkətlər Qrupunun təşkilatçılığı, eləcə də “Sirab” ASC-nin baş sponsorluğu, “Hədəf” kurslarının sponsorluğu ilə Ümumilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ANAİB I Naxçıvan Kitab Sərgisi keçiriləcək.
“Ədəbiyyat və incəsənət” portalının Sərginin Təşkilat Komitəsindən aldığı məlumata görə,
sərgidə tanınmış qələm və incəsənət adamları ilə görüş keçiriləcək, oxucular öz sevimli müəllifləri ilə ünsiyyət qura biləcəklər.
Sərgi çərçivəsində tanınmış yazıçılar Elxan Elatlı və Varisin, tanınmış şair Rüstəm Behrudinin, habelə uşaq yazıçısı Zahid Xəlilin imza mərasimləri baş tutacaq. Eyni zamanda E.Elatlı yeni romanı olan “Belçika ovçarka”sını oxucularına təqdim edəcək.
Bundan başqa kitab bayramında təlimçi Orxan Şahbaz “Naxçıvanlılar nə oxuyur?”, təhsil texnoloqu Şəmil Sadiq “Çevrənin hissələri – müəllim, şagird və valideyn”, Təhsil Tələbə Krediti Fondu İdarə Heyətinin sədr müavini Bəhruz Əzimov “Təhsil tələbə krediti nədir?”, dilçi alim Rafiq İsmayılov “Oxuyub anlama – təhsildə metabacarıq kimi” panelləri ilə çıxış edəcəklər. Sərginin qonaqları sırasında qiraətçi Xəzər Süleymanlı da var.
Sərgi çərçivəsində ssenari müəllifi Arif Əliyev, prodüseri Tahir Tahiroviç olan “Əsgərlər unudulanda ölürlər” filminin təqdimatı da nəzərdə tutulur.
Qeyd edək ki, “Naxçıvan” Universitetinin həyətində baş tutacaq sərgi hər gün 10:00-dan 20:00-a qədər davam edəcək.
Əziz naxçıvanlılar, hamınızı sərgiyə dəvət edirik!
“Ədəbiyyat və incəsənət”
(12.05.2023)
Özbəkistanda Ulu Öndər Heydər Əliyevin 100 illiyi möhtəşəm tədbirlərlə qeyd olunub
Daşkənddə Ümummilli Liderin anadan olmasının 100 illiyi ilə bağlı paytaxtdakı Heydər Əliyev park-meydanında Ulu Öndərin abidəsi önündə böyük mərasim keçirilib.
AzərTAC xəbər verir ki, tədbirdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, ölkə Senatı sədrinin birinci müavini Sadık Səfayev, xarici işlər naziri Bəxtiyar Saidov, mədəniyyət və turizm naziri Ozadbek Nazarbekov, Millətlərarası Münasibətlər və Dostluq Əlaqələri Komitəsinin sədri Rüstəm Kurbanov, Özbəkistanda fəaliyyət göstərən səfirlər, elm, mədəniyyət və incəsənət xadimləri, yerli azərbaycanlılar, ictimaiyyət nümayəndələri, jurnalistlər iştirak ediblər.
Əvvəlcə mərasim iştirakçıları Ümummilli Lider Heydər Əliyevin parkdakı abidəsi önünə çoxsaylı əklillər və gül dəstələri qoyaraq, onun xatirəsini ehtiramla anıblar.
Sonra Özbəkistan millətlərarası münasibətlər və xarici ölkələrlə dostluq əlaqələri Komitəsinin sədri Rüstam Kurbanov çıxış edərək, Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı xidmətlərindən danışıb. O qeyd edib ki, Azərbaycan və Özbəkistan arasında ikitərəfli münasibətlərin əsası Ulu Öndər Heydər Əliyev və Özbəkistanın birinci Prezidenti İslam Kərimov tərəfindən qoyulub. Bu gün də bu səmimi dostluq münasibətləri Azərbaycan və Özbəkistanın dövlət başçıları İlham Əliyev və Şavkat Mirziyoyev tərəfindən uğurla davam etdirilir.
Səfir Hüseyn Quliyev 1960-cı illərdən başlayaraq Azərbaycanın siyasi, iqtisadi, sosial və mədəni tərəqqisinin Heydər Əliyevin adı ilə bağlı olduğunu və onun ölkədə təhsil, infrastruktur, həmçinin neft və qaz sənayesinin inkişafına mühüm töhfələr verdiyini vurğulayıb. Səfir, eyni zamanda, Heydər Əliyevin 1993-cü ildə müstəqilliyinin itirilməsi təhlükəsi ilə qarşı-qarşıya qalan Azərbaycanda hakimiyyətə qayıdaraq ölkəni dərin böhrandan xilas etdiyini və dinamik inkişaf yoluna çıxardığını söyləyib. O, bu gün Azərbaycanın qazandığı uğurlarda Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri olduğunu vurğulayıb.
Özbəkistan Yazıçılar İttifaqının sədri, Xalq şairi Siracəddin Səyyid Ulu Öndər Heydər Əliyevin hər zaman Özbəkistanla münasibətlərə xüsusi önəm verdiyini bildirib. O, Ümummilli Liderin Özbəkistana səfərləri, Uluqbəy adına Özbəkistan Milli Universitetinin fəxri doktoru adına layiq görülməsi haqqında söhbət açıb, bu böyük siyasətçinin mədəniyyətə, ədəbiyyata, şeirə, sənətə yüksək qiymət verdiyini diqqətə çatdırıb.
Digər çıxışçılar Mirabad rayonu Məhəllə komitəsinin sədri Mehriban Rəhimova və Özbəkistanda yaşayan azərbaycanlı şair Əli Nəsirli çıxışlarında qeyd ediblər ki, Heydər Əliyev yalnız Azərbaycan xalqı deyil, bütün Türk dünyası üçün nadir şəxsiyyət idi, bu böyük siyasətçinin fövqəladə idarəçilik qabiliyyəti olub. Onlar Heydər Əliyevin Özbəkistanla əlaqələrə daim xüsusi diqqət ayırması, özbək liderlər Şərəf Rəşidov və İslam Kərimovla dostluq münasibətlərini, eyni zamanda, bugünkü gündə dövlətlərimiz arasında münasibətlərin strateji müttəfiqlik səviyyəsinə yüksəlməsində Ulu Öndərin xüsusi xidmətlərini qeyd ediblər.
Sonra Daşkənd şəhərindəki Mərkəzi Fotoqrafiya Evində Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotoşəkillərdən ibarət sərgi açılıb.
Özbəkistan Rəssamlıq Akademiyasının rəhbəri, akademik Akmal Nur sərgini açıq elan edərək, Ulu Öndər Heydər Əliyevin təkcə Azərbaycanda deyil, bütün Türk dünyasında sevildiyini bildirib və onun mədəniyyətə, incəsənətə böyük diqqət verdiyini vurğulayıb.
Komitə sədri Rüstəm Kurbanov və səfir Hüseyn Quliyev Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi kimi çətin və şərəfli işin öhdəsindən uğurla gələn Heydər Əliyevin Azərbaycan xalqının qəlbində əbədi iz qoyduğunu söyləyiblər.
Ümummilli Lider Heydər Əliyevin istər keçmiş sovet dövründə, istərsə də müstəqillik illərində Vətən və xalq qarşısında misilsiz xidmətlərindən danışıblar.
Daşkənd şəhər Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Xasay Abdullayev Ulu Öndər Heydər Əliyevi dünyaşöhrətli siyasi xadim, öz xalqının sadiq oğlu və əvəzsiz şəxsiyyət kimi xarakterizə edib.
Fotosərgidə Ümummilli Lider Heydər Əliyevin həyat və siyasi fəaliyyətinə dair, habelə Heydər Əliyev Fondunun Ulu Öndərin irsinin əbədiləşdirilməsi istiqamətində həyata keçirdiyi layihələrə dair fotoşəkillər öz əksini tapıb.
Sərgi tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
«Ədəbiyyat və incəsənət”
(12.05.2023)
Əlizadə Nuri, “Min göydələn yağışa”
“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında sizləri yenidən sevilən şairimiz Əlizadə Nuri ilə görüşdürürük. Bu dəfə ünlü şair “Min göydələn yağışa” deyəcək.
Min göydələn yığışa…
Niyə qara boyası çox-
Dünya necə əl işidi?
Ürəyim sancır… deyəsən,
Xəbərdarlıq atəşidi.
İndi kimçün darıxasan?
Tərgidirəm darıxmağı.
Adam niyə ölməyə də,
Gözəl yer axtarır axı?
… Can da sənin deyilsə,
Can atmağın da əbəs.
Min göydələn yığışa
Bir göy üzü eləməz.
Səs də sənsən, söz də sən-
Qəsidəsən, ilahi.
Hardan çağırım səni,
Eşidəsən, ilahi?!
“Ədəbiyyat və incəsənət”
(12.05.2023)
“Heydər Əliyev İli” çərçivəsində “Qarabağ” adlı sərgi açılacaq
Mədəniyyət Nazirliyinin və Azərbaycan Dövlət Rəsm Qalereyasının dəstəyi, “Karvan” Art Qrupun təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Qarabağ” adlı sərgi təşkil olunacaq.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, sərgi mayın 17-də Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Mərkəzində (Ünvan: Bakı şəhəri, Rəşid Behbudov küçəsi 3) açılacaq.
Sərginin əsas məqsədi Qarabağ və Şərqi Zəngəzurun Ermənistanın işğalı dövründə ermənilər tərəfindən dağıdılmış maddi və mədəni irsimizi, bu coğrafiyanın təbiət gözəlliklərini, tarix-memarlıq abidələrini və etnoqrafik xüsusiyyətlərini bəşər mədəniyyətinin çox qiymətli inciləri kimi ictimaiyyətin diqqətinə çatdırmaqdır.
Sənətşünas Xanım Rzayevanın kuratorluğu ilə təşkil olunacaq sərginin ekspozisiyasında “Karvan” Art Qrupuna üzv olan 13 rəssamın (Cavid Mammadov (Qrup rəhbəri), Əməkdar rəssam Ülviyyə Həmzəyeva, İntiqam Ağayev, Günel Ravilova, İlqar Tahiri, Məhərrəm Əli, Nigar Familsoy, Vüsalə Şərifova, Aynurə Mustafayeva, Ülvi Yadigarlı, Murad Zevnalov, Hüsevn Kəngərli, Rauf Şamilzadə) əsəri yer alacaq.
“Ədəbiyyat və incəsənət”
(12.05.2023)
Oğlum, sən əsil istedadsan
“Ədəbiyyat və incəsənət” portalı Zahirə Cabirin Ümummilli lider Heydər Əliyevə həsr edilmiş, azyaşlı oxuculara ünvanlanan hekayələrinin dərcini davam edir. Növbəti hekayə ilə tanış olun.
Oğlum, sən əsil istedadsan
Heydər dərsdən sonra klubda təşkil olunmuş təsviri sənət dərnəyinə üzv olmuşdu. Müəllimləri ona evdə rəsm çəkmək üçün tapşırıqlar verərdi. O, təbiət, görüş səhnələri çəkməyi çox sevirdi. Rəngli karandaşlarla rus yazıçısı Lev Tolstoyun portretini, Puşkinin Danteslə görüşünü çəkmişdi. Çəkdiyi şəkillərə baxanda çox sevinər və həmin günü həyatının ən xoş günü hesab edərdi. Bu rəsmlər müəllimin də çox xoşuna gəlmişdi. Rəsmləri çoxaldıqca sevinci birə-beş artırdı. Bir gün Heydərin oxuduğu kollecdə fərdi sərgisini təşkil edirlər. Rəsmlərə baxan yaşıdları, müəllimlər gələcəkdə onun böyük rəssam olacağını söyləyirlər. Heydərin təkcə rəsmə deyil, teatra da böyük həvəsi vardı. Sinif yoldaşları ilə birlikdə Qasımgilin ikimərtəbəli evlərinin zirzəmisində səhnə düzəltmişdilər. Ora pərdələr asıb əsil səhnə abu-havası yaratmışdılar. Təşkil etdiyi teatr klubunda tamaşalardan səhnələr qoyurdu. Hətta teatrda “əldəqayırma” nəfəs alətləri orkestri də vardı. Yayda isə Heydər öz repertuarı ilə dördillik Urud məktəbinin səhnəsində kənd uşaqları üçün teatr tamaşaları göstərirdi. Hazırladığı bu tamaşalara quruluş verməklə yanaşı, həm də özü iştirak edirdi. Çox ciddi repertuarı vardı: Şillerin “Qaçaqlar”ını, M.F.Axundovun “Lənkəran xanının vəziri”ni, S.Vurğunun “Vaqif”ini, M.İbrahimovun “Həyat”ını tamaşaya qoymuşdu. Bir dəfə Heydər Qacar rolunu səhnədə oynayırdı. Rola elə girmişdi ki, yəni, yüksək hiss-həyəcanla, böyük emosiya ilə danışırdı. Sən demə, Lətif müəllim qıraqdan dayanıb ona baxırmış. Məşq bitəndə müəllim Heydəri yanına çağırıb, əlini kürəyinə qoyub fərəhlə dedi: Oğlum, afərin sənə. Sən əsil istedadsan.
“Ədəbiyyat və incəsənət”
(15.05.2023)
Praqada Ümummilli Liderin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib
Mayın 11–də Praqa şəhərinin mərkəzində yerləşən “Lutserna” sarayında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş təntənəli konsert keçirilib.
“Çex-Azərbaycan Birliyi” təşkilatının layihəsi əsasında, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilən tədbirdə Praqa Film Orkestri də yaxından iştirak edib.
AzərTAC xəbər verir ki, 400 nəfərlik konsert zalına Çex Respublikası ictimaiyyəti, Azərbaycan icmasının üzvləri və bizə dost olan icma və təşkilatların nümayəndələri toplanıb.
Konsertin təşkilatçısı olan “Çex-Azərbaycan Birliyi”nin sədri Eldar Vəliyev bildirib ki, bu il eyni zamanda Çexiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin 30 illiyi qeyd olunur. Bu əlaqələrin yaranmasında isə Heydər Əliyev böyük rol oynamışdır. Burada bu gün belə bir tədbirin keçirilməsi hər mənada ibrətamiz haldır. Yəni, yaxşı işlər unudulmur və indi iki yubileyi eyni zamanda qeyd edə bilirik.
Sonra çıxış edən Praqa Film Orkestrin təmsilçisi Mixaela Ştrausova xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müstəqil dövlətimizin güclənməsi və inkişafı naminə göstərdiyi misilsiz və əvəzsiz xidmətlərini auditoriyanın diqqətinə çatdırıb.
Çıxışçıların ardınca Praqa Film Orkestri və Slovakiyadan dəvət olunmuş məşhur violonçel ifaçısı Jan Pospişilin Çex və dünya bəstəkarlarının əsərlərini səsləndiriblər.
Konsert tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.
“Ədəbiyyat və incəsənət”
(12.05.2023)
“Darıxma, xanım” - Səhər Xiyavidən
“Ədəbiyyat və incəsənət” portalının “Güneydən gələn səslər” rubrikasından seçmə şeirlərin dərcində bu dəfə Səhər Xiyavinin şeirləri ilə tanış olacaqsınız. Rubrikanı Portalımızın Güney təmsilçisi Əli Çağla aparır.
Səhər Xiyavi.
Sonralar ədəbi çevrədə Səhər Xiyavi adı ilə tanınan Nəcibə Rüstəmoğlu Xiyavi 1967-ci ildə Xiyav şəhərində dünyaya göz açıbdır. İndi isə orta məktəb müəllimidir. 1996-ci ildən ədəbiyyat sahəsində çalışmağa başlayıbdır.
Səhərin iki kitabı Güney Azərbaycanda çap olunubdur. Onlar, “Qadın danışır" və "Ağrılarım özgə deyil" adındadırlar.
Səhər xanım, Azərbaycanın tanınmış yazarı Afaq Məsudun "Fatma" adlı kitabının ərəb əlifbasına köçürəni olubdur. Bu kitablar hazırda Təbrizdə satışdadırlar.
DARIXMA XANIM
Qadın oturmuşdu ayna önündə,
Özündən getmişdi, özündə dalğın.
Keçmiş xatirələr keçir önündən
Mat qalıb özünə, üzündə dalğın.
Əl çəkib üzünün cizgilərinə,
Ah çəkib içindən şivən qopardı.
Xəyalı bir ləhzə, bir an içində,
Gəlinlik, gənclik çağa apardı.
Kremlə gizlətdi cizgilərini,
Dodağa nar rəngi matiki yaxdı.
Gözünün altına çəkib midadı,
Birazca sevincək üzünə baxdı.
Nə vaxtdan süzürdü qadını, əri,
Xanımın düşünüb gəldi arxaya.
Dedi: "Boş ver, xanım, bu şey-şüyləri,
Bunlarsız bənzirsən canımçün, aya.
Yaşayış yolunun çal-çuxurunda,
Ağaran saçının olum qurbanı.
Üzündə cizginin qadasın alım,
Səni bəyənmişəm hər halda yəni.
Üzülmə, darıxma, ömür ilində,
Hər anın, hər fəslin gözəlliyi var.
Xınalı payız da gözəldir gülüm,
Payızın başqa bir özəlliyi var.
Darıxma, darıxma, ana köksünü,
Hazırla körpəcik nəvəli çağa.
Gülümsə, gülümsə bütün ömrünü,
Bircə gülüşünə verim sadağa.
Anamsan, bacımsan, həm də yoldaşım,
Bütüncə həyatım üzünə qurban.
Gözündən başlandı ömür təqvimim,
Ağlama, yaşarma, gözünə qurban."
Sarıldı boynuna, aldı qadını,
Kişi qollarının çərçivəsinə.
Qadının qəlbinə dinclik gəldi,
Başını dayadı sol sinəsinə...
Tapbatap vururdu ikicə ürək,
Dodaqlar qovuşmaq üçün yanırdı.
Nağılın sonunda çəkildi pərdə,
Ulduz yaşmaq çəkib ay utanırdı.
“Ədəbiyyat və incəsənət”
(12.05.2023)
Nizami Kino Mərkəzinin sabiq direktoruna yüksək vəzifə verildi
Nizami Kino Mərkəzinin keçmiş direktoru Leyli Mirzəyevanın yeni iş yeri məlum olub.
APA-nın əldə etdiyi məlumata görə, Leyli Mirzəyeva Səbail Rayonu İcra Hakimiyyətində (RİH) İctimai, siyasi və humanitar məsələlər şöbəsinin müdiri təyin olunub.
Xatırladaq ki, Leyli Mirzəyeva bir neçə gün öncə Nizami Kino Mərkəzinin direktoru vəzifəsindən öz ərizəsi ilə çıxıb.
O, bu vəzifədə 2016-cı ildən çalışırdı.
“Ədəbiyyat və incəsənət”
(12.05.2023)