Qazaxıstanda türk mədəni zəmininin inkişafı üçün yeni addım atıldı Featured

Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”

 

Qazaxıstanda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Beynəlxalq Təhsil Korporasiyası (QazAMMA) arasında təhsil, elm və mədəniyyət sahəsində strateji tərəfdaşlığın başlanğıcı olacaq Əməkdaşlıq Memorandumu imzalandı. Bu, türk mədəni zəmininin inkişafı üçün yeni addım olacaq.

 

Sənəd Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova və Beynəlxalq Təhsil Korporasiyasının rektoru Marqarita İmandosova tərəfindən imzalanıb. Sənəd, Türk dünyasında beynəlxalq dialoqun möhkəmləndirilməsi, akademik və mədəni əlaqələrin genişləndirilməsi yolunda həqiqətən də mühüm addım hesab edilir.

Tədbirin əsas hissəsi  Beynəlxalq Təhsil Korporasiyasının (QazAMMA) Memarlıq fakültəsinin bazasında Türk Mədəniyyəti və İrsi Mərkəzinin təntənəli açılışı oldu. Fondun himayəsi altında yaradılan Mərkəz Türk xalqlarının əsrlərlə formalaşmış zəngin mədəni irsinin hərtərəfli öyrənilməsi, təbliği və qorunması baxımından unikal bir platforma olacaq. Burada təhsilə aid təşəbbüslər, tədqiqat proqramları, beynəlxalq layihələr və mədəni-maarifləndirici tədbirlər həyata keçiriləcək.

Qeyd edim ki, bu Mərkəz Qazaxıstan Respublikasında açılan ikinci belə mərkəzi olmaqla yanaşı Türk sivilizasiyasının mənəvi və maddi irsinə artan marağın, eləcə də bu prosesdə Qazaxıstanın rolunun durmadan artmasının göstəricisidir.

Açılış mərasimində çıxış edən Fondun prezidenti xanım Aktotı Raimkulova bildirdi ki, regionun aparıcı memarlıq və inşaat ali təhsil müəssisəsi olan Beynəlxalq Təhsil Korporasiyası, memarlıq, urbanistika və dizayn kontekstində Türk mədəniyyətinin dəyərlərinin təbliğində böyük potensiala malikdir.

“Öncəlikli əhəmiyyət verdiyimiz sahələrdən biri də restavrasiya, rekonstruksiya və muzeyləşdirmə üzrə birgə təşəbbüslərdir”, – deyə o vurğuladı. – “Bu addımlar Türk Dünyasının maddi irsinin bərpası və qorunması üçün geniş imkanlar açır, həmçinin tarixi yaddaşın, mədəni kimliyin və nəsillərarası dialoqun möhkəmləndirilməsinə xidmət edir.”

Eyni zamanda Fondun prezidenti Aktotı Raimkulova Memarlıq fakültəsinin tələbələri üçün ustad dərsi keçirərək, mədəni irsin qorunmasına dair aktual yanaşmaları onlarla bölüşdü və Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən həyata keçirilən əsas iş və layihələri təqdim etdi. Tələbələr Fondun fəaliyyəti, onun beynəlxalq proqramları, tədqiqat layihələri və mədəni startaplarda iştirak imkanlarına olan maraqlarını böyük həvəslə ifadə etdilər.

Türk Mədəniyyəti və İrsi Fondu Türk xalqlarının mədəni potensialının üzə çıxarılması və ölkələr və xalqlar arasında davamlı humanitar körpülərin qurulmasına yönəlmiş genişmiqyaslı layihələri həyata keçirməyə bundan sonra da davam edəcək.

Elə cari ildə həyata keçiriləcək tədbirlər siyahısı bunu söyləməyə əsas verir.

 

“Ədəbiyyat və incəsənət”

(10.04.2025)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.