Bilirdik ki, o gün gələcək! - BİR TÜRKİYƏ-AZƏRBAYCAN SEVDASI Featured

Gülnarə Cəmaləddin, “Ədəbiyyat və incəsənət” üçün

 

Uzun illər öncə  hamımızın ruhunda bir nağıl, könlündə isə  bir həsrət vardı. O nağılda, o həsrətdə Türkiyə üçün burnumuzun ucu tütərdi. 

Türkiyənin adını ancaq nənələrimizin, analarımızın yanğılı bayatılarından bilərdik, ayrılıq kimi tanıyardıq. Ayrılıq sərhədlərinin dirəkləri könlümüzə sancılardı, saplanardı. 

 

Bizdən əvvəlkilər kimi o həsrətində olduqlarımıza qovuşmadan köçəcəyimizə özümüzü korun- korun alışdırmağa çalışardıq.

Amma sonuncu ölən ümidlər olur həmişə. Sovet hökuməti dağıldıqdan sonra dünyada baş verən proseslər ruhumuzun ən qaranlıq nöqtəsində bir işıq yandırdı. O işığa doğru yüyürdük qaranəfəs və xəyalımızda vurub keçdiyimiz o sərhədləri adlamaq arzumuzun gerçəkləşəcəyi anın yaxında olacağını duyduq.

Və nəhayət ki, arzularımız çin oldu. Bir- birimizi tanımağa, anlamağa çalışdıq. Bir güzgünün eyni üzləri olduğumuzu bir daha anladıq.

Türkiyədə yayımlanan  Kanal-  2000 televiziyasının  "Damla- damla şiir" proqramının aparıcısı, gözəl şairə Müberra Gönen vasitəsilə quruldu ilk əlaqələrimiz. Əvvəlcə Mersin Şairler Yazarlar dənəyinin yönətim qurucusu gözəl şair, yazar Çinar Arıkan bəylə tanış olduq. Sonra  MAKİ dərgisinin təsisçisi, istedadlı şair Mustafa Doğanı tanıdıq. Elə ilk görüşdən söhbətlərimiz o qədər dərin, xoş və səmimi oldu ki... Elə bildik, min illərdi eyni yolun yolçularıyıq. Birlikdə layihələr həyata keçirməyi düşündük, planlaşdırdıq. Həyata keçirdik. 

Onlar Azərbaycanlı şair və yazıçıların əsərlərini MAKİ dərgisində mütəmadi dərc etdilər. Birlikdə "Şeir rüzgarları" layihəsini işlədik. “Müsafir Kalemler" başlığıyla Azərbaycanlı şairlərin yaradıcılığı üçün "Anamursedr" saytında yer ayırdılar. Mersinli şair və yazıçıların şeirlərini facebook səhifəmizdə yayımladıq. Beləliklə eyni can, eyni qan, eyni dil, eyni din və bir- birinə mənəvi köklərlə bağlı olan, 70 il bir- birinə uzalı qalan  əlləri, şeir qoxan ürəkləri  qovuşdurduq...

Nə gözəl sevdadı Yurd sevdası, Vətən sevdası, məmləkət sevdası. Ən gözəl şeirlər ağrıdan boy verib bəslənər. Hər millətin  öz ruhu, hər torpağın öz qoxusu var. Doğmaların uzun sürən həsrətdən, ayrılıqdan sonra görüşü könülləri qəribə sevincə büküb, gözləri göz yaşlarıyla yandırar.

Çinar bəyin "Sarı çiçəyə həsrət" hekayəsini və eyni dərdin ayrı şəkli olan "Aybalam, Aybikəm, Sarıçiçəyim" şeirini oxuyanda könül tellərim qırıq- qırıq olmuşdu, gözümdən leysan- leysan yaş tökülmüşdü. Mustafa bəyin "Asiya" şeiri mənə çox incə məqamları, mətləbləri pıçıldamışdı. Xəyallarımızın bizdən öncə qovuşduğu yerlərə yenidən götürmüşdü məni, sila həsrətinin hüssam məqamıyla yandırmışdı ayrılıqdan şan- şan olan könlümü.

Allah sənə insaf versin, fələk. Bir millətə bu qədər zülümmü yazarlar, bir milləti bu qədər darmadağın edib könlünü xərabəyə çevirərlər?!

Amma yazan fələksə bizə çəkmək, daşımaq, bir də yaşamaq düşər. Azərbaycanın taleyinə 30 illik savaş- Qarabağ savaşı  düşdü. İnsanlar öz dədə- baba torpaqlarından, yurd- yuvalarından didərgin düşdü. Qaçqın düşən körpələr böyüyüb ər oldular, igid oldular... Qardaş çətin gündə qardaşın yanında olub, çiyin - çiyinə söykənib, qorxma qardaş, arxanda mən varam,- deyəndi. Bu savaşda bizimlə eyni ağrını, eyni sevinci paylaşan da, həsrət qollarıyla bizə sarılıb, göz yaşımızı silən də qardaşlarımız oldu. Hər dəqiqə, hər saniyə 44 günlük savaşın həyəcanını bizimlə daşıyıb, qələbə sevincini yaşayan da qardaşlarımız oldu.

“Vətən deyən oğullar" adlı  layihə işlədik "Turan" ədəbi məclisinin həmsədri yazıçı- publisist Mənsurə xanım Xələfbəylinin rəhbərliyi və yazıçı ,şair, tərcüməçi Çinar Arıkanın dəstəyi ilə. Məqsəd Azərbaycan torpaqlarının bütövlüyü uğrunda canını fəda edən oğullarımızı qardaşlarımıza yaxından tanıtmaq və yaşatmaq idi.

MAKİnin sayəsində Azərbaycanlı şairlər Türkiyədə yazıb- yaradan  qələm qardaşlarını, Türkiyədə yaşayan qələm qardaşlarımız isə Azərbaycanda yazıb- yaradan qələm qardaşlarını tanıdı. Bu birliyi, bu qardaşlığı daha möhkəmləndirən, bağların daha dərin olmasına vəsilə olan MAKİ dərgisinin bu il 25, MEYŞADın isə 30 illik yubileyi  tamam olur. MAKİnin yükü ağır, yolu çətin, işi şərəflidir. Bu dirilik, bu birlik yolumuz əbədi olsun, can qardaşımız, qan qardaşlarımız!

MAKİnin bütün yaradıcı kollektivinə başda MUSTAFA DOĞAN bəy və ÇİNAR ARIKAN bəy olmaqla bu işdə və bu yolda  uğurlar, uğurlar və yenə də uğurlar arzulayırıq.

 

“Ədəbiyyat və incəsənət”

(19.03.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.