TMİF təqdim edir - Bir xülya adamı: Ahmet Hamdi Tanpınar Featured

 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun “Ədəbiyyat və incəsənət” portalı ilə birgə təqdim etdiyi Türk mədəniyyətinin ünlüləri layihəsində bu gün sizləri məşhur Türkiyə yazarı Ahmet Hamdi Tanpınar barədə bilgiləndirəcəyik.

 

 

 

Enver Aykol, “Ədəbiyyat və incəsənət” portalının Türkiyə təmsilçisi

 

 

 

Türk ədəbiyyatı Tanzimat dövründən etibarən köklü bir dəyişiklik prosesinə girmiş, Şərq və Qərb mədəniyyətləri arasında yeni bir kimlik axtarışına yönəlmişdir. Ahmet Hamdi Tanpınar bu axtarışı həm nəzəri cəhətdən təhlil edən, həm də əsərlərində estetik bir səviyyədə işləyən ən mühüm yazıçılardan biridir. Roman, şeir, hekayə və esse kimi fərqli janrlarda yazdığı əsərlərlə fərdin daxili dünyasını, zaman anlayışını və sivilizasiya dəyişikliyinin yaratdığı çatışmaları araşdırarkən, ədəbi üslubunda güclü tarixi və mədəni dərinlik qurmuşdur. Tanpınar, eyni zamanda ədəbiyyat tarixçiliyi kimliyi ilə də Cümhuriyyət dövrü Türk ədəbiyyatının qurucu adlarından biri olmuşdur. Onun ədəbiyyat üzərinə inkişaf etdirdiyi fikirlər və əsərləri bu gün də müasir ədəbiyyat nəzəriyyələri çərçivəsində təhlil edilir və akademik müzakirələrə mövzu olur.

 

 

 

23 iyun 1901-ci ildə İstanbulun Şehzadebaşı məhəlləsində dünyaya gələn Tanpınar, köklü bir ailəyə mənsub idi. Atası Hüseyn Fikri Əfəndi Osmanlı imperiyasının müxtəlif bölgələrində qazılıq etmişdir. Anası Nəsimə Bahriyyə Xanım isə Trabzonlu Qansızzadələr ailəsindəndir. Tanpınarın uşaqlığı atasının vəzifəsi səbəbindən tez-tez şəhər dəyişməklə keçmişdir. Bu vəziyyət onun təhsil həyatına da təsir etmişdir. Ergani, Sinop, Siirt, Kərkük və Antalya kimi fərqli şəhərlərdə təhsil alan Tanpınar bu müddət ərzində oxumağa olan həvəsini inkişaf etdirmişdir. Xüsusilə Kərkükdə keçirdiyi illərdə tarix kitabları, klassik mətnlər və fransız dilinə olan marağı onun ədəbi şəxsiyyətinin təməlini qoymuşdur. Bu dövrdə oxuduğu əsərlər arasında “Qisas-əl-Ənbiya”, “Cəzmi”, “Cəlaləddin Xarəzmşah” kimi əsərlər, Servet-i Fünun jurnalı və tərcümə romanlar da var idi. Fransız dili öyrənməyə başlaması onun Qərb ədəbiyyatına marağını artırmış və bu maraq həyatı boyunca davam etmişdir.

 

Tanpınar 15 yaşında ikən anasını itirmişdir. Bu itki onun həm şəxsiyyətində, həm də yaradıcılığında dərin izlər buraxmışdır. Bu hadisə ölüm və əzab mövzularının əsərlərində tez-tez işlənməsinə səbəb olmuşdur. Antalyada lisey təhsilini başa vurduqdan sonra İstanbula qayıdan Tanpınar əvvəlcə Halkalı Baytarlıq Məktəbinə, sonra isə Darülfünuna daxil olmuşdur. Burada Yahya Kamal, Mehmed Fuad Köprülü, Cənab Şahabəddin kimi mühüm şəxsiyyətlərdən dərs almışdır. Yahya Kamalın təsiri ilə ədəbiyyata yönələn Tanpınar Dərgah jurnalının qurulmasında iştirak etmiş və ilk şeirlərini burada nəşr etdirmişdir. Bu dövrdə Qərb ədəbiyyatını, xüsusilə Fransız simvolist şairlərini kəşf etmişdir. Baudelaire, Verlaine, Mallarmé kimi adlar onun estetik anlayışını formalaşdırmışdır. Eyni zamanda Goethe, Dostoyevski, Edgar Allan Poe kimi yazıçılarla da ədəbi dünyagörüşünü genişləndirmişdir.

 

Tanpınar 1923-cü ildə Darülfünunu bitirdikdən sonra Ərzurum Liseyində müəllimlik etməyə başlamışdır. Daha sonra Konya, Ankara və İstanbulda müxtəlif liseylərdə ədəbiyyat müəllimi olaraq çalışmışdır. 1939-cu ildə İstanbul Universiteti Ədəbiyyat Fakültəsində Yeni Türk Ədəbiyyatı kafedrasına professor kimi təyin edilmişdir. Bu vəzifəsi zamanı Tanzimat dövründən sonrakı Türk ədəbiyyatı tarixini yazmaqla vəzifələndirilmişdir. 1949-cu ildə nəşr etdiyi “XIX əsr Türk Ədəbiyyatı Tarixi” adlı əsəri bu sahədə şah əsər kimi tanınıb. Bu əsər yalnızca bir ədəbiyyat tarixi deyil, eyni zamanda bir mədəniyyət və sivilizasiya tarixi xüsusiyyəti daşıyır.

 

Tanpınarın ədəbi şəxsiyyəti şeir, roman, hekayə, esse və ədəbiyyat tarixi kimi fərqli janrlarda verdiyi əsərlərlə formalaşmışdır. Şeirdə mükəmməllik axtarışı onun az, lakin seçilmiş şeirlər yazmasına səbəb olmuşdur. Şeirlərində Ahmet Haşim, Yahya Kamal və Fransız simvolistlərinin təsiri hiss olunur. Roman və hekayələrində isə fərdin daxili dünyası, zaman, yuxu, musiqi və Şərq-Qərb toqquşması kimi mövzular ön plana çıxır. “Huzur”, “Saatları Qurma İnstitutu”, “Mahur Bəstə” kimi romanları Türk ədəbiyyatının klassikləri arasına daxil olmuşdur.

 

Tanpınarın “Huzur” romanı, II Dünya Müharibəsinin astanasında İstanbulda keçir və Mümtaz, Nuran, Suat və İhsan kimi obrazlar vasitəsilə fərdi və ictimai narahatlıqları araşdırır. Roman, modernləşmə prosesində yaşanan kimlik böhranlarını, keçmişlə hesablaşmanı və sivilizasiya dəyişikliyinin insan üzərindəki təsirlərini işləyir. Tanpınar, “Saatları Qurma İnstitutu” əsərində zamanı və saatı metafor kimi istifadə edərək təkcə fərdi yox, eyni zamanda ictimai və siyasi düzəni də tənqid edir. Lakin burada ironiyanın sadəcə bir yumor elementi olmadığı, eyni zamanda bir varlıq sorğulamasına çevrildiyi görünür. Hayri İrdalın öz kimliyini tapa bilməməsi, keçmişin və cəmiyyətin ona yüklədiyi rollar arasında sıxışıb qalması, fərdin modernləşmə prosesində yaşadığı yadlaşmanın bir əksidir. “Saatları Qurma İnstitutu” yalnız korlanmış bürokratiyanı deyil, insanın daxili dünyasındakı parçalanmanı da əks etdirir. Burada ironiya sadəcə tənqidin bir vasitəsi deyil. Eyni zamanda, cəmiyyətin özünü aldatdığını göstərən bir güzgüyə çevrilir.

 

“Əgər yaşamaq sözünün mənası hər şeydən məhrum olmaq və iztirab çəkməkdirsə, hər an kiçilmək və bunu nəfsində hiss etməkdirsə, heç cür aşa bilməyəcəyi bir çərçivənin içində dayanmadan çırpınmaqdırsa, şübhəsiz ki, mən də, mənimkilər də ən dərin şəkildə yaşayırdıq.” (Saatleri Ayarlama Enstitüsü, s. 12)

 

Tanpınarın ədəbi portreti təkcə bir yazıçı kimi deyil, eyni zamanda bir düşüncə adamı və estetikçi kimi də qarşımıza çıxır. Əsərlərində Bergsonun zaman fəlsəfəsi, Freudun psixoanaliz nəzəriyyələri və Bachelardın təxəyyül dünyası kimi fəlsəfi və psixoloji ünsürlərə tez-tez rast gəlinir. Şərqlə Qərb arasında bir körpü qurmaq cəhdi onun əsərlərinin əsas mövzusudur. Tanzimat dövründən bəri davam edən sivilizasiya böhranını fərdin daxili dünyasından yola çıxaraq işləyir. Romanlarında İstanbul həm bir məkan, həm də bir personaj kimi önə çıxır. Şəhərin tarixi toxuması, mədəni irsi və modernləşmə prosesindəki dəyişiklikləri Tanpınarın əsərlərində dərin bir estetik həssaslıqla işlənir.

 

Tanpınar öz şeirlərində heca vəznindən istifadə etməklə yanaşı, aruzun melodik quruluşunu tutmağa çalışdığını qeyd edir. Misralarında açıq və qapalı hecaların ahəngli düzülüşü bu axtarışın izlərini daşıyır. Şeirlərində musiqilik, yuxu, zaman və sonsuzluq mövzuları mərkəzə alınır; təbiət, işıq, eşq və ölüm kimi motivlər bu mövzular ətrafında formalaşır. "Dildə yuxu vəziyyəti qurmaq" kimi təyin etdiyi şeir anlayışı onu Yahya Kamaldan çox Əhməd Haşimə yaxınlaşdırır. Xüsusilə erkən dövr əsərlərində Haşimin təsirləri hiss olunur. Tanpınara görə şeir, söz seçimində diqqətlilik, səs uyğunluğu və hiss-fikir dərinliyi ilə mükəmməlliyə çatmalıdır. 1930-cu illərdə heca və qafiyənin lazımsızlığını müdafiə edən cərəyana qarşı çıxaraq, bu elementlərin şeirin intizamını və "mükəmməllik qığılcımını" ortaya çıxaran bir mübarizə olduğunu vurğulayır. Onun üçün forma, dil və məzmun tamlığı şeirin əsasını təşkil edir.

 

Tanpınarın sənət anlayışı musiqi, rəsm və memarlıq kimi digər sənət sahələri ilə də iç-içədir. Əsərlərində musiqi, xüsusilə klassik Türk musiqisi, mühüm bir estetik ünsürdür. “Mahur Bəstə” romanında olduğu kimi musiqi məqamları və bəstələr, qəhrəmanların daxili dünyalarını əks etdirir. Rəsm və memarlığa olan marağı onun estetik duyarlılığını qidalandırmışdır. İncəsənət Akademiyasında verdiyi dərslər onun sənət tarixi və estetika mövzusundakı biliklərini dərinləşdirmişdir. Bu dövrdə Bedri Rahmi Eyyuboğlu, Nuri İyem, Səlim Turan kimi məşhur sənətkarların müəllimi idi.

 

Tanpınarın ədəbi şəxsiyyəti yalnız Türk ədəbiyyatı ilə məhdudlaşmır. Onun Qərb ədəbiyyatına olan dərindən bələdliyi əsərlərini universal bir səviyyəyə qaldırır. Fransız simvolist şairlərindən Paul Valéry, Charles Baudelaire və Stéphane Mallarmé ilə yanaşı, Marcel Proust, Dostoyevski və Edgar Allan Poe kimi yazıçılar da onun estetik dünyagörüşünü formalaşdırmışdır. Tanpınar bu yazıçıların əsərlərini təkcə oxumaqla kifayətlənməmiş, eyni zamanda onların fəlsəfi və psixoloji təhlillərindən də təsirlənmişdir. Xüsusilə zaman, yuxu və bilinçaltı kimi mövzulara hekayələrində tez-tez yer vermişdir.

 

24 yanvar 1962-ci ildə ürək tutması səbəbilə vəfat edən Tanpınar, Rumeli Hisarında dostu və müəllimi Yahya Kamalın yanına dəfn edilmişdir. Onun ölümündən sonra nəşr olunan gündəlikləri, məktubları və tamamlanmamış əsərləri ədəbi şəxsiyyəti haqqında bir çox mövzunu aydınlaşdırmışdır. Tanpınar yalnız bir yazıçı deyil, eyni zamanda bir fikir adamı kimi də qəbul edilir. O, Türk ədəbiyyatının klassiki olmağın fövqündə, eyni zamanda universal bir sənətkar kimi bütün dünyada anılmağa layiqdir.

 

 

 

Biblioqrafiya

 

Zeynep Kerman, “Ahmet Hamdi Tanpınar’ın Edebiyat Tarihi Hakkında Bazı Görüşler”, Doğumunun 100. Yılında Ahmet Hamdi Tanpınar, Haz. Sema Uğurcan, İstanbul: Kitabevi Yayınları, 2003.

 

Orhan Okay, Ahmet Hamdi Tanpınar İstanbul: Şule Yayınları, 2000.

 

Ahmet Hamdi Tanpınar,  XIX. Asır Türk Edebiyatı Tarihi, İstanbul: Dergâh Yayınları, 2012.

 

Ahmet Hamdi Tanpınar, Edebiyat Üzerine Makaleler, İstanbul: Dergâh Yayınları, 2024.

 

Ahmet Hamdi Tanpınar, Günlüklerin Işığında Tanpınar’la Baş Başa, Haz. İnci Enginün, Zeynep Kerman, İstanbul: Dergâh Yayınları, 2013.

 

Mehmet Samsakçı, Tanpınar’ın Eşiğinde: Ahmet Hamdi Tanpınar ve Eserleri Üzerine Düşünceler, İstanbul: Bilge Kültür Sanat, 2023.

 

İbrahim Şahin, Ahmet Hamdi Tanpınar: Haz ve Günah, İstanbul: Kapı Yayınları, 2012.

 

M. Orhan Okay, “Tanpınar, Ahmet Hamdi", TDV İslâm Ansiklopedisi, https://islamansiklopedisi.org.tr/tanpinar-ahmet-hamdi (E.T: 31.01.2025).

 

Yunus Balcı, “Ahmet Hamdi Tanpınar”, Türk Edebiyatı Eserler Sözlüğü, https://teis.yesevi.edu.tr/madde-detay/ahmet-hamdi-tanpinar (E.T: 20.01.2025).

 

 

 

“Ədəbiyyat və incəsənət”

 

(04.02.2025)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.