Joldubek Kackynbaev, “Ədəbiyyat və incəsənət” portalının Qırğızıstan təmsilçisi
Qırğızıstanın paytaxtı Bişkekdə milli ədəbiyyatın imicini yüksəltmək məqsədi daşıyan ədəbi forum keçirilib. Tədbiri qırğız yazıçısı, publisist Oljobay Şakir təşkil edib.
Tədbirdə yazıçılar, tarixçilər, ictimai-siyasi xadimlər, nəşriyyatların nümayəndələri və ümumi kitabsevərlər iştirak ediblər.
“Ədəbiyyat Forumu - 2025” tədbirində qırğız ədəbiyyatının bir sıra mühüm məsələləri müzakirə edilib, kitab sənayesi, kitab çapı, satışı, insanların kitab oxumağa maarifləndirilməsi, dünya tendensiyaları və ölkədəki kitabçılıqla bağlı vəziyyət müzakirə edilib.
Bundan əlavə, tarixçi Aida Kubatova “İlk maarifçi Cəditlər haqqında naməlum tarixi məlumatlar”, gənc alim və tarixçi Gülzat Alagöz qızı “Tarixi yaddaş: Stalin repressiyalarının anılmasında milli və yerli təşəbbüslər”, vətəndaş fəalı, ictimai xadim Ruslan Akmatbek “Milli kimliyimizi müstəmləkəçi gücün təsiri səbəbiylə necə qoruyaq?" mövzularında məruzələrlə çıxış ediblər. Bundan əlavə, forum ölkədə nəşr olunan yeni kitabların yarmarkası ilə müşayiət olunub.
Forumun təşkilatçısı olan yazıçı Oljobay Şakir tədbir haqqında “Ədəbiyyat və incəsənət”ə danışıb: “Bu günün prioritet mövzularını tapmaqda biz nəşriyyatlarla sıx əlaqə saxladıq və təhsildə həmrəyliyə daha geniş miqyasda baxdıq. Nəticədə bir sıra aktual mövzularda təqdimatlar edilib. Milli kimliyə önəm verilmiş, cədidçi-maarifçilər haqqında məruzə edilmişdir. Türkdilli xalqların inteqrasiyasını yaratmağa çalışan başqırd və tatar ziyalıları, qırğız Moldo Kılıçi kimi xalq ədəbiyyatı nümayəndələri haqqında yeni araşdırmalar təqdim olunub. Maarifləndirmə işi təkcə şair və yazıçılar tərəfindən deyil, həm də vətəndaş cəmiyyəti, dövlət məmurları tərəfindən aparılmalıdır. Xalqın maarifləndirilməsi problemi uzun müddətdir ki, davam edir və bu gün də deyə bilərik ki, biz bu səyləri davam etdiririk”.
Xatırladaq ki, bu forum Qırğızıstanda ikinci dəfədir keçirilir.
“Ədəbiyyat və incəsənət”
(13.01.2025)