Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Bu günlərdə Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) sədri İntiqam Yaşar Qazaxıstana səfər edib. Orada keçirilən tədbir barədə İntiqam Yaşardan məlumat aldıq.
O bildirdi ki, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı və Əhməd Yəsəvi adına Türk-Qazax Universitetinin Avrasiya Araşdırmalar İnstitutunun tərəfdaşlığı ilə 12 dekabr 2024-cü il tarixində "Qarabağda 30 illik ekoterror həqiqətləri" adlı layihə çərçivəsində keçirilib bu tədbir. Layihənin əsas məqsədi Qarabağda törədilmiş ekoterror həqiqətlərinin türkdilli dövlətlərdə ictimaiyyətin diqqətinə çatdırılmasıdır. Əhməd Yəsəvi adına Türk-Qazax Universitetinin Avrasiya Araşdırmalar İnstitutunun müdiri Suat Bəylurun açılış nitqi ilə başlayan tədbirdə Qazaxıstan ictimaiyyəti nümayəndələri, elm xadimləri, gənclər iştirak ediblər.
Azərbaycanın Qazaxıstandakı Səfirliyinin Almatı şəhərindəki nümayəndəsi Anar Hüseynzadə, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar, Azərbaycan Respublikasının Gənclər Fondunun Daxili Nəzarət və Monitorinq Şöbəsinin əməkdaşı Rahim Rəhimov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax-Tovuz regional nümayəndəliyinin koordinatoru Elmar Rzalı,
Əhməd Yəsəvi Beynəlxalq Türk-Qazax Universitetinin Avrasiya Araşdırma İnstitutunun müdir yardımçısı Zengizxan Zhanaltay, Qazaxıstan-Britaniya Texniki Universitetinin professoru, Prof. Dr. Janat Dauletbekova,Qazaxıstan-Britaniya Texniki Universitetinin müəllimi, Dos. Dr. Kayrat Ra, Qazaxıstan Respublikasının tanınmış şairi Sayat Kamşiger və s. çıxışlar edərək mövzu barədə fikirlərini bölüşüblər.
Tədbirin sonunda bir qisim Qazaxıstan ziyalısı Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən təltif olunub.
Xatirə fotosu ilə tədbirə yekun vurulub.
“Ədəbiyyat və incəsənət”
(13.12.2024)