Ankarada dahi Füzulinin yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Ankarada keçirilən 21-ci Kitab Sərgisi çərçivəsində dekabrın 1-də, bazar günü böyük şair və mütəfəkkir Məhəmməd Füzulinin “Füzulinin divanı” adlı əsərlər toplusunun təqdimatı olub.

 

AzərTAC xəbər verir ki, Azərbaycan Mədəniyyət Nazirliyinin və ölkəmizin Türkiyədəki səfirliyinin nəzdində fəaliyyət göstərən Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə diplomatlar, alimlər, ədəbiyyatşünaslar, iki qardaş ölkənin ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

 

Təqdimat mərasimini açan Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov dahi Füzulinin öz yaradıcılığı ilə bütün Türk dünyasının ədəbi-bədii fikrini zənginləşdirdiyini qeyd edib.

 

O xatırladıb ki, dahi şairin 500 illik yubileyi Azərbaycan üçün çətin dövrə, ölkə ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğal edildiyi vaxta düşüb. “Vəziyyətin mürəkkəbliyinə baxmayaraq, Ümummilli Lider Heydər Əliyev 1994-cü ildə Füzulinin yubileyinə həsr olunmuş təntənəli tədbirlərin keçirilməsi barədə qərar qəbul etdi”, - deyə S.Abbasov bildirib.

 

“Böyük şair və mütəfəkkirin ölməz bədii-fəlsəfi irsi Azərbaycanın ədəbi fikir tarixində mühüm rol oynamış, Şərqin bir çox xalqlarının ədəbiyyatına mühüm təsir göstərmişdir”, - deyə Mədəniyyət Mərkəzinin rəhbəri qeyd edib.

 

O, həmçinin bildirib ki, “Füzuli divanı”nın təqdimatı dahi Azərbaycan şairinin 530 illik yubileyinə təsadüf edib.

 

Qazi Universitetinin (Ankara) Türk dili və ədəbiyyatı kafedrasının müəllimi, professor İsmet Çetin Füzuli irsini təkcə Türk dünyasının deyil, bütün bəşəriyyətin sərvəti adlandırıb.

 

“Füzuli böyük qələm ustadlarından biridir. Dil, üslub və poetik texnika baxımından Füzuli ilə müqayisə oluna bilənlər azdır”, - deyə o vurğulayıb.

 

Alim Türkiyədə Füzuli irsinin öyrənilməsinin tarixi mərhələləri barədə tədbir iştirakçılarına məlumat verib.

 

Professor Çetin qeyd edib ki, Türkiyədə Füzuli irsinin öyrənilməsi ilə bağlı ilk akademik iş 1940-cı illərə təsadüf edib. Həmin dövrdən indiyədək təkcə Türkiyədə Füzuli irsi mövzusunda 70 müxtəlif əsər nəşr olunub.

 

Azərbaycan Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov çıxışında qeyd edib ki, Azərbaycan, ərəb və fars dillərində 16 böyük əsəri olan dahi şairin yaradıcılığı bədiiliyi, incəliyi və orijinallığı ilə seçilir.

 

Akademik Məhəmməd Füzulinin yaradıcılığını “estetik sufizm”in zirvəsi adlandırıb.

 

O, Füzulinin yaşayıb-yaratdığı dövrə diqqət çəkib. “Şair öz yaradıcılığı ilə Osmanlı və Səfəvi dövlətləri arasında qarşıdurmanın qarşısını almağa çalışıb”, - deyən N.Cəfərov Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin Məhəmməd Füzulini “türk xalqlarını birləşdirən şəxsiyyət” adlandırdığını diqqətə çatdırıb.

 

Alim Ümummilli Liderin Azərbaycan xalqının mədəniyyətinin və irsinin qorunmasına göstərdiyi diqqəti yüksək qiymətləndirib. “Heydər Əliyev dahi Füzulinin yubileyini respublika üçün ağır bir dövrdə keçirmək qərarına gəldi. Ümummilli Lider bəyan edib: “İndiki şəraitdə Azərbaycanda maliyyə imkanları çatışmazlığı ola bilər. Bununla belə, mənəvi dəyərlərimizdən məhrum olub, Füzuli kimi şəxsiyyətləri unuda bilmərik”.

 

N. Cəfərov Füzuli irsinin öyrənilməsində görkəmli yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin xidmətlərini də vurğulayıb.

 

O, Mir Cəlal Paşayevin 1940-cı ildə “Füzulinin poetik xüsusiyyətləri” əsərinə görə filologiya elmləri namizədi alimlik dərəcəsi aldığını, 1958-ci ildə yenidən bu mövzuya müraciət edərək “Füzuli sənətkarlığı” adlı monoqrafiyasını nəşr etdirdiyini xatırladıb.

 

“Ədəbiyyatçı alim Mir Cəlal Paşayevin dissertasiyası üzərində işləməsi xalqın mədəni irsini müdafiə etmək istəyinin özünün alimlərdən əsl cəsarət tələb etdiyi repressiya dövrünə təsadüf edib. Buna baxmayaraq, o, böyük şairin yaradıcılığını öyrənmək fikrindən vaz keçmədi və bununla da füzulişünaslığın inkişafına mühüm töhfə verdi”, - deyə akademik sözlərini yekunlaşdırıb.

 

Gəncə Nizami Gəncəvi Mərkəzinin direktoru Əlimuxtar Muxtarov qeyd edib ki, bir çox yerli və xarici tədqiqatçılar Məhəmməd Füzulini Azərbaycan-türk ədəbiyyatı tarixində ən həssas lirik və romantik şair adlandırıblar.

 

Onun sözlərinə görə, Füzulinin əsərləri İslam dünyasının parlaq mənəvi xəzinələrindən biridir. “Füzulinin qəzəllərində əks olunan məhəbbət onun dini etiqadının, əqidəsinin, prinsiplərinin bədii ifadəsidir”, - deyə Ə.Muxtarov qeyd edib.

 

“Füzuli dünya lirik poeziyasının parlaq nümayəndələrindən biridir və onun ölməz qəzəlləri bu gün də oxucuların ruhunun tellərinə toxunur, insanlara məhəbbət, xeyirxahlıq, humanizm hissi aşılayır”, - deyə o, Füzuli yaradıcılığının təbliğinin vacibliyini vurğulayıb.

 

Ə.Muxtarov vurğulayıb ki, Füzuli parlaq yaradıcılığı ilə ədəbi fikrin zirvələrinə çatıb.

 

Qazi Universitetinin (Ankara) Türk dili və ictimai elmlər kafedrasının müəllimi, professor Halil Çeltik Füzuli yaradıcılığında janr müxtəlifliyinə diqqət çəkib.

 

“Məhəmməd Füzulinin qəzəlləri yüksək emosionallığı, səmimiliyi və hərarəti ilə insanı heyran edir. Böyük lirik şairin yaradıcılığı hisslərin və dərin fəlsəfi fikirlərin, insan taleyi ilə bağlı müzakirələrin məcmusudur ki, bu da Füzulinin əsərlərini özünəməxsus edir”, - deyən alim dahi şairin haqlı olaraq dünya ədəbiyyatında xüsusi şərəfli yer tutduğunu vurğulayıb.

 

Professor Füzuli irsinin təbliğinə verdiyi töhfəyə görə Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyinə təşəkkür edib.

 

Tədbir “Azərbaycan rüzgarları” musiqi qrupunun çıxışı ilə başa çatıb.

 

“Ədəbiyyat və incəsənət”

(03.12.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.