Mədəniyyət Nazirliyinin dəstəyi ilə seçilmiş, mədəniyyətin müxtəlif sahələrində uğurları ilə fərqlənən 10 azərbaycanlı gənc TÜRKSOY-un Qazaxıstanın Almatı şəhərində keçirdiyi “I TÜRKSOY Türk Dünyası Gənclik Görüşü”ndə iştirak edib.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, tədbir türk xalqları arasında mədəni və tarixi bağların möhkəmləndirilməsi, qardaşlıq və birlik ruhunun gücləndirilməsi məqsədi daşıyır.
Görüş çərçivəsində iştirakçılar Türk dünyasının mədəni irsinin təbliği ilə bağlı seminar, müzakirə və təqdimatlarda iştirak edərək düşüncələrini bölüşüblər. Gənclərimiz ortaq problemlərin həlli və birgə layihələrin reallaşdırılması istiqamətində təkliflər irəli sürüb, gənclər arasında əlaqələrin daha da irəliləməsi üçün əməkdaşlıq imkanlarını araşdırıblar.
Azərbaycan nümayəndə heyəti görüş zamanı, həmçinin ölkəmizin zəngin mədəni irsini də tanıdaraq Türk dünyasının bir parçası kimi mədəni inteqrasiya və dialoqun inkişafına töhfə veriblər.
Tədbir Azərbaycan gənclərinin Türk dünyası ilə əlaqələrinin möhkəmlənməsi, təcrübə mübadiləsi və yeni dostluqların qurulması baxımından xüsusi əhəmiyyət kəsb edir.
“Ədəbiyyat və incəsənət”
(26.11.2024)