Türk Mədəniyyəti və İrsi Fondu öz növbəti kitab təqdimatını edib. Bu dəfə Qırğızıstanın paytaxtı Bişkek şəhərində.
Görkəmli qırğız şairi Alıkul Osmonovun Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən nəşr edilmiş "Zamandan zamana" kitabının təqdimat mərasimi keçirilib, bu barədə “Ədəbiyyat və incəsənət” portalına Türk Mədəniyyəti və İrsi Fondundan məlumat verilib.
Alıkul Osmonov adına Milli Kitabxanada keçirilən təqdimat mərasimində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında məlumat verərək söyləyib: “Türk Mədəniyyəti və İrsi Fondunun missiyası Türk dünyasının zəngin irsini və mədəniyyətini qorumaq, öyrənmək və beynəlxalq aləmdə təbliğ etməkdir. Təşkilatın prioritet istiqamətlərindən biri də türk xalqlarının görkəmli şəxsiyyətlərinin zəngin irsinin gələcək nəsillərə ötürülməsidir. Fond bu yöndə "Türk dünyasının görkəmli şəxsiyyətləri", "Türk dünyasının ədəbi inciləri", "Türk dünyasının elmi inciləri" adlı 3 kitab seriyası təsis edib”.
Qeyd olunub ki, Alıkul Osmonovun qırğız və Azərbaycan dillərində çapdan çıxan "Zamandan zamana" kitabı "Türk dünyasının ədəbi inciləri" seriyasından işıq üzü görən ilk nəşrdir. Kitabı tanınmış Azərbaycan şairi Adil Cəmil tərcümə edib.
Aktotı Raimkulova qonaqlara Bişkekdə yerləşən Alıkul Osmonovun ev-muzeyinin yenidən qurulması və muzeyləşdirilməsindən də danışıb: "Bildiyiniz kimi, Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Astana Sammitinin Bəyannaməsinin direktivlərinə əməl edərək, Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Alıkul Osmonovun ev-muzeyinin yenidən qurulması və muzeyləşdirilməsi başa çatdırılıb. Ev-muzeyin bərpası və müasir avadanlıqlarla təchiz edilməsi nəticəsində ziyarətçilər görkəmli qırğız şairi Alıkul Osmonovun yaşadığı dövrün ab-havasını özündə əks etdirən mədəni mühitlə tanış ola biləcəklər".
Tədbirdə Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti nazirinin müavini Gülbara Abdıkalıkova, Azərbaycanın bu ölkədəki səfiri Lətif Qəndilov, TÜRKSOY-un Baş katibi Sultan Rayev, həmçinin görkəmli yazıçılar, mədəniyyət xadimləri və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.
“Ədəbiyyat və incəsənət”
(12.11.2024)