Aktotı Raimkulova Türk Dövlətləri Təşkilatının iclasında çıxış edib

 

6 noyabr 2024-cü il tarixində Bişkekdə Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib.

İclasda Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov, Qazaxıstan Respublikasının Xarici İşlər naziri Murat Nurtleu, Türkiyə Respublikasının Xarici İşlər naziri Hakan Fidan, Özbəkistan Respublikasının Xarici İşlər naziri Bəxtiyar Səidov, Macarıstanın Xarici İşlər naziri Peter Siyarto, TDT Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım, həmçinin Türk əməkdaşlıq təşkilatlarının rəhbərləri iştirak ediblər.

 

“Ədəbiyyat və incəsənət” portalı TurkicWorld-a istinadən xəbər verir ki, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 11-ci iclasında çıxış edib.

Aktotı Raimkulova çıxışında Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətindən, Türk dövlət Başçılarının, Xarici İşlər Nazirləri Şurasının Türk əməkdaşlıq təşkilatlarının qarşısına qoyulan və strateji sənədlərdə göstərilən vəzifələrin fəal şəkildə yerinə yetirilməsindən danışıb:

 

"Astana Sammiti Bəyannaməsinin direktivlərinə uyğun olaraq Bişkekdə Alıkul Osmonovun ev muzeyinin yenidən qurulması və bu mədəniyyət ocağının təhciz edilməsi işlərini uğurla başa çatdırdıq.

"Türk Dünyası – 2040" konsepsiyasını və "TURKTIME" təşəbbüsünü rəhbər tutaraq, hazırda türk dünyasının mədəni irsinin kataloqunu hazırlayırıq, eyni zamanda biz artıq Astanada beşinci Dünya Köçəri Oyunlarının keçirilməsini dəstəkləyərək qədim mədəniyyətimizin zənginliyinin nümayişinə töhfə vermişik.

TÜRKSOY və Türk Akademiyası kimi qardaş təşkilatlarla əməkdaşlıqda “Türk dünyasının tarixi və mədəni irsinin öyrənilməsi və qorunub saxlanılması – UNESCO nöqteyi-nəzərindən” beynəlxalq konfransın keçirilməsini dəstəkləmişik. Hazırda Qurama və türk dastanları üçün çoxmillətli nominasiyaların tətbiqi üzrə üzv ölkələrlə əməkdaşlıq edirik.

Ədəbi-mədəni, o cümlədən tarixi irsimiz Fondun təsis etdiyi "Türk dünyasının görkəmli şəxsiyyətləri", "Türk ədəbiyyatının inciləri", "Türk ədəbiyyatının elmi inciləri" kitab seriyalarında doqquz kitabın uğurla nəşr olunması sayəsində daha da inkişaf etmişdir.

Yüksək keyfiyyətli elmi məzmunlu TurkDiscovery adlı Youtube Kanalı yaratdıq və rəqəmsal qarşılıqlı əlaqələri daha da genişləndiririk.

UNESCO 2024-2025-ci illəri Türk tarixinin əsas əsərlərindən biri olan Mahmud Kaşqarinin "Divani-Lüğat-ət-Türk" əsərinə həsr edib. Bu təşəbbüsə dəstək olaraq 2025-ci il ərzində Türk dünyası ölkələrində təqdim olunacaq beynəlxalq sərgilər təşkil edəcəyik. Həm də ilin sonuna qədər Parisdə UNESCO qərargahında bu mühüm işə həsr olunmuş elmi konfrans keçirməyi planlaşdırırıq".

 

“Ədəbiyyat və incəsənət”

(07.11.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.