Daşkənddə "Mədəni İrs Beynəlxalq həftəsi" çərçivəsində "Yeni Özbəkistanda mədəniyyət və incəsənət sahəsində islahatlar" adlı forum keçirilib.
Forumda Özbəkistanın mədəniyyət naziri Azadbek Nazarbekov, TÜRKSOY-un Baş katibi Sultan Rayev, TÜRKPA-nın Baş katibi Mehmet Surayya Er, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, Türkiyə, Fransa, Qazaxıstan, Qırğızıstan, Tatarıstan və digər respublikalardan nümayəndələr iştirak edib.
Forumda Azərbaycan tanınmış yazıçı, tarixi romanlar müəllifi Yunus Oğuz ilə təmsil olunub.
“Ədəbiyyat və incəsənət” portalı “Xalq Qəzeti”nin xüsusi müxbiri Qulu Kəngərliyə istinadən xəbər verir ki, forumu Azadbek Nazarbekov açaraq Türk dünyasında əlaqələrin daha da genişləndirilməsi, inteqrasiya proseslərinin gücləndirilməsi istiqamətində görülən işlərdən danışıb. Nazir deyib ki, bizim əcdadlarımız maariflənməyi cəhalətdən üstün tutublar, öz ağıl və bacarıqlarını elmin və mədəniyyətin inkişafına sərf ediblər. Xarəzmi, Fərqani, əl-Biruni və Zəməxşari bu torpaqda birdən-birə yaranmayıb. Əlişir Nəvai və Babur Mirzə anadan şair doğulmayıb. Dünyada tanınan bu böyük alimlər, filosoflar və ədibləri yaşadıqları dövrün elmi və mədəni mühiti yetişdirib.
Sonra Sultan Rayev, Mehmet Surayya Er, Aktota Raimkulova və başqaları mədəniyyət və incəsənət sahəsində Özbəkistanda və digər Türk dövlətlərində mədəniyyət və incəsənət sahəsində aparılan islahatlardan danışıblar.
Sultan Rayev qeyd edib ki, Özbəkistanın Mərkəzi Asiya respublikaları və Türk dünyası ilə bütün sahələrdə apardığı praqmatik xarici siyasət bu dövlətlər arasında münasibətlərin daha da möhkəmlənməsinə, mədəni-humanitar istiqamətdə əlaqələrin dərinləşdirilməsinə xidmət edir. TÜRKSOY çərçivəsində münasibətlərin inkişafı yeni mərhələyə qədəm qoyub. Təşkilatın üzvü olan bütün dövlətlərdə, o cümlədən Özbəkistanda və digər qardaş respublikalarda mədəniyyət və incəsənət günləri, gənclər və teatr festivalları, yaradıcılıq forumları və digər bu kimi tədbirlər keçirilir ki, bu da TÜRKSOY-un və bütün Türk dünyası mədəniyyət nazirliklərinin maraq dairəsindədir.
Aktotı Raimkulova Özbəkistanın Türk dünyasındakı tarixi rolundan, bu dövlətlər arasında münasibətlərin daha da möhkəmlənməsi yolunda rəhbərlik etdiyi Türk Mədəniyyəti və İrsi Fondunun həyata keçirdiyi tədbirlərdən bəhs edib.
Yunus Oğuz Türk dövlətlərində mədəniyyətin inkişafı sahəsində TÜRKSOY-un rolunu yüksək qiymətləndirib, Türk Dövlətləri Təşkilatının bütün sahələrdə, o cümlədən mədəniyyət istiqamətindəki rolundan söhbət açıb, təşkilatın üzvü olan dövlət başçılarının dostluğunu ön plana çəkib.
Sonra Yunus Oğuz "Əmir Teymur" romanını Azadbek Nazarbekova təqdim edib.
“Ədəbiyyat və incəsənət”
(25.10.2024)