Türk Mədəniyyəti və İrsi Fondu İştvan Mandokinin 80 illiyini qeyd etdi Featured

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Türk Mədəniyyəti və İrsi Fondu və Macarıstanın Azərbaycan Respublikasındakı Səfirliyinin birgə təşkilatçılığı ilə bu gün - 23 oktyabr 2024-cü il tarixində Fondun qərargahında Macarıstanın nüfuzlu türkoloqlarından olan və bu il 80 illiyi qeyd edilən İştvan Mandokiyə həsr olunmuş tədbir keçirildi. 

Tədbirdə Xarici İşlər Nazirliyinin nümayəndələri, Türk dövlətlərinin Azərbaycan Respublikasındakı səfirləri və diplomatları, eləcə də elmi dairələrin təmsilçiləri və ziyalılar iştirak edirdi. 

Tədbiri açan Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova təşkilatın müşahidəçi dövləti olan Macarıstanın dilçilik və etnoqrafiya sahəsində tanınmış alimi Mandokinin nailiyyətlərindən söz açdı, alimin ömrünün əsasən Türk xalqlarının mədəniyyətinin, dilinin və tarixinin araşdırılmasına həsr etdiyini qeyd etdi. 

A. Raimkulova Mándokinin türkologiyanın inkişafına verdiyi töhfələr sayəsində bir körpü yaratdığını bildirərək, öz elmi əsərləri ilə macar-türk dostluğunu möhkəmləndirdiyini vurğuladı.

Macarıstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Torma tədbirdə çıxış edərək Türk dövlətləri ilə qarşılıqlı əlaqələrin ölkəsi üçün önəm daşıdığını vurğuladı. Səfir Macarıstanın 2018-ci ildə Türk Dövləltəri Təşkilatına müşahidəçi qismində qatıldığını bildirdi. O, Macarıstan türkoloqlarının Türk Dünyasına dair vacib araşdırmalar yürütdüyünü qeyd etdi. Tamaş Yojef Torma tədbirin yüksək səviyyədə təşkil olunmasına və səmərəli əməkdaşlığa görə Türk Mədəniyyəti və İrsi Fonduna təşəkkürünü bildirdi. 

Tədbirdə Azərbaycanda səfərdə olan Macarıstanın tanınmış türkoloqu, Macarıstan Elmlər Akademiyasının üzvü Devid Somfai Kara və Macarıstan İrs Evinin tədqiqatçısı Gergeli Agoqs Mandokinin həyat və yaradıcılığı, eləcə də Kıpçak-Türk-Macar əlaqələrinə həsr olunmuş təqdimatlarla çıxış etdilər.

Onların tədqiqatları barədə vodeogörüntülər nümayiş olundu. 

Tədbirdə Özbəkistanın və Qırğızıstanın Azərbaycandakı səfirləri Bahrom Aşrafxanov və Maksat Mamıtkanov, Azərbaycanın görkəmli dövlət xadimi, Macarıstan-Azərbaycan əlaqələrinə töhfələr vermiş Həsən Həsənov, AMEA Dilçilik İnstitutunun direktoru Nadir Məmmədli çıxış etmiş, türk birliyində Macatıstanın yeri, türk dövlətlərinin qarşılıqlı əlaqələrinin inkişafına verilən töhfələr barədə fikir bildirdilər. 

Musiqi nömrələri ilə davam edən tədbir çay süfrəsi arxasındakı maraqlı, polemik söhbətlərlə yekunlaşdı.

 

“Ədəbiyyat və incəsənət”

(23.10.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.