Türkiyənin Erzincan şəhərində yerləşən Erzincan Binali Yıldırım Universitetində “Türkiyə yüzilliyində I Beynəlxalq Türk Diasporu Simpoziumu” keçirilib.
Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsindən “Ədəbiyyat və incəsənət” portalına verilən məlumata görə, Türkiyə Respublikasının Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin (YTB) ev sahibliyi etdiyi simpozium Erzincan Valiliyinin, Erzincan Bələdiyyəsinin, Erzincan Binali Yıldırım Universitetinin və digər tərəfdaşların birgə təşkilatçılığı ilə baş tutub.
Simpoziumda rəsmi şəxslərlə yanaşı, türk diasporunu təmsil edən mədəniyyət xadimləri, idmançılar və başqaları iştirak ediblər.
Açılış nitqində Erzincan Binali Yıldırım Universitetinin rektoru, professor Akın Levent tədbir iştirakçılarını salamlayıb.
Tədbirdə Türkiyə Respublikasının Xaricdəki Türklər və Əqrəba İcmaları Baş İdarəsinin (YTB) rəhbəri Abdullah Eren, Erzincan Valisi Hamza Aydoğdu, Erzincan Bələdiyyəsinin sədri Bekir Aksu və digərləri çıxış edib.
Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz simpoziuma onlayn qatılıb və bildirib ki, 7 milyondan çox türk xarici ölkələrdə məskunlaşıb. O, türklərin yaşadıqları torpaqlara qatdıqları dəyərləri, öz həmrəylikləri ilə vətən həsrətini aradan qaldırdıqlarını vurğulayıb.
Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binali Yıldırım türk diasporunun dünyanın dörd bir yanında türk mədəniyyətini, dəyərlərini və uğurlarını təmsil edən böyük bir güc olduğunu dilə gətirib: “Birlikdə güclü addımlar atacaq və Türk dünyasının beynəlxalq arenadakı rolunu daha da gücləndirəcəyik”.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev çıxış edərək, sədr Fuad Muradovun salamlarını tədbir iştirakçılarına çatdırıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin türk dövlətlərinin birliyinə və həmrəyliyinə xüsusi əhəmiyyət verdiyini bildirib. Sədr müavini türk dünyasının gələcəyi ilə bağlı qarşıya qoyulan hədəflərə toxunub və aparılan məqsədyönlü siyasətin nəticəsində əldə olunan nailiyyətlər haqqında fikirlərin bölüşüb. Komitə ilə Türk Dövlətləri Təşkilatının əməkdaşlığı çərçivəsində görülmüş işləri diqqətə çatdırıb. TDT-yə üzv dövlətlərin diaspor məsələlərinə məsul dövlət qurumları ilə qarşılıqlı əməkdaşlıqdan bəhs edib. Komitənin türk dünyası ilə əlaqələrin daha da dərinləşməsi və inkişafı istiqamətində həyata keçirdiyi layihələr barədə simpozium iştirakçılarına geniş məlumat verib.
Simpozium 16 oktyabr 2024-cu il tarixində yekunlaşıb.
“Ədəbiyyat və incəsənət”
(17.10.2024)