Türk Mədəniyyəti və İrsi Fondu Darxan Kıdırəlinin “Daşa yazılmış tarix” kitabını təqdim edib Featured

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Qazaxıstanın tanınmış ictimai və siyasi xadimi, görkəmli türkçü Darxan Kıdırəlinin “Daşa yazılmış tarix” kitabı türklərin qədim tarixindən bəhs edir və hər bir türk toplumu nümayəndəsi üçün gərəkli bir kitabdır. 

 

Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Azərbaycan dilinə çevrilərək çap edilmiş kitabın təqdimat mərasimi X Bakı Beynəlxalq Kitab Sərgisində ötən gün baş tutub. 

Kitabı Azərbaycan dilinə tanınmış araşdırmaçı jurnalist Aida Eyvazlı Göytürk tərcümə edib. 

Yazıçı Fərid Hüseynin moderatorluğu ilə keçən təqdimat mərasimində moderator türk xalqları ədəbiyyatının, elminin ortaq nöqtələrindən, istinad mənbələrindən bəhs edib. İlk olaraq Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Aktotı Raimkulova çıxış edib, Darxan Kıdırlaının türk tarixindən bəhs edən əsərinin böyük əhəmiyyətini dilə gətirib, əsərin    Azərbaycan dilinə uyğunlaşdırılmasını böyük hadisə adlandırıb. 

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid Darxan Kıdırəli şəxsiyyəti, onun türkçülüyə verdiyi töhfələrdən bəhs edib, kitabı böyük maraqla oxuduğunu dilə gətirib. 

Təqdimat mərasimində iştirak edən Milli Məcllisin deputatı Cavanşir Feyziyev Darxan Kıdıralının Türk dünyası, türk elmi üçün əvəzsiz xidmətlərindən, Beynəlxalq Türk Akademiyasının təşəkkül tapmasında müstəsna fəaliyyətindən, onun Azərbaycan ilə Qazaxıstan arasında elm sahəsində həyata keçirdiyi layihələrdən danışıb. 

Filologiya elmləri doktoru Şərəf Cəlili “Daşa yazılmış tarix” kitabını İleriş-Kutluq Xaqanın, Tonyukukun, Bilgə Xaqanın göy türklərdən bu günə qədər gəlib çıxan kitabı və səsi adlandırıb. Bu kitabın bütün ali və orta məktəblərdə tədris olunası kitab olmasına diqqət yönəldib. 

Xalq şairi Sabir Rüstəmxanlı Türküstan elinin görkəmli ziyalısı Darxan Kıdıralının kitabını daşlardan bizə gəlib çatan əmanət adlandırıb. 

“Daşa yazılmış tarix” kitabını Azərbaycan türkcəsinə uyğunlaşdıran Aida Eyvazlı Göytürk isə belə bir kitabın tərcüməsinin məsulyyətinin onun çiyinlərinə düşməsini “Tanrıdan verilən xoşbəxtliyimdir” deyə izhar edib. Bildirib ki, bu kitab bir daha sübut edir ki, türk həm tarix yaradıb, həm də tarix yazıb.

Xatırladaq ki, Türk Mədəniyyəti və İrsi Fondu türk dünyasının yazarlarının, alimlərinin təbliğinə həsr edilmiş kitab seriyaları nəşr etdirməkdədir və bu layihə türk xalqlarının irsinin öyrədilməsində, inteqrasiyasında böyük əhəmiyyət kəsb edir. 

 

“Ədəbiyyat və incəsənət”

(08.10.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.