“Ədəbiyyat və incəsənət” portalı Südabə Sərvinin AYB Natəvan klununda keçirilən növbəti tədbirdən reportajını təqdim edir.
“İlıq bir su kimidir içimdə yalnızlığım,
Yalnızlığım ruhumda uzaq bir səs kimidir...”
Fazil Hüsnü Dağlarca
“O vaxt əsgərin nüfuzu Türkiyə cəmiyyətində o qədər böyük idi ki, hətta qız istəməyə gedəndə elçilərdən ilk soru bu olurdu: bəy əfəndi Vətən görəvini yapdımı, yapmadımı?”
Sentyabrin 24-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda dəyərli alim, professor, uzun illər Moskvada SSRİ EA Şərqşünaslıq İnstitutunda və Moskva Linqvistika Universitetində Türk dilləri və mədəniyyətləri bölməsinin rəhbəri işləmiş, araşdırmamı yazar, publisist Tofiq Məliklinin “Dahinin tənhalığı” kitabının təqdimat mərasimi keçirildi.
Kitab böyük türk şairi Fazil Hüsnü Dağlarcanın həyatı və yaradıcılığı haqqında yazılmış çox dəyərli araşdırımadır.
Tədbiri giriş sözüylə müəllif özü -Tofiq Məlikli açaraq Fazil Hüsnü Dağlarcanın həyatı və yaradıcılığı haqqında ətraflı məlumat verdi. Tofiq Məlikli dedi:
“Fazil Hüsnü Dağlarca 1914-cü ildə hərbçi Həsən Hüsnü bəyin ailəsində doğulub. Tale mənə bu böyük şairlə görüşməyi çox gənc yaşlarımdan nəsib etdi. O vaxt mən Mosvada çalışrdım.
Qəribədir ki, onun babası paşa-general olub. Orduda qərərgah rəisi olub. Atası da hərbçi idi, Atatürkçü olub, cümhuriyyətçiləri dəstəkləyib və buna görə də çox təqiblərə məruz qalıb. Və bu nəsildən gələn gələnəyə görə Fazil bəy də mütləq əsgər olmalı idi.
O vaxt əsgərin nüfuzu Türkiyə cəmiyyətində o qədər böyük idi ki, hətta qız istəməyə gedəndə elçilərdən ilk soru bu olurdu: bəy əfəndi Vətən görəvini yapdımı, yapmadımı? Əgər Vətən görəvini yapmadıysa, demək bu çürükdür. Türkcə çürük yararsız deməkdir. Bu adət-ənənə əlbəttə ki, uzun illərdən gəlmişdi. Böyük savaşlardan keçmiş əsgərə bu cür yanaşma, hörmət başqa ölkələrdən tam fərqliyidi. Uzun illər əsgərlər Vətənin keşiyində durmuşdular, sərhəddində yox.
Və əsgər ailəsindən gələn, əsgər qanıyla yetişən bir adamın –Dağlarcanın poetik sevgisinin üstün gəlməsi özü də onun ədəbiyyata olan böyük sevgisiydi. Kitabda onu da qeyd etmişik ki, Dağlarcanın qarşısında qoyduğu bir məqsəd də vardı: əvvəlcə şeir kitabımı çap etdirim, sonra hərbçi olum. Elə də olur. Avqusyun 27- də kitabı çap olunub, 30-da isə zabit rütbəsinə qalxıb.
Poeziya onun üçün hər şey idi. Onun danışıq tərzi də poetik idi. Sözlə ifadə etmirdi, obrazlarla danışırdı. Təsəvvür edin ki, ömrü boyu evlənmədi, sevgiləri vardı, amma bir dəfə mənə etiraf etmişdi ki, mən poeziyaya xəyanət edə bilmərəm. Bu tamamilə anlaşılmaz olsa da, amma hqəiqtət idi.
Mən çox şadam ki, Dağlarcanın “Dörd qanadlı quş” kitabını 1984-cü ildə Moskvada çap etdik. Kitab əvvəl min tiraj, sonra yüz min tirajla çap olundu. Rus oxucusu bu cür dəyər verirdi Dağlarcanın şeirlərinə. Və o kitab müxtəlif xarici dillərə tərcümə olundu. Amerikada Dağlarcanın çox gözəl tədqiqatçıları vardı.
Yaşlananda ədib yazmışdı: Mən Allahdan iki şey istəyirəm, bir göz və iki barmaq. Gözünün biri tutulmuşdu artıq...”
Tofiq Məlikli sonra çıxış üçün sözü Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anara verdi.
Anar müəllim dedi:
“Baxıram ki, bura gələnlər şeirə sədaqətli insanlardı. Yazıçılar Birliyinə hörmət edən , az olsalar da, Yazıçılar Birliyini qiymətləndirən insanlardır. Bunu niyə mən altını cızaraq deyirəm, çünki əgər Dağlarca hər hansı bir Azərbaycan rayonundan olsaydı, bu salon o rayonun əhalisinin yarısıyla dolu olacaqdı. Çox təəssüf!
Bu gün biz iki hadisəni qeyd edirik. Dağlarcanın 110 illiyini və çox dəyərli Tofiq müəllimin onun haqqında yazdığı kitabın təqdimatını. Mən də Dağlarcayla şəxsən tanış idim. Moskvada görüşmüşdük. Bakıya gələndə atamın evində də görüşdük, mənim də o vaxtkı evimdə görüşmüşdük. Sonra Türkiyəyə gedəndə də görüşdük. Onda hələ nisbətən cavan idi. Görüşlərin birində o şeir oxuyurdu, salondan o şeirin ardını oxuyurdular. O qədər populyar idi.
Ömrünün axırına yaxın 2008-ci ildə yenə İstanbulda görüşdük. Yenə izduhamla dolu bir tədbir idi. Özü əlil arabasında idi. Yaxınlaşdım, soruşdum, ustad, məni tanıyırsan? Dedi Anar deyilmisən? Mat qaldım. Bu qədər illər keçəndən sonra, bir gözü də görmürdü, necə yaddaşında saxlayıb? Dedi, sabah mütlləq gəl yanıma. Sabahı günü Çingiz Bektaşla və Ataol Bəhramla hazırlaşdıq getməyə, dörddə orda olmalıydıq. Yolumuz bir qırx dəqiqəlik yoldu. Amma gecikirdik, çünki başqa bir adamla görüşməli idik. Söhbət uzandıqca Çingiz deyirdi, gecikirik. Çingiz də niyə bizi tələsdirirdi, çünki hər gün saat dördə qədər bir qadın gəlib Dağlarcagilə yır-yığış edir və çıxıb gedirdi. Dörddən sonra heç kimi onun qapısına gələ bilmirdi. Özü də təbii ki heç yerə çıxa bilmirdi. Biz ora çatanda saat beş idi artıq. Qapı da bağlı. Çingiz Bektaş zəng elədi, dedi gəlmişik.
Çox maraqlı söhbətimiz oldu. Uzun zaman atamla görüşünü, Azərbaycan a gəlişini danışdı, çox yaxşı xatırlayırdı hər şeyi. Azərbaycanın uğurlarına çox sevinirdi.
Bu görüşdən sonra mən çox mütəəssir oldum. Çünki biz çıxıb gedirdik o, yenə tənha qalırdı...
Bir neçə aydan sonra vəfatı xəbərini eşitdim. Elə o vaxt “Təntənə və tənhalıq “ adlı bir yazı yazdım.
Azərbayacana çox bağlı insan idi. Füzuliyə, Nizamiyə şeirlər yazmışdı. Ruhu şad olsun!
Və Tofiq, sənə də bu kitaba görə təşəkkür edirəm! “
Kitabın redaktoru professor Minaxanım Təkləli, Bakı Yunus Əmrə institunun direktoru Səlcuq Kılıc və digər dəyərli ziyalılar, alimlər çıxış edərək öz ürək sözlərini söylədilər.
Sonda xatirə şəkilləri çəkildi.
“Ədəbiyyat və incəsənət”
(02.10.2024)