Mina Rəşid, “Ədəbiyyat və incəsənət” üçün
Azərbaycan Yazıçılar Birliyində Azərbaycan Respublikasının Qeyri-Hökumət
Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Türk
Dünyası İnfo” İctimai Birliyi tərəfindən icra olunan “Türk dünyasında
qəhrəmanlıq əsərlərinin tədqiqi və təşviqi” adlı layihənin tədbirlər
silsiləsindən növbəti dəyirmi masa keçirilib.
Tədbirdə İctimai Birliyin sədri Dəyanət Osmanlı layihə çərçivəsində
görülən işlər barədə məlumat verib. Bildirib ki, müasir dövrdə Türk
dünyası ölkələrində yaranan bədii əsərlər arasında qəhrəmanlıq motivli
mətnlər, kitablar əhəmiyyətli dərəcədə artmışdır: “Xüsusilə də Türk
Dövlətləri Təşkilatı yarandıqdan və Azərbaycanın Qarabağı erməni
işğalından azad etməsindən sonra qardaş ölkələrin yazarları öz
yaradıcılıqlarında qəhrəmanlıq mövzusuna daha geniş yer ayırmış, bir
sıra maraqlı əsərlər yazmışlar. Bu gün həmin əsərlərin təbliğinə və kitab
halında ictimaiyyətə çatdırılmasına ehtiyac vardır ki, bu da türk xalqları
arasındakı qardaşlıq bağlarının dərindən öyrənilməsinə,
mökəmlənməsinə yönəlik bir addımdır. Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin milli-mənəvi dəyərlərimizin və maddi-
mədəni irsimizin, milli maraqlarımızın qorunmasına istiqamətlənmiş
belə layihələrə dəstək verməsi təqdirəlayiq haldır”.
Təbirin aparıcısı, tədqiqatçı-alim, Bakı Dövlət Universitetinin (BDU)
kafedra müdiri, şair-publisist Knyaz Aslan “Türk Dünyası İnfo” İB-nin
qardaş türk ölkələrinin ədəbi-mədəni əlaqələrinin inkişafında, yazarlar
arasında ortaq dəyərlər, fikir, düşüncə mübadiləsində, mədəni sferadakı
həmrəylik, birlik təşəbbüslərindən bəhs edən layihənin dayanıqlılıq
amillərini, problemin aktallığını və təsirliliyini diqqətə çatdırıb.
Qeyd olunub ki, layihənin işçi heyəti kitabxana, media və digər internet
resurslarında aparılan çalışmalarda əldə olunan, habelə birliyin
əməkdaşlıq etdiyi uyğun elmi, ictimai qurumların və yazarların fərdi
şəkildə təqdim etdiyi əsərləri toplamışdır. Nəticə etibarilə Türkiyədən,
Azərbaycandan, Qazaxıstandan, Özbəkistandan, Qırğızıstandan, habelə
Güney və Qərbi Azərbaycandan, Rusiyadan və Gürcüstandan olan 80-
dək müəllifin 300-dək poeziya materialları üzərində araşdırma işi
aparılıb, keçirilən tədbirlər vasitəsilə müzakirələrə və təbliğata cəlb
edilib.
Tədbirdə alim-yazarlardan Gülxani Pənah, Rasim Süleymanov, Nailə
Mehrəliyeva, Salatın Əhmədli, BDU-nun doktorantı, Afaq Məmmədova,
“Ulduz” jurnalının baş redaktoru, şair Qulu Ağsəs, Azərbaycan Yazıçılar
Birliyinin poeziya sektorunun müdiri, şair İbrahim İlyaslı, şairlərdən
Gəray Göyyurd, Paşa Babakərli, Zərəngiz Dəmirçiqayalı, İbrahim
Yusifoğlu, Mina Rəşid, Cabir Albantürk və digərləri layihənin ideyasına,
gələcək fəaliyyətinə, məqsədlərinə dəstəkçi təkliflərlə çıxış ediblər.
Layihənin icrasında könüllü iştirak edən BDU-nun tələbələrindən
Umcahan Əliyeva, Zeynəb Əzimzadə və Günay Həsənova qəhrəmanlıq
əsərlərindən nümunələr səsləndiriblər.
Sonda müəlliflərə və layihənin heyət üzvlərinə diplomlar verilib.
“Ədəbiyyat və incəsənət”
(20.06.2024)