YUNUS ƏMRƏ: “Yaradılanı sevdim yaradandan ötrü” Featured

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi – “Ədəbiyyat və incəsənət” üçün

 

Bütün türk soylu xalqların qəlbində özünə məskən tapmış Yunus Əmrə bir eşq aşiqidir. Onun adı türk-islam dünyasında ən böyük haqq aşiqi kimi çəkilir. Yunusi yaşadan onun haqqa bütün varlığı ilə bağlı olması, şeirlərində insandakı mənəvi ruhi saflığı hər şeydən üstün tutması idi. 

Onun yaradıcılığında yer tutan əsas məsələlərdən biri də təlim-tərbiyə və əxlaq-mənəvi məsələlərdir.

“Mən gəlmədin dava üçün, mənim işim sevgi üçün”, - deyən Y.Əmrə irfanın insan həyatındakı müstəsna rolunu yüksək qiymətləndirir. “Böyük və əhatəli bilik” mənasını verən irfan həyatın və insanlığın mahiyyəti, dünyada baş verən hadisələrin hikməti, Allahın varlığının və sifətlərinin təhlili haqqında bilik və düşüncələrin məcmusudur. Allah elmdən çox irfanla bilinir. İrfan hər gözə, hər könülə görünməyən Tanrını bilməkdir. Buna isə eşq yolu ilə nail olmaq mümkündür.

Haqq aşiqinin eşqi ilahi eşqdir, onun əsərlərində insan sevgisi Tanrı sevgisi ilə birləşir. Yunusun insan sevgisi əslində onun insanda Allahdan bir zərrə olduğunu bilməyindədir. Yunusun fikrincə, hər insanda Allahın bir zərrəsi var. O, zərrənin bütününə – Allaha aşiqdir. Bu üzdən də “Yaradılanı sevdim Yaradandan ötrü”, - söyləyir . Yaradana qovuşmaq mənəvi kamillik – kamilləşmək yolundan keçir.Onun şeirlərində insan sevgisi Tanrı sevgisiylə birləşir. Humanist prinsipləri qoruyub saxlamağı, insanların öz könül dünyasını daim zənginləşdirməsini tövsiyə edən böyük sufi sənətkar bunu Allaha qovuşmağın tək yolu kimi dəyərləndirir.

Mənəvi kamillik yolunun 4 qapısı var: şəriət, təriqət, mərifət və həqiqət. Bu həm də irfan elminin ana xəttini təşkil edir. Bu mərhələləri keçməyənlərin əli Allah dərgahına yetişməz. (Bəzən bu mərhələlərin sayının 3 olduğunu da söyləyirlər. Belə ki, mərifət ayrıca mərhələ kimi yox, haqqı tanıma elmi, həqiqətin dərki və ilahi bilik kəsbetmə, ariflik mənasında götürülür.)

Şəriət Allahın buyurub, Peyğəmbərin xəbər verdiyi qanun-qaydaların, əməli fəaliyyətlə bağlı göstərişlərin, rəftar və davranış normaları ilə əlaqəli buyruqların məcmusudur. Təriqət şəriət qaydalarına əməl etməklə gedilən yoldur, bu qaydaların əməli şəkildə gerçəkləşdirilməsidir. Həqiqət isə son məqsəd, yəni Haqqın özüdür.

 

Şəriət, təriqət yoldur varana,

Həqiqət, mərifət ondan içəri.

 

Alimlər şəriəti tibb kitabına, təriqəti dava-dərmana, həqiqəti isə xəstəlikdən tapılan şəfaya bənzədirlər. VII əsr sufi alimi Əzizəddin Nəhf “əl-insan əl-kamil” kitabında yazır: “Bil ki, şəriət peyğəmbərin sözü, təriqət onun əməli, həqiqət isə peyğəmbərin gördükləridir.”

Haqq nuru ilə yanan şair “mumsuz baldır şəriət, təmiz yağdır təriqət”,- söyləyərək insanları bu nemətlərdən dadmağa, yalançı, fani dünyaya aldanmamağa, üzü Həqqə doğru getməyə səsləyir. Haqq aşiqi göstərir ki, insanın təkcə öz səyi və ağlı ilə kamilliyə yüksəlməsi və Allahına qovuşması – insanlığın yüksək nöqtəsinə çatması çətindir. Təlim-tərbiyə, nəsihət almadan, daxilən təmizlənmədən, paklaşmadan və “əlifnən beyi bilmədən” haqq yoluna nəzər etmək mümkün deyil.

 

İşbu məclisə gəlməyən, anub nəsihət almayan,
Əlifdən beyi bilməyən oqır kişi olur hər gün.

 

Ona görə də o, bu zirvəyə çatmış kamil və yetkin şəxslərin - ərənlərin ətəyindən tutmalı, müdərris və mürəbbilərdən (müəllim və tərbiyəçi) öyrənməlidir:

 

Gəlmək gərək tərbiyətə, pis işlərdən əl çəkə,
Nə söylərsə, mürəbbisi, ancaq onu tuta gərək.


Şairinin fikrincə, insan özünü dərk etmək üçün “gərək çox bilə, gərək çox öyüd ala”. Təsadüfi deyildir ki, allah kəlamı olan Quranın 750 ayəsində öyrənmək tələbi irəli sürülür. Yunus Əmrənin “oxudum, bildim demə” sözləri Məhəmməd peyğəmbərin “Beşikdən qəbir evinə kimi öyrənin” buyruğuna haq verir, şair deyir:

 

Elm eli bilməkdir, özünü dərk etməkdir.
Sən özünü bilməsən, elm nəyə gərəkdir.

 

Elm, bilik bizim gələcəyimizi aydınlaşdırır. Ayağımızı inamla yerə basmağımıza kömək edir. Bilik öyrənməklə əvvəlcə özümüzü tanıyırıq. Özümüzə istinadən başqalarını, başqalarından və təbiətdən öyrəndiklərimizlə yenidən özümüzü tanıyırıq. Beləliklə, bu günümüzü yaşayır və gələcəyimizi qururuq.

Biliksiz insan savaş davuluna bənzəyir, səsi çox, içi boş olur (S.Şirazi). Aldığı bilik sayəsində insanın özünü tanıması böyük nemətdir. Bilik insanı küləyin səmtinə əsməkdən xilas etməli, onun nə istədiyini və nə üçün istədiyini aydınlatmalıdır. İnsan elmə sahib olmaqla bilməlidir ki, onun borcu həm özünün, həm də başqalarının haqlarını qorumaqdır. İnsan oxuduğuna, biliyinə uyğun hərəkət etməlidir. “Nə qədər oxuyursan oxu, biliyinə uyğun hərəkət etmirsənsə, cahilsən.”

 

Oxuduğunun nə manası, əgər haqqı bilməsən.

Haqqı ki bilmədin sən demək quru əməkdir.

 

Müdrik ozana görə, sevgi, maraq və həvəs bilik öyrənməyin hərəkətverici qüvvəsidir. Onun fikrincə, həvəssiz və sevgisiz bir könül qara daşdır. “Daş könüldə nə bitər?” Elm öyrənmək əyləncə deyil, səbir və zəhmət tələb edir. Şair özü demişkən, elm öyrənmək istəyən “şərbəti əlindən qoyub, ağunu nuş etməlidir ki, haq yolunu tapa, doğru yola vara bilə.”

Ulu ozanın gözündə insan qəlbini ələ almaq, könülləri sevindirmək bir Kəbə yapmaq qədər qiymətlidir, savabdır. Öz yaradanına üz tutan insan daxilən saf və təmiz olmalıdır. Onun ruhu dünya kirinə bulaşmalı deyil. O, maddiyyat bataqlığında çırpınmalı da deyil. Bu mənada şairin “İşin-taşun murdar ikən, eşq neyləsin sənin ilə” sözləri təsadüfi sayılmamalıdır.Həyatda pislikləri görərək onlardan dərs almaq, nəticə çıxarmaq, yaxşılıqlardan və yaxşılardan nümunə götürmək Yunusun gənclərə verdiyi həyat dərsi idi.

 

Bircə könül yapdın isə, əl-ətəyin tutdun isə,
Bir yol xeyir etdin isə, lap mində bircə, az deyil.

 

Şairə görə, “Bir könül yıqdın isə bu qıldığın namaz degil.”Şair şeirlərində könül qıranın

 qıldığı namazın Allahın dərgahında qəbul olunmadığını, bircə insanın könlünü almağın, ehtiyacı olana əl uzatmağın, kiməsə çörək verməyin, digər xeyir işlər görməyin savabını vurğulayır, bunu insan ömrünün zinəti hesab edir. Bu cəhətdən Yunus Əmrəyə görə «Yüz Kəbədən yeyrəkdir, bir könül ziyarəti.»

Haqq aşiqi insanların gözündəki cahillik pərdəsini qaldırmağa çalışır. Y.Əmrəyə görə, cahillərə bilik vermək təhlükəlidir. Çünki “cahil mömün olsa yenə, cahilliyindən qalan deyil, cahil sığal görən deyil.” Şairin fikrincə, cahilin könlü qara daşdan betərdir. “Cahilə söz anlatmaq kora rəng anlatmaq kimidir.” (İmam Evzai). “Cahil kimsənin yanında kitab kimi səssiz olmaq məsləhətdir” (Mövlana)

 

Dünyayə gələn köçər, bir-bir şərbətin içər,
Bu bir körpüdür keçər, cahillər anı bilməz.

 

Yunus Əmrə heç zaman xalqdan ayrılmamışdır. “Elim varsa, mən uluyam”, - deyən şair xalqa rəhbərlik edənlərin dinindən və millətindən asılı olmayaraq insanların hamısını bir gözlə görməyi tələb edir:

 

Yetmiş iki millətə bir göz ilə baqmayan,
Şərin övliyasıysa, həqiqətə asidir.


Və yaxud:

 

Bütün xəlq olanlara bir göz ilə baxmayan,
Xalqa müdərrisdirsə, həqiqətə asidir.


Şair insanları haqq yolu tutmağa, gözəl əxlaq eyləməyə, doğruçuluğa, daxilən saflaşmağa və kamilləşməyə, ərənlərin və mərifət sahiblərinin qulluğunda durmağa, yaxşılıq etməyə və yaxşı-yaxşı işlər görməyə səsləyir:

 

Əl üzməyin əhillərdən, uzaq gəzin cahillərdən.
Tanrı bezib bahillərdən, onları heç görən deyil.

 

Y.Əmrənin görüşləri, fikir və ideyaları hər zaman olduğu kimi indiki günümüzdə də öz müasirliyini və aktuallığını saxlamaqdadır.

 

“Ədəbiyyat və incəsənət”

(03.06.2024)

 

 

                                                                                            

 

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.