ERKƏN GƏLƏN DURNALAR… - “TÜRKSOY” II Beynəlxalq Tələbə Tamaşaları Festivalı major notlarla başa çatdı Featured

Könül, “Ədəbiyyat və incəsənət”

 

Ölkəmizdə keçirilən “TÜRKSOY” II Beynəlxalq Tələbə Tamaşaları Festivalı nəhayət ki, başa çatdı. Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında festivalın bağlanış və mükafatlandırma mərasimi oldu.

 

“Ədəbiyyat və incəsənət” portalı Azərbaycanın TÜRKSOY-da daimi nümayəndəsi Elçin Qafarlıya müraciət edərək mərasim barədə aşağıdakı məlumatları əldə edib. 

Mərasimdən əvvəl T.Abdumomunov adına Qırğızıstan Milli Akademik Dram Teatrının nəzdində Teatr kollecinin tələbələri Ç.Aytmatovun “Erkən gələn durnalar” əsəri əsasında eyniadlı səhnə işini təqdim etdilər.

Sonra T.Jurgenov adına Qazaxıstan Milli İncəsənət Akademiyasının tələbələrinin ifasında F.Q.Lorkanın “Bernard Albanın evi” tamaşası nümayiş olundu.

Bağlanış mərasimində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru, Əməkdar incəsənət xadimi, professor Ceyran Mahmudova Azərbaycanın TÜRKSOY-dakı daimi nümayəndəsi Elçin Qafarlıya, dOM Teatrının bədii rəhbəri, rejissor Tərlan Rəsulova, T.Jurgenov adına Qazaxıstan Milli İncəsənət Akademiyasının pedaqoqu Madina Kulseitovaya, münsiflər heyətinin sədri İsrafil İsrafilova, münsiflər heyətinin üzvləri Murat Atak, Meruyert Jaksılıkova və Janış Kulmanbetova ADMİU adından təşəkkürnamələr təqdim etdi. 

Münsiflər heyətinin sədri, Əməkdar incəsənət xadimi, sənətşünaslıq elmləri doktoru, professor İsrafil İsrafilov çıxış edərək festivalın böyük uğurla keçirildiyini, göstərilən bütün tamaşaların bir-birindən maraqlı və diqqətəlayiq olduğunu bildirdi. 

Sonra “TÜRKSOY” II Beynəlxalq Tələbə Tamaşaları Festivalının qısa icmalı təqdim olundu. 

Daha sonra mükafatlandırma mərasimi keçirildi. 

Münsiflərin qərarına əsasən:

 

Türkiyənin Hacettepe Universitetinin Ankara Dövlət Konservatoriyası (J.Tardyö “Bilet kassası”) “Ən uğurlu aktyor dueti”, 

 

Özbəkistan Dövlət İncəsənət və Mədəniyyət İnstitutu (Ü.Hacıbəyli “Arşın mal alan”) “Ənənəyə sadiqlik”, 

 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (S.Şendil “Qanlı Nigar”) “Ən yaxşı aktyor ansamblı”, 

 

T.Jurgenov adına Qazaxıstan Milli İncəsənət Akademiyası (F.Q.Lorka “Bernarda Albanın evi”) “Ən yaxşı tamaşa”;

 

T.Abdumomunov adına Qırğızıstan Milli Akademik Dram Teatrının nəzdində Teatr Kolleci (Ç.Aytmatov “Erkən gələn durnalar”)

“Ən yaxşı tamaşa” nominasiyaları üzrə qalib oldular.

 

Tədbir Ü.Hacıbəylinin “Cəngi” əsərinin sədaları altında rəqslə yekunlaşdı. 

Azərbaycanda keçirilən “TÜRKSOY” II Beynəlxalq Tələbə Tamaşaları Festivalının major notlarla başa çatdığını söyləyə bilərik. 

Bu tələbə tamaşaları peşəkar teatr tamaşalarından səviyyəcə heç də geri qalmırdı. 

 

“Ədəbiyyat və incəsənət”

(24.05.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.