“İki körpəmi itirdikdən sonra özümü tamamilə ədəbiyyata həsr etdim” - Emel Topal Featured

 

Habil Yaşar, “Ədəbiyyat və incəsənət”

 

Qardaş Türkiyənin dəyərli yazarları ilə müsahibələrim davam etməkdədir. Bu dəfəki müsahibim yazıçı Emel Topal xanımdır.

 

-Salam Emel Topal xanım! Necəsiniz? Zəhmət olmasa öncə özünüz haqqında məlumat verərdiniz.

 

-Mən Emel Topal. Bartında anadan olmuşam. Uşaqlığımı və gəncliyimi Zonquldakda keçirmişəm. Ankara Qazi Universiteti Sənaye Sənətləri Təhsili Fakültəsi Kompüter Təhsili Bölümünü bitirmişəm. Əvvəlcə İstanbulda informasiya texnologiyaları müəllimi işləmişəm. Sonra  İzmirə təyin olundum və hələ də İzmirdə müəllimə işləyirəm. Bir qızım, bir oğlum var.

 

-Ədəbiyyata gəlişiniz necə başladı?

 

-Ədəbiyyata uşaqlıqdan marağım olub. Orta məktəbdə oxuyanda ibtidai sinif müəllimimə yazdığım bir şeir yerli qəzetdə dərc olundu. Liseydə Zonquldakın bəstəkarlıq yarışmasında ikinci oldum. İki körpəmi itirdikdən sonra özümü tamamilə ədəbiyyata həsr etdim. Xüsusilə şeir yazmaqla sağ qalmağı bacardım. Bir roman yazdım. İlk romanım 2021-ci ilin fevralında nəşr olundu. Ədəbi həyata belə daxil oldum.

 

-Əsərləriniz haqqında məlumat verməyinizi istərdik.

 

-İlk əsərim “Ekrandan Gelen Sır” adlı romandır. Yalanın kiçiyinin olmadığını söyləyən bir roman. 2021-ci ildə nəşr olundu. İkinci nəşri 2023-cü ilə təsadüf etdi. İkinci əsərim şeir kitabımdır. Sevgi haqqında şeirlərdən ibarətdir. 2024-cü ilin mart ayında nəşr olundu. Son əsərim birinci sinif şagirdləri üçün uşaq hekayəsidir. Həqiqi bir hekayə əsasında yazılmış uşaq hekayəsidir.

 

-Mövzularınız daha çox nədən ibarətdir?

 

-Romanlar, şeirlər, uşaqlar haqqında yazmağa çalışıram. Xüsusilə uşaq hekayələri sahəsində maarifləndirici mövzularda yazmağı hədəfləyirəm. Şeir yazmağı çox sevirəm və şeirdə irəliləmək istəyirəm.

 

-Türkiyədə oxuma sizi qane edirmi? Ənənəvi ya elektron kitablara üstünlük verirsiniz? 

 

-Türkiyədə yazıçı olmaq çox çətindir. Yazıçılığa bir peşə kimi baxılmır. Ona görə də dolanışığını təmin edəcək bir peşəyə sahib olmaq lazımdır. Bütün günü işləyəndə yazmağa çox vaxtınız olmur. Dövlət yazıçılara heç bir dəstək vermir. Kitab satmaqla pul qazanmırsınız. Müəllif kitablar yazır, amma pulu nəşriyyatlar və onlayn yayım şirkətləri qazanır. Elektron kitabları sevmirəm. Məncə, kitab çapda olmalıdır.

 

-Azərbaycan ədəbiyyatını izləyirsinizmi? 

 

-Azərbaycan ədəbiyyatından bir neçə şeir oxudum və onlar diqqətimi çox çəkdi. Əslində, xüsusən də sizinlə tanış olandan sonra Azərbaycan ədəbiyyatına marağım başladı. Qızımın evlilik prosesi və evin köçməsi səbəbindən indi kitab oxumağa ara vermişəm. Beynim çox dolu olduğu üçün fikrimi cəmləyə bilmirəm. İşimi bitirdikdən sonra xüsusilə Azərbaycan şeir kitablarını oxumaq istəyirəm. Dilimiz eyni olsa da, bəzi sözlərinizi başa düşə bilmirəm. Ona görə də şeir kitabından başlayaraq müxtəlif sözlər öyrənmək istəyirəm.

 

-Gələcək planlarınız haqqında bilmək istərdik, əgər mümkünsə.

 

-Uşaq kitabı yazmışdım, amma maddi imkanlara görə nəşrini gecikdirdim. Bu, maarifləndirici uşaq kitabıdır və ilk olaraq onu nəşr etmək istəyirəm. Uşaq kitablarımı silsilə etmək fikrindəyəm. İşim çox olduğu üçün real həyat hekayəsindən ilhamlanaraq yazdığım kitabı yarımçıq qoymuşdum. Onu tamamlamaq istəyirəm.

 

-Bir yazar olaraq digər yazarlara məsləhətləriniz nədir?

 

-Digər yazarlara məsləhətim odur ki, daim yazın və yazmağı heç vaxt dayandırmayın. Amma çox oxumaq lazımdır. Nə qədər çox kitab oxusaq, fantaziyamız bir o qədər genişlənir. Təsəvvür artdıqca daha gözəl əsərlər yaranır.

 

“Ədəbiyyat və incəsənət”

(26.04.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.