“Kitabi-Dədəd Qorqud” dastanı və dövlətə xas olan rəmzlər Featured

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi – “Ədəbiyyat və incəsənət” üçün

 

 

 

“Kitabi-Dədə Qorqud” dastanı xalqımızın tarix salnaməsi və söz abidəsidir.

Ulu öndərimiz Heydər Əliyev bu kitabı “xalqımızın ana abidəsi” adlandırır və onun haqqında deyirdi: “Bizim zəngin tariximiz, qədim mədəniyyətimiz və milli-mənəvi dəyərlərimiz “Kitabi-Dədə Qorqud” eposunda öz əksini tapmışdır...

 

         “Kitabi-Dədə Qorqud” həm də bizim etika kitabımız, əxlaq kodeksimizdir. Böyüyə hörmət, ata-anaya məhəbbət, iman və etiqad, namus və qeyrət, ailəyə, torpağa, vətənə sədaqət – bu insani keyfiyyətlər, mənəvi məziyyətlər Qorqud övladlarının qanına ana südü ilə, ata nəfəsi ilə birlikdə daxil olur və son mənzilə qədər də onlarla birlikdə gedir. Dədə Qorqud dünyasındakı milli dəyərlər, stereotiplər, rituallar sistemi əslində hər bir azərbaycanlının varlığının ayrılmaz hissəsidir”.

  “Kitabi-Dədə Qorqud” tarix sahəsindəki mənbələrimizin ən mötəbəridir.” (Y.Mahmudov). Dastanda Azərbaycan dövlətçiliyinin təşəkkülünün sosial-iqtisadi prosesləri, dövlətçilik və idarəetmə formaları, türk dövlət quruluşu, dövlət rəmzləri və s. barədə yetərincə məlumat vardır. Haqlı olaraq dastanı  xalqımızın tarixi və tarixi coğrafiyası, milli-etnik varlığımızın tarixi ədəbi ensiklopediyası adlandırırlar.

         Burada dövlətçilik rüşeymlərini vədövlətə xas olan rəmzləri açıq-aydın müşahidə etmək mümkündür. T.Hacıyev özünün “Dədə Qorqud kitabı”: Tariximizin ilk yazılı dərsliyi” əsərində yazır: “Ümumi Qalın Oğuz bayrağının arxasında birində Üç Oq, о birində Boz Oq damğası olan iki bayraq var. Həmin halında Qalın Oğuz, müasir təbirlə federasiyadır”.

Dastanda dövlət rəmzlərinin ən vaciblərindən olan bayrağın adı ələm, sancaq və tuğ şəklində dəfələrlə çəkilir. Məsələn, “Qaba ələm götürən xanımız kimi... Qaba ələm götürən xanımız – Bayandır xan”; “Qazan bəgin qardaşı kafirin tuğuyla sancağı qılıcladı”; “Ağır sancaq götürəndə müsəlmanlar arxası olsun”, “Mərə yigit! Önüncə bu çərinin bir ağ sancaqlı alay çıxdı”və s.

    Ümumiyyətlə, türk xalqlarında bayrağın tarixi çox qədimdir. Vaxtılə Sibirdə yaşayan türkdilli xalqlar çadırın başındakı bacadan yuxarı ağaclar çıxarar və onlardan müxtəlif rəngli dərilər və parçalar asarmışlar. Göytürk xaqanlığının öz tuğunun olması tarixi faktdır. Bu tuğun – bayrağın başında qızıl-gümüşlə işlənmiş qurd başı asılarmış. Məlumdur ki, xürrəmilər də azadlıq rəmzi kimi qırmızı bayraq qaldırmışdılar. Türk xalqlarında bayraqlar Vətənin, xaqanın və onun xalqının ululuğunun, hakimiyyətinin və böyüklüyünün simvolu olmuş, həmişə uca tutulmuşdur.

         Bayrağın qədimliyindən söz açarkən dastanda “ələm” adlı bayrağa daha çox diqqət yeririlməlidir. Tədqiqatçıların fikrincə, məhz bu bayraq dövlət bayrağı anlayışını verir. Tuğ daha qədim olub, əsasən, əsas və hakim təbəqəni bildirməklə döyüş əlaməti daşıyır. Sancaq isə daha çox vilayətlərin simvolu kimi özünü göstərir.  Bunu eposda işlənmiş “yigirmi dörd sancaq bəyi” ifadəsi də göstərir. Beləliklə, dövlət bayrağı mənasında tam işlənən söz “ələm” sözüdür. “Qaba ələm götürən xanımız – Bayandır xan” ifadəsi bu qənaəti daha da gücləndirir. Dövlət başçısının götürdüyü “qaba” – uca bayrağın dövlət bayrağı olması daha inandırıcıdır.

Dastanda bayrağa hörmət və ehtiram hissinin yüksək olduğu xüsusi qeyd olunmalıdır. Oğuzlar bayrağın şərəfini ica tutur, onun düşmən əlinə keçməsinə, qılınclanıb ayaqlar altına salınmasına imkan vermirlər. Bayrağın ayaq altına atılması məğlubiyyət və təhqiq kimi qiymətləndirilir. Onun məhv olması dövlətin və istiqlalın məhv olması hesab olunur.

  Dastanda təsvir olunan bayraqların rəngləri də maraq doğurur. Tarix göstərir ki, qədim türklərdə el və tayfa birləşmələrinin müxtəlif rəngli bayraqları olmuşdur. XV-XVI əsrlərdə Azərbaycan miniatürlərində ağ, göy,sarı və qırmızı rəngli bayraq təsvirlərinə tez-tez rast gəlmək mümkündür. Daha çox ağ, qara və qırmızı bayraqlardan istifadə edilmişdir. “Kitabi-Dədə Qorqud” dastanında isə biz ancaq ağ və qara rəngli bayraqları görürük. Məsələn, “Qazan gördü kim, ləşkər önüncə, bir ağ boz atlı, ağ ələmli bərkdəmir donlu, oğuzun önüncə gəldi, çadrın tikdirdi, alay bağladı durdu.”, “Boyu uzun  Burla xatun qara tuğun kafirin qılıcladı, yerə saldı.” və s.

  “Oğuzların dövlət bayrağı nə üçün ağ rəngdədir?” Mənbələr gösrərir ki, türklərdə ağ rəng Tanrı rəngi, qalibiyyət və hakimiyyət rəmzi sayılır. Bu ənənə XX əsrin əvvəllərinə kimi mövcud olmuşdur. Görkəmli tədqiqatçı M.Seyidov yazır ki, XX əsrin əvvəllərində Şəki xanlarının nəslindən olan Ədil xanın şəhərdəki evlərinin üstündə həmişə ağ bayraq yellənərmiş.

  Qara bayraq güc və qüdrət simvolu sayılırdı. Dastanda təsvir olunan kafirlər Oğuz elinə qara rəngli bayraqla gəlir, beləliklə, özlərinin güclü və qüdrətli olduqlarını bildirirdilər. Amma həmişə məğlub olurdular. Oğuz igidləri onların qara tuğlarını qılınclayıb yerə salırdılar.

  Maraqlıdır ki, dastanda oğuzların başı üzərində qara və qırmızı bayraq görmürük. Görəsən niyə? Çünki onlara görə,  qırmızı bayraq tərəflərin bir-birinə müharibə elanetmə simvoludur. Oğuz ölkəsi isə sülhsevər bir ölkədir, heç kəsə güc nümayiş etdirimir, iğalçılıq siyasəti yeritmir, müharibə etmir. Ona görə də başları üzərində qara və qırmızı bayraq qaldırmırlar.

“Kitabi-Dədə Qorqud” dastanında himn və gerbin ilk rüşeymləri və qədim formaları da öz əksini tapmışdır.

  Himn mühüm dövlət rəmzlərindən biridir.Himn sözü yunan mənşəli olub, ilkin mənada allahları, müəyyən tarixi hadisələri, onların qəhrəmanlarını şöhrətləndirən, təntənəli musiqini və nəğmələri bildirmək üçün işlənmişdir. Türk xalqlarında himnin tarixi də çox qədimlərə gedib çıxır.

Bildiyimiz kimi himnlərdövlət və ya sinfi birlik rəmzi kimi qəbul olunmuş təntənəli mədhiyyə, birinin və ya bir hadisənin şərəfinə ifa edilən təntənəli musiqi əsərləridir, müstəqilliyinvə milli birliyin söz vəmüsiqiiləifadə olunmasıdır.

Türk mifoloji düşüncəsinə görə, bayraq və təbil (əsgər musiqisi) dövlət və istiqlalın ən müqəddəs rəmzlərindəndir. Dastanda belə musiqilər–hərbi marşlar haqqında da məlumat verilir. Bu növ musiqilər igidlərin döyüş əhval-ruhiyyəsini qaldırmaq, onların qələbə əzmini yüksəltmək məqsədi daşıyır. Bu musiqilərin ifası zamanı qopuzla yanaşı, daha çox nəfəslə çalınan borudan, zərb alətlərindən davul, kos (kus) və nağaradan istifadə olunur.

“Kitabi-Dədə Qorqud” dastanında hadisələri, onların qəhrəmanlarını şöhrətləndirən  təntənəli musiqinin – indiki dillə desək, himnin olduğunu  əsərdən gətirilmiş aşağıdakı nümunələr də sübut edir: “Gumbur-gümbur  naqaralar dögüldü, burması altun tunc borular çalındı”, “Gumbur-gumbur davullar çalındı”, “Boru çalındı, kos uruldu.”  və s. Bizcə, dastanda söylənilən alqışlar da himninqədim formalarından sayıla bilər.

  Dastanda Oğuz igidlərinin döyüşə girərkən və döyüşdən çıxarkən kiçik  təbillərdən istifadə etmələrinin də şahidi oluruq. Bu, bir mərasim xarakteri daşıyırdı. Adı çəkilən musiqi alətlərinin hamısı döyüşdə, savaş meydanında işlənir. Çalınan musiqi müstəqilliyi, Vətəni, milləti və dövləti müdafiə etməklə milli birliyin təcəssümü kimi qavranılır.

Bu nümunələr göstərir ki, dövlətçiliyimizdə dövlət himninin – milli marşın – milli himnin mənşəyi və tarixi təkamülün əsasını təşkil edən qədim və zəngin dövlətçilik ənənələrimiz olub və XX əsrin əvvəllərindən etibarən müasir anlamda, Avropa tipli himnin formalaşması prosesi məhz həmin ənənələr və ümumbəşəri dəyərlər əsasında baş verib. (Xatırladaq ki, hazırkı himnimiz də ilk əvvəl marş (“Azərbaycan marşı”) kimi yaranmışdır. Ondan bir müddət orduda hərbi marş kimi də istifadə edilmişdir.)

Gerb də ən mühüm dövlət rəmzlərindən sayılır. Gerb irslə ötürülən və ölkənişəhərinəslifərdi xarakterizə edən elementlərlə bəzədilmiş emblemdir. Türklərdə gerbin tarixi də çox qədimdir. M.Аdjının “Полынполовецкогополя” əsərində göstərilir ki, qədim türkün bayrağında ikibaşlı qartal gerbi olub, sonralar ruslar həmin gerbi özlərinə mənimsəmişlər.

Gerbin üzərindəki simvollar təsadüfi olmur.  Əlbəttə, “Kitabi-Dədə Qorqud” dastanında indiki anlamda gerb təsəvvür etmək absurd olar. Burada  ancaq bizim bu gün gördüyümüz gerbin formalaşmasına səbəb olacaq simvolları, damğaları görə bilərik.

A.Şahbazlı özünün “Qədim türk xalqlarının möhür (damğa) ənənəsi” adlı əsərində yazır ki, bu simvol və damğalar müasir dövrümüzdə istifadə edilən gerb kimi təsviri ifadələrin ən qədim formaları olaraq qəbul edilə bilər.

İndiki gerbimizdə dastanda adı çəkilən qalxan, “Qaba Ağac”lardan sayılan palıd budaqlarından, Tanrı rəngi sayılan ağ rəngdən və s.istifadə olunması da bunu sübut edə bilər. Şərq qalxanı Qərb qalxanlarından fərqli olaraq dairəvi (bu günəş kultu ilə də bağlı ola bilər) formada olur. Gerbimizin onun üzərində təsvir edilməsi ölkəmizin şərq ölkəsi olduğunu bildirir. Günəşin simvolu olan səkkizguşəli ulduzun ağ rəngdə verilməsi “Əmin-amanlıq, sülhsevərlik və barış” mənaları verir. Yuxarıda da qeyd etdiyimiz kimi eposda oğuzların istifadə etdikləri bayraqlardan birinin rəngi də ağ olub və eyni anlamdadır.

Dastanda vəsf olunan “Qaba Ağac” isə ilk ana, övladverən, möhkəmlik , “əbədi, daimi, sonsuz həyat” anlamındadır. Azərbaycan Respublikasının gerbində palıd yarpaqlarından (həmçinin qozalarından) istifadə edilməsi isə ölkəmizin müstəqilliyinin əbədiliyini və dönməzliyini ifadə edir. Ümumiyyətlə, “palıd” heraldikada hərbi funksiya daşıyır və möhkəmlik”, dözümlülük və s. mənasını verir. Gördüyümüz “Qaba ağaç”lardan sayılan palıdın dastandakı və gerbimizdəki mənaları eynidir.

 

“Ədəbiyyat və incəsənət”

(08.04.2024)

              

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.