Azərbaycan Mətbuat Şurasında tanınmış Özbəkistan yazarı ilə görüş keçirilib

Ayşən Rəhim, “Ədəbiyyat və incəsənət” üçün

 

Dünya Gənc Türk Yazarlar Birliyinin və  Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə Özbəkistanın “Şöhrət” medalı laureatı, şair, “Kitab dünyası” qəzetinin baş redaktoru Xasiyyət Rüstəmlə görüş keçirilib.

 

Görüşdə MŞ-nın İdarə Heyətinin və Azərbaycan Yazıçılar Birliyinin üzvləri, tanınmış jurnalistlər və yazarlar iştirak ediblər.

Tədbir mərhum millət vəkili Qənirə Paşayevanın xatirəsinin bir dəqiqəlik sükutla  yad olunması ilə başlanılıb.

Toplantını giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid X.Rüstəmin bioqrafiyası ilə iştirakçıları tanış edib.

"1971-ci ildə Özbəkistanın Nəmənqan şəhərində anadan olmuş X.Rüstəm jurnalist təhsillidir, eyni zamanda, Ali Ədəbiyyat Universitetinin məzunudur. 2015-ci ildən isə nüfuzlu “Kitab dünyası” qəzetinə rəhbərlik edir.

X.Rüstəm  Azərbaycanla sıx əlaqədə olan jurnalist və yazardır.  Onun 44 günlük müharibə dönəmində yazdığı “44 gün” kitabı  çap olunub. 2020-ci ilin oktyabrında X.Rüstəmin təşəbbüsü ilə dünyanın bir qrup tanınmış şair, yazıçı və ədəbiyyat tənqidçilərinin Qarabağ münaqişəsi ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə həmrəylik məktubu ünvanlamaqları əlamətdar məqamlardan biridir".

MŞ sədri sözügedən şairin müharibə zamanı qarabağlıların dərdini ifadə edən “Adı Lalə idi o qızın” adlı poema yazdığını və bu yaradıcılıq nümunəsinin 2020-ci ilin oktyabrında kitab kimi nəşr olunduğunu da diqqətə çatdırıb.

R.Məcid özbək jurnalist-yazara rəhbəri olduğu qurumun diplomunu təqdim edib.

"Yeni Müsavat" media qurumunun rəhbəri Rauf Arifoğlu çıxışı zamanı X.Rüstəmin Özbəkistanı ədəbi cəhətdən Azərbaycanlaşdıran ziyalı kimi təsnif edib: "Xasiyyət xanımla Turan qurultaylarında görüşmüşəm, onun evində qonaq olarkən əsl ziyalı mühiti görmüşəm".

R.Arifoğlu Turan ellərində növbəti görüşlərin keçirilməsini arzulayıb. 

Tədbirdə  iştirak edənlər arasında "Yada düşdü” jurnalının baş redaktoru Nəzakət Məmmədli, Əli Kərim adına Sumqayıt Poeziya evinin rəhbəri İbrahim İlyaslı, Əməkdar  jurnalist Zemfira Məhərrəmli, MŞ idarə heyətinin üzvü, jurnalist Ceyhun Musaoğlu, şair İlqar Türkoğlu, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı, şair İntiqam Yaşar, DGTYB idarə heyəti üzvü Yusif Nazim Ərəbsoy, yazar Gülşən Behbud, gənc türkoloq Məleykə Mirzəli, gənc yazarlar Rübabə Sahib, Həsən Kür, Ayşən Rəhim,  Banu Məhərrəm, "Vision TV” internet televiziyasının rəhbəri Şöhrət Eldəniz və başqaları yer alıb.

Çıxış edənlər özbəkistanlı yazarın yaradıcılığındakı xarakterik məqamları dilə gətiriblər. Onlar X.Rüstəmin türk xalqlarını bir-birinə yaxınlaşdırmaq amalını və bu istiqamətdə gördüyü işləri yüksək qiymətləndiriblər. 

Qeyd olunub ki, Xasiyyət Rüstəmin yaradıcılığında Azərbaycan, Qarabağ mövzusu xüsusi əhəmiyyət daşıyır. İştirakçılar dünyada Azərbaycana qarşı güc nümayiş olunduğu bir zamanda onun Türk birliyinin qorunmasına xidmət etməsini təqdirəlayiq olduğunu vurğulayıblar.

Tədbirin sonunda X.Rüstəm ədəbi fəaliyyətinə və gördüyü işlərə verilən yüksək dəyərə görə tədbir iştirakçılarına minnətdarlığını dilə gətirib. Azərbaycanda olmasından və tədbirdə iştirak etməsindən dolayı məmnunluğunu ifadə edib.

O, bu dəyərin və haqqında səslənən xoş fikirlərin onu daha da ruhlandırdığını bildirib. Azərbaycanı özünə ikinci vətən hesab etdiyini vurğulayan qonaq müəllifi olduğu şeirlərdən nümunələr səsləndirib.

Tədbirin sonunda X.Rüstəm tərəfindən Rəşad Məcid və İntiqam Yaşara rəhbəri olduğu qəzetin fəxri diplumları təqdim olunub. Xatirə fotosu çəkilməklə tədbirə yekun vurulub. 

 

“Ədəbiyyat və incəsənət”

(29.01.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.