Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Türkiyədə keçirilən tədbirlərə dəstək verir

Türkiyənin İstanbul şəhərində Beynəlxalq Səs və Audio-Vizual Arxivlər Birliyinin 54-cü İllik Konfransı və 4-cü Beynəlxalq Ənənəvi Musiqi Şurası Forumu öz işinə başlayıb. İstanbul Universitetinin Dövlət Konservatoriyasının ev sahibliyində gerçəkləşən tədbirin əsas dəstəkçilərindən biri kimi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu çıxış edir.

 

Fonddan AzərTAC-a bildirilib ki, tədbirlərin açılış mərasimində İstanbul Universiteti Dövlət Konservatoriyasının rektoru Şebnem Ünal, Beynəlxalq Səs və Audio-Vizual Arxivlər Birliyinin rəhbəri Tre Berney, Türk Dünyası Bələdiyyələr Birliyinin Baş katibi Fahri Solak, TÜRKSOY-un sabiq Baş katibi Düsen Kaseinov çıxış edərək, qloballaşan dünyada bəşəri sivilizasiyanı zənginləşdirən müxtəlif xalqlara məxsus mədəni irsin yaşadılmasının önəmindən bəhs ediblər.

 

Tədbirdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunu təşkilatın nümayəndəsi Ləman Ağagülova təmsil edib. Fondun prezidenti Günay Əfəndiyevanın adından iştirakçıları salamlayan L.Ağagülova, Türk dünyasının ortaq köklərinin, irsinin təbliği və gələcək nəsillərə ötürülməsinin vacibliyini vurğulayıb.

 

Ləman Ağagülova müasir dövrdə dünyada mədəni sərvətlərin qorunması yönündəki səylərin artmasına diqqət çəkərək, türk xalqlarının zəngin milli-mənəvi dəyərlərinin öyrənilməsi, qorunması və geniş miqyasda tanıdılması üzrə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətlərindən söz açıb. O, bu tip tədbirlərə dəstək verilməsinin təmsil etdiyi təşkilatın əsas vəzifələrindən olduğunu qeyd edərək, Fond tərəfindən müxtəlif ölkələrdə həyata keçirilmiş layihələr haqqında məlumat verib.

 

Tədbirin bədii hissəsində Azərbaycandan Səbinə Ərəbli (xanəndə), Rəşad İbrahimov (tar), Təbriz Yusubov (kamança) və Siyavuş Kərimov (nağara), Qazaxıstandan Kairat Aitbayev, Yerlan Ryskali, Raushan Urazbayeva, Yernar Omiralinin, Qırğızıstandan Roza Amanovanın ifalarında Türk dünyasının musiqi əsərləri səsləndirilib. Türkiyənin “İrfan və meydan məşqləri”, “Dövlət xalq rəqsləri” ansambılları türk xalqlarının rəqslərini nümayiş etdirib.

 

Tədbirlər bu gün də davam edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(15.09.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.