Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Qazaxıstanda beynəlxalq sərgi açılıb

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Qazaxıstanın Mədəniyyət və İdman Nazirliyi ilə birgə əməkdaşlığı çərçivəsində ölkənin Türküstan vilayətinin Otrar bölgəsində “Böyük İpək Yolu üzərində toxuculuq və zərgərlik” mövzusunda beynəlxalq sənət sərgisi açılıb.

 

AzərTAC xəbər verir ki, sərgidə 6 türk ölkəsindən - Azərbaycan, Qazaxıstan, Türkiyə, Qırğızıstan, Özbəkistan və Türkmənistandan gələn el sənətkarları iştirak ediblər.

 

Tədbir türk xalqlarının mədəni-mənəvi irsini təbliğ etmək, nəsillərə ötürmək, türk birliyini və əməkdaşlığını gücləndirmək məqsədilə həyata keçirilib.

 

Sərgidə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Qazaxıstan nümayəndəsi, layihə rəhbəri Talgat Muxanov, Qazaxıstanın Mədəniyyət və İdman Nazirliyinin mədəniyyət komitəsinin sədri Kumis Seyitova, Otrar bölgəsinin Valisi Saken Sultanxanov, Mərkəzi Asiya və Sakit Okean Ölkələri Sənətkarlar Şurasının vitse-prezidenti, “Bizim irs” İctimai Fondunun prezidenti, Qazaxıstan Sənətkarlar İttifaqının sədri Ayjan Bekkulova çıxış ediblər.

 

Qeyd olunmalıdır ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Türk dünyasının çoxəsrlik maddi-mənəvi sərvətləri ilə bağlı layihələrə dəstək verərək, türk dövlətləri ilə yanaşı, dünyanın müxtəlif ölkələrində ümumtürk irsini tanıdır.

 

“Ədəbiyyat və incəsənət”

(30.08.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.