Ərzə işıq saçanlar Featured

“Ədəbiyyat və incəsənət” portalı türkploq Məleykə Mirzəlinin özbək-azərbaycanlı dostluğundan bəhs edən yazısını diqqətinizə çatdırır.

 

Ortaq, qədim tarixə malik (eyni milli kökdən gəlib), ulu əcdadın varisləri olaraq gələnəkləri yaşadan, eyni dildə bir-birini anlayan (və eyni dinə inam bəsləyən) insanlar deyəndə, şübhəsiz ki, ağlımıza ilk olaraq çağdaş türk dövlətləri xalqıarı (qardaşlarımız!) gəlir. XXI yüzildə bütün qabaqcıl ölkələrin hərtərəfli inkişaf etdiyini, yəqin, hər birimiz müşahidə edirik. Bu inkişaf əsasən, siyasi təşkilatlanmadan doğur; maraqlısı budur ki, həmin təşkilatlar içində qanbağına, soy-kökünə bağlı olanları xeyli azdır və ya səs-soraq yaratmağı bacarmır. Bu azlığın içində ulduz tək parlayanlardan biri (bizim üçün başlıcası!) Türk Dövlətləri Təşkilatıdır! Təşkilata üzv dövlətlərin hər birinin tarixi çox qədimə gedib çıxan ortaq dəyərlərlə bir-birinə bağlıdır. Ümumiyyətlə, türkün tarixinə qısa nəzər salsaq, görərik ki, dövlətqurmada, təşkilatlanmada türklər digər millətlərdən həmişə fərqlənib.

Müstəqil Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də daim, qardaş ölkələrlə siyasi müstəvidəki əlaqələrə üstünlük verməsi məhz ortaq dəyərlərdən qaynaqlanır. Çıxışlarında hər dəfə qardaş dövlətlərin birgə gələcəyə inamla baxdığını və bunun üçün möhkəm təməlin olduğunu vurğulamışdır: “Bu, bizim ortaq köklərimizdir, dilimizdir, dinimizdir və ortaq maraqlarımızdır”.

Özəlliklə, tarixə yazılacaq Zəfərlə yekunlaşan II Qarabağ Müharibəsi sonrası türk dövlətlərinin daha çox yaxınlığı görülməkdədir; bu da məhz Azərbaycanın qələbəsi ilə bütöv Türk dünyasına yeni perspektivlərin gəlməsi ilə bağlıdır. Beləliklə, ölkəmizin Türk dünyası ilə qarşılıqlı və sıx bağlarının 2020-ci ildən sonra yeni şəkil aldığı göz qarşısındadır. Bu baxımdan Türküstün coğrafiyasında Özbəkistanla olan hərtərəfli və strateji işbirlikləri diqqət cəlb edir.

Özbəkistan o ölkələrdəndir, Azərbaycanın ədalətli mövqeyini hələ keçmiş Qarabağ münaqişəsi dönəmində dəstəkləyib. 2021-ci il martın 31-də Türk Keneşinin (Türk Dövlətləri Əməkdaşlıq Şurasının) videokonfrans formatında keçirilmiş qeyri-formal Zirvə görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycanı Qarabağın qaytarılması və tarixi ədalətin bərpa olunması münasibətilə təbrik etməsi, həmin ilin noyabrında İstanbulda keçirilmiş Türk Keneşinin VIII Zirvə Görüşündə isə Özbəkistan vəsaiti hesabına Füzulidə böyük məktəbin tikiləcəyini bildirməsi Özbəkistanın daim Azərbaycanın haqq davasında dəstəkçisi olduğunun (və olacağının!) göstəricisidir.

Bu günlərdə - 22-23 iyul tarixlərində həmin uğurlu siyasətin davamı olaraq Özbəkistan Respublikası Prezidenti Şavkat Mirziyoyev, Özbəkistan birinci xanımı Ziroatxon Mirziyoyeva və geniştərkibli Özbəkistan nümayəndə heyətinin Azərbaycana rəsmi səfəri oldu. Əslində, Azərbaycan-Özbəkistan bağları az rastlanan dərin könül bağlarındandır. Ancaq göz önündə tutmaq üçün vurğulaya bilərik ki, ötən il içində Azərbaycan Prezidentinin Özbəkistana üç səfərinin olması möhtəşəm hadisə idi.

Bakı şəhərinə təşrif buyuran Şavkat Mirziyoyev görüş zamanı növbəti dəfə Prezident seçilməsindən sonra ilk dövlət səfərinin Azərbaycana olmasını vurğulayıb. Onu da vurğulayıb ki, “Son 3-4 il ərzində biz Sizinlə birlikdə münasibətlərimizi tamamilə başqa səviyyəyə yüksəltmişik, həmçinin beynəlxalq müstəvidə. Bu, hər yerdə hamı tərəfindən qəbul edilir”.

Bu görüşlər ərzində siyasi, iqtisadi, nəqliyyat, mədəni-humanitar sahələrdə ümumilikdə 20 sənəd imzalanmışdır ki, bunların hər birinin uğurlu töhfələr verəcəyini prezidentlər qətiyyətlə ifadə edib. Özəlliklə, Ş.Mirziyoyevin bu layihələrin nəticələri barəsində söz açarkən “Biz öz istiqamətimizi ən yaxın ölkə olan Azərbaycanla müəyyən edirik və hesab edirəm ki, bu, yeganə düzgün qərardır” deməsi unudulmazdır. Bu, bir daha iki qardaş və dost dövlətin bir-birinə hansı səviyyədə yaxınlıq göstərdiyinin parlaq ifadəsidir.

Azərbaycana rəsmi səfərini işğaldan azad edilmiş Füzuli şəhərində davam etdirən Ş.Mirziyoyev ilk növbədə Mirzə Uluqbəy adına 1 saylı tam orta məktəbin açılışında iştirak edib. O, bu məktəbi VIII Zirvə görüşündə vəd etmişdi. Nəhayətində, işğaldan azad edilmiş Füzuli şəhərində 960 şagirdin təhsil alacağı, iki qardaş xalq arasında həmrəyliyin, dostluğun müdhiş örnəyi olan bir təhsil ocağının varlığından söz edirik. Məktəbin adını daşıdığı M.Uluqbəy özbək xalqının fəxarətlə andığı, qürur duyduğu ensiklopedik şəxsiyyət, Əmir Teymurun nəvəsi, XV yüzilin görkəmli astroloqu, elm, dövlət xadimidir. M.Uluqbəydən bəhs edərkən istər-istəməz, iki dövlət arasında yeni bir dostluq körpüsü yaradan, özbək ədəbiyyatına misilsiz töhfələr vermiş, “özbək ədəbiyyatının Şekspiri” kimi tanınan Maqsud Şeyxzadənin qələmə aldığı "Mirzə Uluqbəy” əsərini xatırlayırıq.

Səfərin növbəti dayanacağı isə Türk dünyası mədəniyyət paytaxtı olan Şuşa oldu. Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva bir sıra tarixi məkanlarla tanış olduqdan sonra Cıdır düzünə baş çəkib. Bu tarixi bir hadisədir. Qarabağa, Şuşaya, Cıdır düzünə Ərdoğandan sonra səfər edən ikinci türk lideri Özbəkistan Prezidenti Şavkat Mirziyoyevdir. Özlüyündə tarixi səfərə çevrilən bu ziyarətlərin əslində başlanğıcı elə səfərin mahiyyətində yatır.

Görüşlər zamanı hər iki Prezident Bakıda bu ay ərzində 200-dən çox mədəniyyət, incəsənət nümayəndəsinin, aydınların iştirakı keçirilən “Özbəkistan Mədəniyyət Günləri”-ni xatırlatdı. Şübhəsiz, Mədəniyyət Günlərində Azərbaycan tamaşaçısı qardaş özbək mədəniyyət nümayəndələrinin yüksək ustalığına və istedadına bir daha şahid oldu. Keçən il ərzində də Özbəkistanın Daşkənd, Buxara, Nəvai və Səmərqənd şəhərlərində “Azərbaycan Mədəniyyəti və Ədəbiyyatı Günləri” keçirilmişdi. İki ölkə başçısının bu cür tədbirlərin davamlı keçirilməsi ilə bağlı gəldiyi razılıq mədəniyyət sahəsində çox vacib addımdır. Dahi Hüseyn Cavidin dediyi kimi:

Turana qılıncdan daha kəskin, ulu qüvvət,

Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!

İki qardaş ölkə başçısının, demək olar, bütün görüşlərində üzərindən sükutla keçilməyən bir məsələ də var: dil məsələsi! İ.Əliyevin 22 iyun 2022-ci ildə Xivə şəhərindəki görüş zamanı azərbaycanca, Ş.Mirziyoyevin isə özbəkcə danışması və “Bizim tərcüməçiyə ehtiyacımız yoxdur” demələri əslində böyük anlam daşıyır. Ortaq türkcəyə gedən yolda dövlət liderlərinin bu cür mövqe sərgiləməsi müstəsna keyfiyyətdir. Ustad Şəhriyarın “Türkün dili tək sevgili, istəkli dil olmaz, özgə dilə qatsan, bu əsil dil əsil olmaz” sözləri bu məqamda yada düşür...

Bakıdakı görüş zamanı yenə dil məsələsi vurğulandı. Ş.Mirziyoyevin “Bir müddət keçəcək bizə tərcüməçi lazım olmayacaq və ya burada iki dildə danışmağa ehtiyac qalmayacaq. Düşünürəm ki, biz eyni köklərə malikik və bir-birimizlə ortaq dildə danışacağıq” fikirini bildirməsi liderlərin dil məsələsini daim diqqətlə saxladığını və onların qətiyyətini göstərir.

İki qardaş xalqın bir-birinə olan sevgisi, mehr-məhəbbəti qədim gələnəklər üzərində boy verib. XV yüzildə türkcənin bayrağını ucalara qaldıran Əlişir Nəvai Nizami Gəncəvini ustad, özünü isə onun şagirdi bilib. Sonrakı yüzilliklərdə isə Kişvəri, Xətai, Füzuli kimi dühaların Nəvaidən təsirləndiyi görülməkdədir. Özbək xalqının istəkli yazarına çevrilmiş azərbaycanlı Maqsud Şeyxzadə və Azərbaycan türkologiyasına əsaslı töhfələr vermiş (“Divanü Lüğat-it-Türk”ü ilk dəfə dilimizə çevirən) özbək alim Xalid Səid Xocayev uzun yüzillərin sınağından çıxmış könül körpüsünə can verənlərdən olub.

Bu fikirlərdəykən ağlımda Özbəkistan dövlət himninin sözlərinin müəllifi, Özbəkistan Xalq şairi Abdulla Aripovun 1980-ci ildə Azərbaycana gələrkən yazdığı, özbək xalqının Azərbaycana olan sevgisindən yoğrulmuş “Azərbaycan” adlı şeirindən bir neçə misra dolaşır. Və əzbərimdəki kimi (çevrisiz) sizinlə bölüşmək istəyirəm:

 

Men senday mezbonni topmog‘im gumon,

Sen ham topolmassan menday mexmonni.

Mavjud bo‘lmasaydi olamda agar,

Uylab topar edim Ozarbayjonni.

 

Müstəqil Azərbaycan Repsublikasının gənc vətəndaşı olaraq eyni soy-kökə malik iki qardaş dövlətin yaxınlığından, möhkəmlənən işbirliyimizdən çox məmnun və sevincliyəm! Düşünürəm ki, M.Şeyxzadənin “Türk milləti” şeirində yazdığı kimi “Bir vaxt ərzə işıq saçanlar bizik” dönəmini çağdaş yüzilliyimizə gətirməli, türk milləti olaraq yenidən ərzə işıq saçmalıyıq!..

 

Kimsən, haralısan sorursan, ey dost,

Bir vaxt ərzə işıq saçanlar bizik.

Köksümüz içində qaplanlar yatar,

Himalay dağını aşanlar bizik!

 

“Ədəbiyyat və incəsənət”

(25.08.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.