Yox, düşünməyin ki, söhbət Xalq artisti Aygün Kazımovanın məşhur mahnısından gedir. Söhbətimizin qəhrəmanı Gülgün Quliyevadır.
Bir vaxtlar motivasiya kitabları əsla məşhur deyildi, tanıdığımız da Deyl Karneginin “Dostu necə qazanmalı” sayaq kitabları idi. Amma günümüzdə kitab rəflərində onlarca motivasiya kitabları görmək olar. Üstəlik, əcnəbi kouçlarla yanaşı öz milli kouçlarımız da fəaliyyət göstərməkdədir.
“Özümün kimliyi, haradan gəlib hara getməyi, üzləşdiyimiz həyat problemləri, bəzən baş aça bilmədiyimiz dolanbaclar, bizi qoynuna alıb aparan burulğanlar həmişə, lap uşaq yaşlarımdan məni düşündürüb. Həyatımın 25-30 ilini məhz bu suallara cavab axtarmaqla keçirmişəm. Bu gün sizlərə təqdim olunan kitab da məhz həmin axtarışların bəhrəsi olaraq araya-ərsəyə gəldi…” - Nizami Kino Mərkəzində keçirilən “Qoy işığı yandırım” kitabının təqdimat mərasimdə çıxış edən müəllif Gülgün Quliyeva özünün ilk yaradıcılıq məhsulunun yaranmasını belə izah edib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, mərasimdə çıxış edən “Xalq qəzeti”nin redaktoru Əflatun Amaşov kitabın özünü axtaran hər kəs üçün faydalı vəsait olduğunu qeyd edərək deyib: “Hətta ilk baxışda bizim bildiyimiz, yaşadığımız və tanış duyğuların alt qatında anlaya və duya bilmədiyimiz çox şeylər yatır, onların hamısını işığa çıxarmaq lazımdır və Gülgün Quliyevanın yandırdığı işıq bu mənada çox gərəkli və hər kəsə lazım ola bilən bir işıqdır..”
Çıxış edənlər qeyd ediblər ki, ölkəmizdə yeni olan, şəxsi inkişaf kouçunun təqdim etdiyi bu kitabda hər kəsi düşündürən və onun üçün maraqlı olan məqamlara işıq tutulur. “Qoy işığı yandırım” ardınca aparmaq istədiyi oxucuya, arzu və istək vurğunlarına hökm etmir, yaşam variantlarını nişan verir. Bu sadəcə kitab deyil, çətin həyat yolunda sıxıntılardan xilas olmağın ən uğurlu layihəsini canlandıran könül təsviri, çağırış və onlara doğru uzanmış xeyirxah və etibarlı əldir. Əbəs yerdə deyil ki, “Qoy işığı yandırım”ın “Ön söz”ünün müəllifi fəlsəfə elmləri doktoru, professor Rahid Ulusel da bunu xüsusi olaraq vurğulayır: “Həyatın labirintlərində dolanır, gəzişir, eşələnir… və birdən gün işığına çıxanda gözlərimiz qamaşır. Gülgün xanım işığı ona görə yandırmır ki, qaranlığı qovsun. Yandırır ki, insan içindəki işığı görə bilsin”.
Təqdimat mərasimindən sonra müəllif tədbir iştirakçılarına hədiyyə edilən kitabını imzalayıb.
“Ədəbiyyat və incəsənət”
(31.07.2023)