Tarixi abidəmiz “təmir” adı ilə məhv edildi - Qarabağdakı alban abidələrini də beləmi bərpa edəcəyik?

Fazil Mustafa: “Qarabağdakı abidələrə də bu prinsiplə yanaşsaq, onların da “evi yıxılacaq”

 

Naxçıvanda tarixi irsimizlə bağlı utancverici hadisə yaşanıb. Belə ki, Culfa rayonunun Qazançı kəndində XVI əsrə aid olan və dövlət tərəfindən qorunan tarixi abidə restavrasiya (təmir) adı ilə məhv edilib.

 

Tanınmış memar, sənətşünaslıq üzrə elmlər doktoru, professor Elçin Əliyev Oxu.Az-a açıqlamasında bildirib ki, bu cür “təmir” biabırçılıqdır: “Biz tarixi abidələrə qarşı bu cür münasibətlərlə tez-tez qarşılaşırıq. Bakı, Gəncə, Lənkəran və digər yerlərdə belə yanaşmalar var. Təəssüf ki, indiyədək vəzifəyə gələn Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəhbərləri abidələrə diqqət ayırmırlar. Abidələrə qarşı bu cür münasibət dəyişməlidir. İlk növbədə nazirlik addım atmalıdır. İşi sevənlər, vətənpərvərlər vəzifəyə gətirilməlidir ki, belə ”təmir"in qarşısı alınsın. Bunu dövlət orqanı edib və rəhbəri elə düşünür ki, yaxşı edir. Amma abidələr barədə heç nə bilmir".

O qeyd edib ki, Mədəniyyət Nazirliyi tərəfindən tarixi abidələrlə bağlı davamlı maarifləndirmə işləri aparılmalıdır: “Təcili bu sahədə proqramlar tərtib edilməlidir ki, insanların mədəniyyət səviyyəsi qalxsın. Bunun üçün 10-15 il lazımdır”.

Məsələ barədə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyindən bildirilib ki, bu və bir sıra tarixi abidələrimizin restavrasiyası zamanı nazirliyin müvafiq rəyi alınmayıb. Görəsən niyə? Belə özbaşınalıqları necə önləməli? Bu minvalla biz Qarabağda, işğaldan azad edilən ərazilərdə erməniləşdirilən alban mədəni və dini abidələrini necə öz əvvəlki simasına qaytaracağıq, əgər öz tarixi-mədəni irsimizi belə “restavrasiya” ediriksə? Nəhayət, günahkarlar cəzalanacaqmı?

Mövzu ilə bağlı Azərbaycan Mədəniyyət Nazirliyinin mövqeyini öyrənməyə çalışdıq. Qurumdan bildirildi ki, bu məsələ yalnız Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin səlahiyyətlərinə aiddir.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədr müavini Fazil Mustafa məsələ ilə bağlı “Yeni Müsavat”a danışdı. Millət vəkili qeyd etdi ki, restavrasiya və bərpa işlərini mütləq şəkildə peşəkar mütəxəssislər görməlidir: “Ümumiyyətlə, restavrasiya peşəkar bir işdir və bununla bağlı xüsusi ixtisaslaşmış qurumlar və şəxslər fəaliyyət göstərir və onlar da bu işləri kifayət qədər ciddi, həm də bir çox hallarda dövlət proqramı çərçivəsində həyata keçirirlər. Yəni konkret olaraq tarixi abidənin xüsusiyyətlərini öyrənərək, onun bütün detallarını nəzərə alaraq, bərpa edirlər

Bərpanın özü də ayrıca bir sahədir və bu sahədə də mütəxəssislər işləməlidir. Bəzən bu sahədə görürük ki, tam hazırlıq kadrların olmaması öz sözünü deyir, bir sıra abidələr arzuolunan səviyyədə bərpa edilmir. O ki qaldı Naxçıvanda baş vermiş hadisəyə, əlbəttə ki, bununla  bağlı detallar aydınlaşıdırılmalı, bilinməlidir ki, niyə abidənin korlanmasına gətirib çıxaracaq addımlar atılıb. Bu məsələdə mütəxəssislərin rəyi ortaya qoyulmalı  və məsuliyyət daşıyanların da tapılıb, üzə çıxarılması vacibdir. Çünki bu elə-belə bina tikintisi deyil, burada hər bir məqam nəzərə alınmalıdır. Hətta  kərpicin rəngindən tutmuş, onun keyfiyyətinə qədər nəzərə alınmalıdır. Məsələn, Naxçıvanda Mömünə Xatun məqbərəsi ilə bağlı qeyd edirdilər ki, onun tikintisində sement əvəzinə yumurta sarısı istifadə olunub. İndi onun bərpası zamanı sementdən istifadə edilməsi abidənin müəyyən strukturuna ziyan vermiş olar.

Bu baxımdan məsuliyyət daşıyanları üzə çıxartmaq o qədər də çətin deyil. Yəni indi kimsə kimisə gizlədirsə, himayəçilik edirsə, o zaman problem yaradır. Fikrimcə, bu baxımdan hüquq-mühafizə orqanları məsələni daha aydın şəkildə aydınlaşdırıb təqsirkarları üzə çıxara bilər və abidənin yenidən bərpası istiqamətində hər hansı bir addımlar atıla bilər.

Həqiqətən də Qarabağda da eyni problemlə üzləşə bilərik. Yəni orada da müəyyən dərəcədə  abidələrin xarakterini öyrənmədən,  sadəcə, “bu mənim, sənin adamındır, işi ona verək, pul qazansın” prinsipi ilə yanaşsaq, orda da abidələrin evi yıxılacaq. Bütün bunları nəzərə almalıyıq".

 

“Ədəbiyyat və incəsənət”

(22.05.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.