Bu gün Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda Azərbaycan bədii tərcümə sənətinin yaradıcılarından olan mərhum tərcüməçi Natiq Səfərovun 80 illiyinə həsr edilmiş “Sözə natiqlik” kitabının təqdimatı keçirilib.
Tədbiri yazıçı Seyran Səxavət açaraq ustad qələm sahibi Natiq Səfərovun özünəməxus xüsusiyyətlərindən, sözə həssaslığından, tərcümə sahəsindəki böyük xidmətlərindən söz açıb.
AYB-in sədr müavini Rəşad Məcid Natiq Səfərovun bənzərsiz insan və peşəkar tərcüməçi kimi xatırlayaraq “Sözə natiqlik” kitabını ərsəyə gətirənlərə təşəkkürünü bildirib.
Xalq şairi Ramiz Rövşən Natiq Səfərovun yaradıcılığından söz açaraq onun yüksək peşəkarlıqla tərcümə etdiyi əsərlərindən söhbət açıb, şirinli-acılı xatirələri dilə gətirib və Natiq Səfərova həsr etdiyi iki şeiriylə mərhum dostunu yad edib.
Tənqidçi Vaqif Yusifli mərhum qələm sahibinin həm bir ziyalı, insan kimi məziyyətlərindən söz açıb. Natiq Səfərovun Markesi Azərbaycan oxucusuna ilk tanıdan tərcüməçi olduğunu vurğulayan Vaqif müəllim onun ən gərgin tərcümə işlərinin öhdəsindən gəldiyini, o cümlədən "Az i Ya” kimi mürəkkəb bir əsəri böyük uğurla dilimizə çevirdiyini söyləyib.
Dövlət Tərcümə Mərkəzinin əməkdaşları Mahir Qarayev, Etimad Başkeçid, Əlisəmid Kür öz çıxışlarında Natiq Səfərovun tərcümə sənətinə gətirdiyi yeniliklərdən, unudulmuş tərcümə sənətini peşəkar səviyyəyə yüksəltdiyindən, ustad tərcüməçi kimi ondan bəhrələndiklərindən danışıblar.
Digər çıxış edənlər Natiq Səfərovun ədəbi taleyindən söhbət açaraq onun tərcümə sənətində bir məktəb olduğunu qeyd ediblər.
Tədbirin sonunda Natiq Səfərovun qızı yazıçı Günel Natiq tədbirin təşkilatçılarına, iştirakçılara və “Sözə natiqlik” kitabının nəşrində əməyi olan hər kəsə minnətdarlığını bildirib.
“Ədəbiyyat və incəsənət”
(19.05.2023)