“Əbədi ömrün yüz ili” kitabı təqdim olundu Featured

“Heydər Əliyev haqqında çox yazılıb, qalın-qalın kitablar çıxıb. İllər keçdikcə daha da çox yazılacaq, tarixin süzgəcindən keçmiş qiymətlər daha da dəqiqləşdiriləcək, dünyada və ölkəmizdə baş verəcək olayların, gələcək hadisələrin kontekstində onun xidmətləri daha dərindən dərk ediləcək. Amma bu, gələcək nəsillərin işidir. Bugünkü nəsillərin, onun çağdaşlarının, özəlliklə onunla bu və ya digər dərəcədə təmasda olanların borcu isə Heydər Əliyevlə bağlı anılarını, xatirələrini yubanmadan qələmə almaq, onun mürəkkəb və zəngin obrazının müxtəlif çalarlarını, ayrıntılarını sənəd kimi tarixin malı etməkdir”

Bu cümlələr Xalq yazıçısı Anara məxsusdur. Elə sözügedəcək kitabı da bu cümlələr gözəl xarakterizə edir. 

 

Mayın 3-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Heydər Əliyevin yüz illiyinə həsr olunmuş “Əbədi ömrün yüz ili” kitabının təqdimatı oldu. 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, kitab AYB-nin təşkilatçılığı, Mədəniyyət Nazirliyinin dəstəyi ilə işıq üzü görüb.

Əvvəlcə nəşrin layihə rəhbəri, tərtibçi və “Ön söz” müəllifi - AYB-nin katibi, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəyli kitab haqqında məlumat verdi. Bildirdi ki, “Əbədi ömrün yüz ili” bədii-publisistik məqalələr toplusu baxımından çox dəyərli nəşrdir. O dedi:

“Müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə hazırladığımız bu kitab haqqında fikir söyləmək çox çətindir. Çünki bu kitaba Azərbaycan Yaziçılar Birliyinin üzvü olan dəyərli söz və bilim adamlarının bədii-publisistik məqalələri, esse və xatirələri daxildir. Yazı müəlliflərinin böyük əksəriyyəti Ulu Öndəri şəxsən tanıdıqlarından onların düşüncələri, xatirələri, bu böyük şəxsiyyət haqqında mülahizə və müşahidələri maraqlı və zəngindir. Ona görə də mən yalnız nəşrə bələdçilik etməyi öz üzərimə götürdüm, düşünürəm ki, gözəl bir kitab ərsəyə gətirə bildik. Kitabın ərsəyə gətirilməsinin əsas təşəbbüskarlarından biri də Anar müəllimdir. Ona görə də həm Anar müəllimə, həm Mədəniyyət Nazirliyinə, həm də bütün zəhməti keçənlərə təşəkkür edirəm. Müəlliflərə xüsusən minnətdarlığımı bildirirəm ki, mövzuya xüsusi həssaslıqla yanaşdılar, çox dəqiqəliklə işləyib bu gözəl kitabı hazırladıq. İlkin olaraq kitab 1000 nüsxə tirajla nəşr olunsa da, bunu artırmağı düşünürük. Bir çox bölgələrdə də bu kitabının təqdimatının keçirilməsi nəzərdə tutulur".

 

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxış edərək Ulu Öndər Heydər Əliyevi yaxından tanımaq və onun ölkəmiz qarşısındakı misilsiz xidmətlərini daha dərindən anlamaq baxımından kitabın çapını yüksək qiymətləndirdi:

 

“Heydər Əliyev incəsənət adamları ilə çox ünsiyyətdə olurdu, o yazıçılara da xüsusi həssaslıqla yanaşırdı. Kitab çox maraqlıdır. Heydər Əliyevlə ünsiyyətdə olan adamların xatirələri xüsusən diqqət çəkir. Ölkədə ədəbi nəslin həyatında, inkişafında Ulu Öndər Heydər Əliyevin rolu danılmazdır. Kitabın yaradılmasında töhfələrini əsirgəməyən, əməyi keçən müəllifləri təbrik edirəm. Mədəniyyət Nazirliyinə xüsusi minnətdarlığımı bildirirəm. Düşünürəm ki, bu, bizim “Heydər Əliyev İli”nə kiçik töhfəmizdir”. 

 

AYB-nin birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayev dedi: 

“Bu çox gözəl təşəbbüsdür və düşünürəm ki, bu kitabın bu cür incəlik və həssaslıqla ərsəyə gətirilməsi Ulu Öndərin əziz xatirəsinə olan dərin ehtiramın göstəricisidir. Ümummilli Lider Heydər Əliyevlə bağlı digər təqdimatlar da gözlənilir”.

 

Xalq yazıçısı Elçin Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə böyük ehtiramını bildirərək, kitabın əhəmiyyətindən danışdı:

“Ulu Öndər Heydər Əliyevin incəsənət, ədəbiyyat adamlarına olan qayğısı danılmazdır. Yaradıcılığı həmin dövrlərə düşən sənət adamlarından elə biri yox idi ki, Heydər Əliyev onun sənəti ilə maraqlanmasın və şəxsən onunla ünsiyyətdə olmasın. Onun şəxsiyyətinin miqyası çox böyükdür. O, bir tərəfdən Mstislav Rostropoviç ilə dostluq edirdi, eyni zamanda aşıq sənətinin inkişafına xidmət edənləri də unutmurdu. Bu da onun daxili aləminin zənginliyinin göstəricisi idi. O, incəsənətin bütün sahələrini duyurdu və qiymətləndirməyi bacarırdı. Ulu Öndər deyirdi ki, gənclik dövründə Naxçıvanda elə tamaşa olmurdu ki, o tamaşaya gedib baxmasın. Heydər Əliyev daxilən sənət eşqi olan zəngin şəxsiyyət idi. O, hətta müxtəlif pyeslərdə, əsərlərdə olan bir çox monoloqları əzbər bilirdi. 10 il mənim onu müşahidə etmək imkanım olub və Ümummilli Lider özü böyük məktəb idi".

 

Xalq şairi Nəriman Həsənzadə bu kitabın hazırlanmasının gözəl bir hadisə olduğunu dilə gətirərək, bu təşəbbüsün kitab həvəskarları, oxucular üçün böyük hədiyyə olduğunu vurğulayıb. 

Tədbirdə Mədəniyyət Nazirliyinin kitab sənayesi şöbəsinin müdiri Akif Marifli, Milli Məclisin deputatı Jalə Əliyeva, Xalq yazıçısı Elmira Axundova, yazıçı Hüseynbala Mirələmov və digər natiqlər Ümummilli Lider Heydər Əliyevin Azərbaycanı dövləti qarşısındakı böyük xidmətlərindən danışdılar və yeni çap olunan kitab haqqında fikirlərini bölüşdülər.

Xatarladaq ki, kitabın növbəti təqdimatı Qubada - Azərbaycan Ədəbiyyat Fondunun Heydər Əliyevin 100 illiyi münasibətilə keçirəcəyi Konfransda baş tutacaq.

 

“Ədəbiyyat və incəsənət”

(04.05.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.