Aprelin 17-də Pekində “Ömür bir dəfə yaşanır” şeirlər kitabının Çin dilində nəşrinin təqdimatı olub. Nəşrin müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır.
AzərTAC xəbər verir ki, təqdimat Heydər Əliyev Fondunun, Çin Xarici Dillər Nəşriyyatı Administrasiyasının və Azərbaycanın Çindəki səfirliyinin birgə təşkilatçılığı ilə keçirilib.
Çin Xarici Dillər Nəşriyyatı Administrasiyasının baş redaktorunun müavini xanım Çen Şiya bu nəşrin Çin ilə Azərbaycan arasında humanitar sahələrdə əməkdaşlığın gözəl nümunəsi kimi dəyərləndirib.
Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı mədəni-humanitar layihələrin xalqlarımızı bir-birinə daha da yaxınlaşdırdığını, ölkələrimiz arasında əməkdaşlığı möhkəmləndirdiyini deyib. O, nəşrin oxuculara Azərbaycan mədəniyyəti haqqında məlumat əldə etməyə imkan verəcəyini, gələcəkdə bu istiqamətdə yeni layihələrin icrasına yol açacağına əminliyini bildirib.
Çin Yazıçılar Birliyi poeziya şurasının sədri, tanınmış şair Cidi Macia çıxışında bildirib ki, Leyla Əliyevanın poeziyası lirikdir, eyni zamanda dərin fəlsəfi məna daşıyır. Onun şeirlərini oxuyarkən müxtəlif dövrlərdə yaşamış şairlərin yaratdığı lirik ənənələrin müasir zamanımıza necə axıcı bir şəkildə süzülüb gəldiyinin şahidi oluruq.
Sonra Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili ixtisası üzrə məzunları Leyla Əliyevanın şeirlərini Çin dilində səsləndirib.
Qeyd edək ki, Heydər Əliyev Fondu ilk dəfədir azərbaycanlı şair və ədiblərinin kitablarının Çin dilində tərcüməsini edib.
Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovun Çin Xarici Dillər Nəşriyyatı Administrasiyasının baş redaktorunun müavini xanım Çen Şiya ilə keçirilən görüşündə gələcəkdə digər Azərbaycan şair və ədiblərinin əsərlərinin Çin dilinə tərcümə edilməsi ilə bağlı müzakirələr aparılıb.
“Ədəbiyyat və incəsənət”
(18.04.2023)