Bakı Kitab Mərkəzində “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının rəhbəri, rəssam Nazim Məmmədovun ingilis dilində “Khojaly Scream” kitabının təqdimatı olub. Tədbir 31 Mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr olunub.
Nazim Məmmədovun məlumatına görə, təqdimat zamanı qonaqlar onun “Xocalı harayı” sərgisi ilə tanış olublar. Sərginin eksponatları dinc azərbaycanlı əhalinin kütləvi şəkildə qətlə yetirilməsi, Azərbaycan xalqının öz ərazi bütövlüyü uğrunda qətiyyətli və rəşadətli mübarizəsini əks etdirir.
Qeyd edək ki, bu əsərlərin orijinal nüsxələri hazırda Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasında qorunub saxlanılır. 2002-ci ildə Nazim Məmmədov Xocalı soyqırımının 10-cu ildönümü ilə əlaqədar 40 tablodan ibarət sərgi təqdim etmişdi. Onların hamısı muzeyə hədiyyə olunub. Bu rəsmlər müxtəlif layihələr, o cümlədən xaricdə sərgilənib. “Xocalı harayı” kolleksiyasının materiallar və rəssam Nazim Məmmədovun yaradıcılıq yolu onun oğlu Dadaş Məmmədovun kitabında yer alıb. Kitab 2010-cu ildə Azərbaycan dilində nəşr edilib, indi isə ingiliscə daha geniş oxucu kütləsinə təqdim olunur.
Tədbirdə Bakı Kitab Mərkəzinin direktoru, yazıçı Günel Rzayeva, teleaparıcı, tarixçi Fuad Axundov, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev, art-menecer Ülviyə Axundova çıxış ediblər. Sonra Azərbaycan klassiklərinin əsərlərindən ibarət konsert proqramı təqdim edilib.
“Ədəbiyyat və incəsənət”
(04.04.2023)