Məhərrəm Qasımlının “Ozan-aşıq sənəti və ədəbiyyatı” adlı kitabı işıq üzü görüb
Saz ruhu oynadan, damarda qanı oyadan, varlığı coşduran bir türk çalğı alətidir, təsadüfi deyil ki, o əvvəlki tək ölkəmizin yalnız Qərb bölgəsində deyil, hər bir guşəsində sevilir. Və sazın təbliğində, təbii ki, Azərbaycan Aşıqlar Birliyi əhəmiyyətli rol oynamaqdadır.
Birliyin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının aşıq sənəti barədə yeni kitabının işıq üzü görməsi xəbəri təbii ki, hamımızı sevindirdi. Təkcə ölkəmizdə deyil, onun hüdudlarından kənarda da görkəmli folklorşünas alim kimi tanınan, xüsusilə də aşıq sənəti və ustad aşıqların yaradıcılığının yorulmaz tədqiqatçısı olan M.Qasımlının bu kitabı hələ XX əsrin 90-cı illərində işıq üzü görmüş və bu gün də tədqiqatçıların etibarlı mənbə kimi üz tutduqları “Ozan-aşıq sənəti” kitabının təkmilləşdirilmiş və əlavələr edilmiş yeni nəşridir.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, ozan-aşıq sənətinin tarixi qədimdir, qürurvericidir, Türk xalqının zəngin mədəniyyətinin sübutudur. Türk dünyasının dərin qatlarından süzülüb gələn ozan-aşıq sənəti tarixin müxtəlif keçidlərində enişli-yoxuşlu yollardan keçə-keçə Qorqud atanın əzəmətində ozanı yaşadıb, orta yüzillərdən isə Kərəmin, Sarı Aşığın, Qurbaninin, Abbas Tufarqanlının, Xəstə Qasımın, nəhayət, Ələsgərin simasında həmin zirvəni yaradıb. Şifahi ədəbiyyatla yazılı ədəbiyyat arasında körpü kimi ozan-aşıq sənəti Azərbaycan ədəbiyyatının onurğa sütunu olub, yazı ədəbiyyatı zamanın siyasətini ruhuna hopduranda xalq ədəbiyyatı, ozan-aşıq sənəti siyasətlə üz-üzə dayanıb bütün qüdrəti ilə sözünü deyib, tarixin sınaqlarından şərəflə çıxıb. Belə əzəmətli abidələri xalq minillər boyu hafizəsinə köçürüb, nəsillərdən-nəsillərə ötürüb, cilalayıb, sığallayıb və zamanında bir zəka sahibi onu yazıya alıb ilkinini qoruyub yaşadıb. Əlbəttə, zaman öz vərdişindədir, sənət də öz işində. Sənət zamanın yaxşısını da, pisini də, doğrusunu da, əyrisini də, demək olar, bütün simasını öz ruhuna hopdurur. Məhz buna görə də klassiklər doğru deyiblər ki, xalqın bədii söz sənəti tarixin yol yoldaşıdır. Bu baxımdan ozan-aşıq sənəti tarixin çeşidli anlarını özünün sənət süzgəcindən keçirib, onun tərcümanı olub. Böyük tarixi dönəmlərdə elmi-texniki ixtiralar təkamül tapdıqca bədii sənət də, söz sənəti də istər-istəməz onu ehtiva edir, ona təsir edir, onu öz fantaziyasına yönəldir. Bütün mütərəqqi təkamül, ictimai-siyasi inkişaf, istərsə ədəbiyyat və incəsənət həmişə bir-biri ilə ayaqlaşıb, bir-birini tamamlayıb. Təəssüf ki, belə zəngin və çoxşaxəli xalq yaradıcılığı irsinin toplanılıb öyrənilməsinə yalnız XX yüzildə başlanıb. Şükürlər ki, indi pik nöqtəsinə çatıb.
“Ozan-aşıq sənəti və ədəbiyyatı” adlanan və əvvəlki nəşrlərdən əsaslı şəkildə fərqlənən bu kitab 34 çap vərəqi həcmindədir və aşağıdakı bölmələrdən ibarətdir: “Aşıq sənətinin tarixi kökləri”, “Aşıqlıq: yaranış və biçimlənmə mərhələləri”, “Aşıq mühitləri” və “Aşıq ədəbiyyatı”.
Kitabda ortaq türk mənəvi dəyərləri və mədəniyyətinin mühüm istiqamətləri, qam-şaman kompleksi, ozan sənəti və aşıqlığın tarixi-semantik mahiyyəti, aşıq mühitləri, eləcə də aşıq ədəbiyyatının səciyyəsi və əsas simaları konseptual və sistemli şəkildə açıqlanır, geniş etnocoğrafi hüdudlara malik olan Türk etnik mədəni sisteminin tarixi-estetik mahiyyəti bir bütöv halında elmi müstəvidə təhlil olunur. Yeri gəlmişkən, professor M.Qasımlının da qeyd etdiyi kimi, Sovet dönəmində aparılmış tədqiqatlarda ideoloji-siyasi basqılar nəticəsində kontekstin düzgün müəyyənləşdirilməmsi türk tarix və mədəniyyətinin kəskin təhriflərə məruz qalmasına, zərərli və natamam elmi qənaətlərə, yanlış dəyərləndirmələrə gətirib çıxarmışdır. “Aşıq sənəti” anlayışı altında Azərbaycan alimləri ancaq keçmiş Sovetlər Birliyindəki “Azərbaycan aşıq sənəti”ni öyrənmişlər. Bu sənətin genetik qaynaqlarını əhatə edən tarixi-coğrafi məkan isə daha böyük miqyaslıdır. Bütün bunları nəzərə alan professor M.Qasımlı bu fundamental əsərində aşıq sənəti və ədəbiyyatının istər genetik qaynaqları, istərsə də təşəkkül tarixi baxımından öyrənilməmiş problemlərini tədqiq edərək ortaya çox sanballı bir elmi əsər qoymuşdur.
Bu əsər, M.Qasımlının kitaba yazdığı “Ön söz”də də qeyd etdiyi kimi, ömrünün az qala əlli ilini həsr etdiyi, Azərbaycanla yanaşı, Qafqazın bir çox bölgələrini, Orta Asiya, İran və Anadolunu dönə-dönə gəzib zəngin məlumat topladığı gərgin bir zəhmətin bəhrəsidir.
Kitabdan folklor və xüsusən də aşıq sənətinin tədqiqatçıları, müvafiq ixtisaslar üzrə təhsil alan bakalavr və magistrlər faydalana biləcəklər.
Kitabın elmi redaktoru Əməkdar mədəniyyət işçisi Musa Nəbioğludur.
Şəkildə: Ötən əsrin 30-cu illərində Azərbaycan aşıqları
“Ədəbiyyat və incəsənət”
(04.04.2023)