Bakı Kitab Mərkəzində Azərbaycanın Ukraynadakı səfiri, Azərbaycanın Xalq yazıçısı Elmira Axundovanın “Zərifə və Heydər Əliyevlər. Əbədiyyətə bərabər sevgi” kitabının təqdimat mərasimi keçirilib.
“Şərq-Qərb” nəşriyyatında buraxılan nəfis tərtibatlı kitabda müəllif öz qəhrəmanlarının uşaqlıq və gənclikdən kamil yaşlarınadək olan həyat yolundan danışır, iki görkəmli xadimi bağlayan tellərdən, uşaqlarını tərbiyə etmələrindən, Zərifə xanım və Heydər Əliyevlərin payına düşən həyat sınaqlarından söhbət açır. Müəllifin sözlərinə görə, o, qəhrəmanını qeyri-rəsmi tərəfdən göstərmək istəyib. Zəngin illüstrasiyalı kitabda baş qəhrəmanların yaxınlarının və doğmalarının xatirələri toplanıb.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, təqdimat mərasimində Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, diplomat və ictimai xadim Həsən Həsənov, sənətşünas Nigar Axundova, Azərbaycanda Rus İcmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelin, Milli Məclisin deputatı Jalə Əliyeva iştirak və çıxış ediblər, onlar çıxışlarında Heydər və Zərifə Əliyevlər haqqında xatirələrini bölüşüb, onların münasibətlərində çox gözəl harmoniyadan danışıblar.
Tədbirin bədii hissəsində Azərbaycanın Xalq artisti Azər Zeynalov və beynəlxalq müsabiqələrin laureatı, vokalçı İslamə Abdullayeva çıxış ediblər.
“Ədəbiyyat və incəsənət”
(29.12.2022)