İgidlərə layiq “İgidlərin sözü” adlı antologiya təqdim olunub Featured

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, “İgidlərin sözü” layihəsinin müəllifi və rəhbəri şairə Nigar Həsənzadənin təşəbbüsü ilə Beynəlxalq Muğam Mərkəzində “İgidlərin sözü” adlı antologiyanın ictimaiyyət üçün geniş təqdimatı keçirilib. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, kitab təqdimatında Milli Məclisin deputatları Qənirə Paşayeva və Ceyhun Məmmədov, “YAŞAT” Fondunun sədri Elvin Hüseynov, Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli, Vətən müharibəsi iştirakçıları, “Şəhid analarına dəstək” İctimai Birliyinin üzvləri, şəhid ailələri, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər. 

Tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. 

Sonra çıxış edən Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Vətən uğrunda döyüşən qəhrəmanlarımızın sözü ilə əməlinin bir olduğunu bildirib, qanları ilə tarix yazan igidlərin həm də tarixdə qalacaq sözlərinin şeir kimi bir kitabda toplanmasını alqışladığını söyləyib. Bu gün Azərbaycanın dünyada artan nüfuzundan danışan komitə sədri Prezident İlham Əliyevin apardığı siyasətdən, şəhid və qazi ailələrinə göstərdiyi diqqət və qayğıdan da bəhs edib.

“YAŞAT” Fondunun sədri Elvin Hüseynov çıxışında hələ Aprel döyüşlərindən sonra Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qazilərlə görüşündə söylədiyi “Bizim oğullarımız tarixi ədaləti bərpa edəcəklər” fikrini səsləndirərək bildirib ki, 2020-ci ildə Azərbaycanın mərd oğulları, sözün həqiqi mənasında, tarixi ədaləti bərpa ediblər.

Mədəniyyət Nazirliyinin şöbə müdiri Akif Marifli Qələbəmizin tarixi əhəmiyyətini qeyd edərək, nazirlik tərəfindən bu sahədə nəşr olunan kitablardan və keçirdiyi tədbirlərdən danışıb. O bildirib ki, layihənin həyata keçirilməsində məqsəd 44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparmış igid oğulların yaradıcılıq nümunələrini nümayiş etdirmək, onların rəşadət və şücaətini gələcək nəsillərə ötürməkdir. 

“İgidlərin sözü” kitabının tərtibatçısı və redaktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, jurnalist Aida Eyvazlı Göytürk çıxışında bildirib ki, nəşrin ərsəyə gəlməsi heç də asan olmayıb. Qeyd edib ki, redaktoru olduğu “İgidlərin sözü” kitabı Türk dünyasının savaşan igidlərinin yaradıcılığından bəhs edən ilk antologiyadır.

Sonra kitabda şeirləri işıq üzü görən Vətən müharibəsi iştirakçıları Vüsal Hətəmov, Kərəm Aydın, Emin Piri, Sərxan Yolçuyev, Həsən Kür, Orxan Səlifov, Cavid Əli oğlu, Tofiq Əhməd, Eyvaz Əyyub, Səbuhi Qurbanov, Elvin İntiqamoğlu, Oğuz Alparslan, Nicat Ağayevin, Tamerlan Əsədov şerlərini səsləndiriblər.

Sonda “Söz” və “İgidlərin sözü” layihələrin müəllifi və rəhbəri şairə Nigar Həsənzadə təqdimata dəvət olunmuş şəhid analarının, şəhid övladlarının, qazilərin yaxınlarının bu günü, bu gözəl və həzin anları ən əziz xatirə kimi hər zaman yaddaşlarında saxlayacaqlarına inandığını bildirib. Deyib ki, bu böyük Zəfəri yazanlar unudulmur, onların sözlərini də heç vaxt unutmaq olmaz. 

Xatırladaq ki, “İgidlərin sözü” kitabının ilk təqdimatı bu ilin yayında Şuşada Vaqif Poeziya Günləri çərçivəsində olub.

Bir sözlə, möhtəşəm qələbəmiz daha bir nəşrdə layiqincə tərənnüm olunub.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.