“Ədəbiyyat və incəsənət” portalı İqtisad elmləri doktoru, professor Əlibala Məhərrəmzadənin yazısını təqdim edir.
Lap uşaqlıqdan özümüzə ideal, kumir seçir, onun həyat və fəaliyyətini örnək götürürük. Bu, insan olaraq bizim xislətimizdən irəli gəlir. Axı insan xaraktercə daim inkişafa, təkmilləşməyə, kamilliyə meyillidir. Seçdiyi həyat yolunda örnək götürüləsi hansısa bir insana bənzəmək istəyi insanda hədsiz dərəcədə güclü olur. Yeri gəlmişkən, həyatda uğur qazanmağın bir sirri də məhz elə budur: özünə bəhrələnə biləcəyin ideal seçmək!
Baxın, uşaqlar həyətdə futbol oynayırlar. Onların mütləq əksəriyyəti özlərini bu günümüz üçün dünyanın ən güclü futbolçüları olan Kriştiano Ronaldo və Leonel Messiyə bənzətməyə çalışır, bu futbolçuların matçlarına tamaşa edir, onları sosial şəbəkələrdə izləyir, video və fotolarını toplayırlar.
Əlbəttə ki, mən uşaqları elə-belə xatırlatdım, peşəkar futbolla məşğul olanlar da öz amplualarındakı ən güclüləri özlərinə ideal seçirlər.
Digər idman növlərində, digər peşələrdə də bu belədir. Məsələn, bizim ölkəmizdə əlbəyaxa idman növləri çox populyardır. Bu idman növləri ilə məşğul olan hansı gənci sorğu-sual etsəniz Namiq Abdullayev, Rəfael Ağayev, İlham Zəkiyev kimi dünya və olimpiya çempionlarının adlarını bir örnək kimi çəkəcəklər.
Hansı alim, tutalım, Nyüton, Freyd, yaxud dünyaya qeyri-səlist məntiq nəzəriyyəsini bəxş etmiş Lütfi-Zadə olmaq istəməz?
Hansı rəsam, Rembrandt, Da Vinçi, Səttar Bəhlulzadə, hansı rejissor Fellini, Spilberq, Skorseze, hansı aktyor və aktrisa Alen Delon, Merilin Monro, Tarantino, hansı yazıçı Dostoyevski, Nizami Gəncəvi, Markes, hansı müğənni Luçano Pavarotti, Maykl Cekson, Uitni Hyuston, hansı modelyer Koko Şanel, Pyer Karden, Corcio Armani (mən hər sahədə ağlıma gələn ilk 3 adı sadaladım, ünlülər əlbəttə ki, çoxdurlar) olmaq istəməz ki?
Adətən, insanlar özlərinə idealları, kumirləri lokal və qlobal dairədən seçirlər. Biz sadaladığımız kumirlər – lokal dairədən olan kumirlərdir. Yəni hər hansı bir sahədə çalışan şəxs o sahənin ən güclü və nüfuzlusunu özünə örnək seçərək onun kimi olmağa çalışır, onun əldə etdiyi yüksəkliklərə yüksəlməyi arzulayır. Qlobal kumirlər isə artıq dünyanı dəyişən nəhəng insanlardır ki, belələrini istənilən sənətdə, peşədə olan şəxs öz həyat idealı seçə bilir. İisus Xristos, Məhəmməd Peyğəmbər, Albert Eynşteyn, Martin Lüter Kinq, Robert Oppengeymer, Alfred Hiçkok, Çe Gevara, Uinston Çörçil, Mustafa Kamal Atatürk, Heydər Əliyev, Bill Qeyts, Uorren Edvard Baffett kimi insanlar bu qəbildəndirdər.
5-6 il qabağı görən şəxsiyyət
Təbii ki, hər bir azərbaycanlı kimi mənim də örnək götürəcəyim şəxs Heydər Əliyevdir. Bu böyük şəxsiyyət mənim üçün qlobal idealdır. Müdriklik, dərin düşüncə, analiz qabiliyyəti, düzgün qərar qəbul edə bilmək, iradə və dözümlülük, ən ağır vəziyyətlərdə belə sınmamaq, əyilməmək Heydər Əliyev şəxsiyyətini xarakterizə edən bariz xüsusiyyətlərdir.
Yüksək idarəçilik qabiliyyəti ilə 1982-ci ildə keçmiş SSRİ-nin Politbüro adlı ali idarəçilik orqanına qədər gedib çıxan, SSRİ Nazirlər Soveti sədrinin 1-ci müavini vəzifəsinə yüksələn Heydər Əliyevə Kremldə münasibətlər təbii ki, bir qeyri-rusa olan mənfi münasibətlər çərçivəsində idi, velikorus şovinizmi özünü göstərirdi. Bu haqsız hücumlar, basqılar, xüsusən o dövrün ən populyar qəzeti olan «Pravda» da «Əliyevçilik və yeni zaman üçün göz yaşları» başlaqlı yazı-ittihamla öz apogey nöqtəsinə çatmışdı. Tanınmış kinodramaturq Ramiz Fətəliyev demişkən, «Heydər Əliyevi çox vaxt ona görə dərk edə bilmirdilər ki, onun kimi 5-6 il qabağı görməkdən məhrum idilər». Təhdidlər, maneçiliklər nəhayət 1987-ci ildə bu böyük şəxsiyyəti istefa verməyə məcbur etdi. Zəngin təcrübəsi, bilik və bacarığının çiçəklənən dövründə işsiz qalması elə SSRİ-nin dağılması ərəfəsində olduğundan, onun işsizlik dönəmi çox da uzun çəkmədi. Tezliklə ittifaqa daxil olan bütün 15 respublika, o cümlədən də Azərbaycan müstəqillik əldə etdi.
1990-cı ildə Rusiyanın paytaxtı Moskvadan öz doğma vətəninə – müstəqil Azərbaycana dönən Heydər Əliyev Kremldəki haqsız hücumların sanki davamını yaşadı, meşşan düşüncəli keçmiş partiya funksionerlərinin təhdidi və təqibi ilə elə ilk addımdaca Bakının hava limanında rastlaşdı, ölkə parlamentində ona olan basqılar, paytaxtda yaşamasına icazə verilməməsi kimi haqsızlıqlar bu böyük şəxsiyyətə hədsiz dərəcədə təsir etdi, güclü zərbə oldu. Amma bu polad iradəli şəxs «onu sıradan çıxmış hesab edənlərə» tezliklə yerlərini göstərməyi bacardı. Ümumxalq sevgisi sayəsində ilk öncə – 1991-ci ildə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri vəzifəsinə yüksəlməklə hələ məğlub olmadığını, hələ öz sözünü deyəcəyini bəyan etmiş oldu. Ona qırmızı işıq yandıran respublika rəhbərliyi ölkəni vətəndaş müharibəsi, anarxiya və xaosa sürükləyəndə – 1993-cü ildə isə o, xalqın tələbi ilə bu dəfə ölkə rəhbərliyinə gətirildi.
Müstəqil Azərbaycanın memarı olan bu böyük şəxsiyyət tək öz ölkəsində deyil, dünyanın siyasi arenasında böyük nüfuz qazanmışdı, yüzlərlə mükafatı, fəxri adları var idi. Vəfatından sonra da unudulmadı, adı dünyanın bir çox guşələrində küçələrə, parklara verildi. Bu gün Azərbaycanın bütün şəhər və rayonlarında, Belqradda, İstanbulda, Kiyevdə, Tbilisidə, Qəlyubiyyədə (Misir), Sankt-Peterburqda və daha haralarda Heydər Əliyevin büstü, abidəsi ucalır.
Məncə, uğur qazanmaq istəyən bir insan üçün Heydər Əliyevin həyat yolu ən böyük örnək ola bilər. Şəxsən mən 1976-cı ildə – Heydər Əliyev hələ Azərbaycan SSR-yə rəhbərlik edərkən dünyaya gələn bir şəxs kimi bütün həyatım boyu özümü Heydər Əliyevin şagirdi hesab etmişəm, onun tərcümeyi halını öyrənmiş, məqalə və çıxışlarını mütaliə etmişəm. Doğrudan da bu şəxs böyük bir məktəbdir və onun həyatda uğur qazanmaq istəyən, motivasiya axtaran hər bir kəs üçün nümunə olacaq həyat yolu vardır.
Və mən çox xoşbəxtəm ki, bu böyük şəxsiyyətə olan simpatiyamı təcəssüm etdirə bilmişəm. Belə ki, mənim ssenarim əsasında Ukrayna Milli Televiziyası tərəfindən «Heydər Əliyev: Liderlik dərsi» adlı sənədli film çəkilib (rejissoru Georgi Spasokukotski) və müvəffəqiyyətlə nümayiş olunub.
Bu filmin ən maraqlı məqamlarından biri keçmiş SSRİ dövründə cidi-cəhdlə gizlədilən bir faktın üzə çıxarılmasıdır. Belə ki, filmdə Çernobıl faciəsi zamanı (1986-cı ildə SSRİ-nin Çernobıl atom-elektrik stansiyasında qəza baş vermiş, ətrafa radioaktiv hissəciklər yayılaraq insanlığa böyük təhlükə yaratmış, 30 kilometrlik zonada həyat məhv olmuşdu) Heydər Əliyevin keçmiş SSRİ rəhbərliyinin «panika yaratmamaq» məzmunlu siyasi iradəsinə qarşı çıxmasından, 800 000 qadının və uşağın təhlükəsiz zonaya köçürülməsinə nail olmasından da bəhs edilir, müsahibə verən Ukraynanın keçmiş baş nazirinin müavini Konstantin Masik Heydər Əliyevi Ukrayna xalqının xilaskarı adlandırır.
Heydər Əliyev fenomeninə bir neçə əcnəbi insanın xatirələri ilə müxtəlif aspektlərdən nəzər yetirməyiniz, düşünürəm ki, çox faydalı olardı. Gəlin, milliyyətcə bir rusun, bir amerikanlının və bir ərəbin bu böyük şəxsiyyət barədə olduqca səmimi sözlərinə diqqət edək.
Birinci xatirə
«Böyük dövlətlərdə, xüsusilə də ABŞ, Fransa, Böyük Britaniya, Almaniya və s. kimi ölkələrdə məşhur olmaq o qədər də çətin deyil. Ancaq kiçik ölkələrdə, eyni zamanda da, müstəqilliyini yenicə qazanmış dövlətlərdə rəhbərlik missiyasını yerinə yetirmək çox çətindir. Və belə bir ağır işin öhtəsindən, təbii ki, ən layiqincə gəlmək – ancaq Heydər Əliyev kimi böyük təcrübəsi olan, ağıllı, müdrik siyasətçiyə nəsib ola bilər. Onun həyat və fəaliyyəti təkcə azərbaycanlılar üçün yox, bütün ölkələrin insanları üçün örnəkdir.
Şahidi olduğum bir hadisəni qeyd edim. Dünyanın nüfuzlu xəbər agentliklərindən biri olan İTAR-TASS-da keçmiş Sovetlər birliyindən olan jurnalistlər təcrübə keçərkən söhbət gəlib Heydər Əliyevə çıxdı. MDB-dən və Baltikyanı ölkələrdən olan bir çox jurnalistlər öz azərbaycanlı həmkarlarına həsədlə dedilər ki, əgər bizdə də prezident Heydər Əliyev olsaydı, onda hər mühazirədə, hər seminarda, hər görüşdə biz də öz ölkəmiz haqda əcnəbilərdən çoxlu təriflər, yaxşı sözlər eşidərdik».
Yasen Zasurski (professor, Moskva Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı)
İkinci xatirə
«Bir neçə il əvvəl mənə məlumat verildi ki, Azərbaycan Prezidenti Heydər Əliyev tibbi müayinə üçün bura – Klivləndə gələcək. Və o gəldi. İngiliscə çox danışmırdı, amma mavi gözlərindən hiss edə bilirdim ki, nə deyir. Özünü yaxşı hiss etmədiyi günlər əlimi sıxmağından və sıcaq təbəssümündən özümü xoşbəxt hiss edirdim. Soyadımı tam tələffüz etmirdi və sadəcə «Salam, Houli» - deyirdi. Onun danışığı, təbəssümü, əlimi sıxması heç zaman yaddaşımdan silinməyəcək. Bu xatirələri uzun illər ürəyimdə təsəlli kimi saxlayacağam, nəvələrimə danışacağam.
Mən fəxrlə deyə bilərəm ki, Heydər Əliyevi – tarixin gedişində dönüş yaratmış o böyuk şəxsiyyəti tanıyırdım».
Herri Houlihən (ABŞ-ın Klivlənd Klinikası Təhlükəsizlik Xidmətinin rəisi)
Üçüncü xatirə
«Ötən əsrin 70-ci illərində Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyası nümayəndə heyətinin başçısı kimi Suriyaya səfər etmişdi. Suriya televiziyasının işçisi kimi mən cənab Heydər Əliyevlə görüşüb ondan səfərlə bağlı müsahibə götürdüm. Müsahibənin gedişində Heydər Əliyev məndən soruşdu: «Moskvadan nə istərdin? Mən də müsəlmanam, bir şey lazımdırsa, çəkinmədən deyə bilərsən».
Onun belə sadə, səmimi münasibəti məni cəsarətləndirdi və özümün ən vacib problemim üçün ona müraciət etdim. O vaxtlar mən Suriya vətəndaşı olan, ancaq Moskvada yaşayan bir qızla evlənmək istəyirdim. Lakin müvafiq sovet dairələri qıza Moskvadan Suriyaya gəlməyə icazə vermirdilər. Mən bu problemin həlli üçün Heydər Əliyevə müraciət etdim. O isə gülümsəyib dedi: «Mən elə bilirdim, sənin xahişin böyük bir problem barədə olacaqdır. Elə bu? Həll edərik!»
İki həftədən sonra Moskvada viza bölməsindən nişanlıma bildirdilər ki, müvafiq dairələrin onun Suriyaya getməsinə heç bir etirazı yoxdur. Beləcə, biz ailə qura bildik, Heydər Əliyev mənim ailə səadətimin bünövrəsini qoydu.
Mən, həyat yoldaşım və üç övladım ömrümüz uzunu o böyük şəxsiyyətə minnətdar olacaq, onu unutmayacağıq»
Məhəmməd Xeyir Vadi (Suriyanın Çin Xalq Respublikasındakı səfiri)
Elə bu yerdə Heydər Əliyevin məşhur aforizmlərini də nümunə gətirmək istəyirəm:
- Kim ki, biliyindən, bacarığından artıq iddialar edir, o həmişə məğlub olur;
- Hər bir insan həyatda öz yerini tapmalıdır. Amma məhz öz yerini, özünəməxsus olan yerini tapmalıdır;
- Həqiqi mənəviyyatı milyonlara, milyardlara da almaq mümkün deyil.
- Bir hadisənin qarşısını almaq – o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır.
Heydər Əliyevin bir fikri isə, məncə sabaha ümidi olmayan şəxslərə əsl töhfədir: «İnsan həmişə ümidlə yaşamalıdır. Hətta ən ağır anında belə sabahkı xoş günə olan ümidi onu tərk etməməlidir».