“Ədəbiyyatda romantizm” əsərinin “Milli Kitabxananın qızıl fondundan” seriyasından təqdimat mərasimi keçirilib

 

Aprelin 27-də Milli Kitabxanada Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Mir Cəlal Paşayevin ilk ədəbi-tənqidi qələm təcrübəsi olan “Ədəbiyyatda romantizm” əsərinin “Milli Kitabxananın qızıl fondundan” seriyasından 4 dildə ilk nəşrinin təqdimat mərasimi keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Mir Cəlal Paşayevin 1928-ci ildə qələmə aldığı ilk ədəbi-tənqidi təcrübəsi olan “Ədəbiyyatda romantizm” əsəri öz dərin məzmun əhəmiyyətinə görə XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatşünaslığında bir “ədəbiyyat hadisəsi” kimi qiymətləndirilə bilər. Lakin bu əsərin Azərbaycan arxivlərindən və kitabxanalarından “səssizcə yoxa çıxarılması” nəticəsində bu qiymətli ədəbi-tənqidi əsər bir əsr ərzində elmi-ədəbi dövriyyədən kənarda qalmışdır. “Milli Kitabxananın qızıl fondundan” seriyasından tədqiqatçılara və geniş oxucu kütləsinə təqdim olunan Mir Cəlal Paşayevin “Ədəbiyyatda romantizm” əsərinin məhz bu səbəbdən dörd dildə – Azərbaycan, rus, ingilis və ərəb dillərində ilk dəfə kitab halında çap olunması zəruri hesab olunmuşdur.

Təqdim olunan kitabın tərtibçisi və ön söz müəllifi professor Kərim Tahirov, elmi redaktor və məsləhətçisi akademik Nizami Cəfərov, ərəb qrafikasından transliterasiya edəni, qeydlərin və lüğətin müəllifi professor Asif Rüstəmli, tərcüməçiləri isə Sara Osmanlı (rus dilində), Əhməd Sami Elaydi (ərəb dili) və İlahə Abdullayevadır (ingilis dilində). Kitabda həmçinin, Mir Cəlal Paşayevin “Ədəbiyyatda romantizm” əsərinin “Maarif yolu” jurnalının 1928-ci ilin 10-11 və 12-ci nömrələrində, 1929-cu ilin 1-2 nömrələrində dərc olunmuş orijinal mətninin skan surəti də əks olunub.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.