Qəzənfər Paşayevin “İraq – Türkman poeziya antologiyası” kitabının təqdimatı keçirilib

 

Ötən gün Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət komitəsi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə görkəmli ədəbiyyatşünas alim, Əməkdar elm xadimi, professor Qəzənfər Paşayevin “İraq – Türkman poeziya antologiyası” kitabının təqdimat mərasimi keçirilib. Ömrünü Kərkük türkmanlarının mədəniyyətinin təbliğinə həsr edən professor bir neçə illik gərgin əməyinin nəticəsini ortaya qoyub. 

Elm və mədəniyyət xadimlərinin iştirakı ilə Milli Kitabxanada təşkil edilən tədbirdə kitabxananın direktoru, professor Kərim Tahirov çıxış edərək alimin Azərbaycan elminə verdiyi töhfələrdən danışıb. Professor Qəzənfər Paşayevin əksər kitablarının təqdimatının məhz Milli Kitabxanada keçirildiyini bildirən Kərim Tahirov deyib: “Bu gün təqdimatı keçirilən “İraq – Türkman poeziya antologiyası” kitabı alimin gərgin əməyinin nəticəsidir. Qəzənfər Paşayev kitabın dostudur, o, bu cür kitabları yazaraq Azərbaycan xalqını bizə daha yaxın olan xalqla yaxınlaşdırıb. Çağdaş İraq – Türkman şairlərinin poeziya örnəklərini əhatə edən “İraq – Türkman poeziya antologiyası”nın hər iki cildi azərbaycanlı poeziyasevərlərin rəğbətini qazanacaq, tədqiqatçıların diqqət mərkəzində olacaqdır”.

Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev çıxış edərək Qəzənfər Paşayevə belə bir kitabın nəşrinə, o cümlədən ədəbiyyatşünaslıq sahəsində tədqiqatlarına görə öz təşəkkürünü bildirib. Qeyd edib ki, məhz Qəzənfər müəllimin kitabları milli şüurumuzun, düşüncəmizin formalaşmasında mühüm rol oynayır: “Qəzənfər Paşayevin müəllifi olduğu kitablar Azərbaycan ədəbiyyatının, mədəniyyətinin öyrənilməsi baxımından çox dəyərlidir”.

Qəzənfər Paşayevi yeni kitabının nəşri münasibətilə təbrik edən natiq ona yaradıcılıq uğurları və araşdırmalarının davamlı olmasını arzulayıb.

Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı çıxış edərək əvvəlcə bu kitabın nəşrində mühüm xidmətləri olan Qənirə Paşayevaya öz təşəkkürünü bildirib. Qeyd edib ki, son illər ərzində Qənirə xanım çoxsaylı kitabların nəşrində yaxından iştirak edib. Qəzənfər müəllim ömrünü ədəbiyyatşünaslığın bu sahəsinə həsr edib, neçə-neçə kərkük ədəbiyyatına, eləcə də şairlərinə həsr edilən kitabların müəllifidir. Vurğulayıb ki, bu gün təqdimatı keçirilən kitab İraqlı qardaşlarımız arasında körpü rolunu oynayır.

Milli Məclisin deputatı, professor Anar İsgəndərov bildirib ki, bu gün tarixi gündür, ona görə ki, belə gözəl tərtibatlı bir kitabın təqdimatı keçirilir. Azərbaycan İraq əlaqələrinə dair çoxsaylı kitablar yazılıb, lakin müasir dövrdə belə nəşrin olması çox mütərəqqi bir amildir. O vurğulayıb ki, ədəbiyyatımızda “kərküklər kimdir” anlayışını məhz Qəzənfər Paşayev tədqiq edib və bu haqda çoxsaylı kitablar yazıb. “İraq – Türkman poeziya antologiyası” ədəbiyyatşünaslıq əsəri deyil, lakin ədəbiyyat hadisəsidir, ədəbiyyatşünaslar üçün bir qaynaqdır.

Milli Məclisin deputatı, akademik Nizami Cəfərov deyib: “Xoş hadisədir ki, məhz Qəzənfər Paşayev İraq türkman şairlərinin şeirləri ilə bizi tanış edib. Məhz Qəzənfər müəllimin belə bir mövzuya diqqət yetirməsi, çoxsaylı kitablar yazıb-yaratması ədəbiyyatşünas tədqiqatçılar üçün qiymətlidir. İnanıram ki, “İraq – Türkman poeziya antologiyası” kitabı bütün tədqiqatçıların, ədəbiyyatşünasların, şeirsevənlərin stolüstü kitabına çevriləcək.

Kitabın müqəddiməsinin müəllifi, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva çıxış edərək belə bir tədbiri təşkil etdiyinə görə kitab ocağına, Milli Kitabxananın rəhbərliyinə öz təşəkkürünü bildirib. O qeyd edib ki, Qəzənfər Paşayev milli düşüncəmizin formalaşmasında mühüm rol oynayıb. Vurğulayıb ki, İraq türkmanlarının tanıdılması bilavasitə Qəzənfər Paşayevin adı ilə bağlıdır. “İraq – Türkman poeziya antologiyası” kitabı Əməkdar elm xadimi, professor Qəzənfər Paşayevin ürəkdən bağlı olduğu fəaliyyət sahəsinin yeni səhifəsi, hadisəsidir. Azərbaycanda İraq türkmanşünaslığının ən davamlı, uzunmüddətli, peşəkar tədqiqatçısı təbliğatçısı, tərənnümçüsü və təşkilatçısı məhz Qəzənfər Paşayevdir. Qeyd edib ki, antologiya İraq – Türkman poeziyasının keçdiyi inkişaf yolunu, tendensiyaları, onun bu gününü və inkişaf yönünü göstərir.

Kitabın müəllifi Qəzənfər Paşayev çıxış edərək tədbirin təşkilatçılığına görə Milli Kitabxanaya və kitabın ərsəyə gəlməsində əməyi keçən hər bir şəxsə təşəkkür edib.

Tədbirin davamında Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Kərkük Mədəniyyət Mərkəzinin sədri Şəmsəddin Kuzəçi, şair Elçin İsgəndərzadə və digərləri çıxış ediblər.

Sonda iştirakçılar Milli Kitabxananın fondunda olan professor Qəzənfər Paşayevin yaradıcılığını əhatə edən kitabların sərgisi ilə tanış olublar, müəlliflə xatirə şəkli çəkdiriblər.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.