Dahi Azərbaycan şairi Nizami Gəncəvinin irsinə dəyərli töhfə

 

Martın 11-də “LIBRAFF” kitab mağazasında “Nizami Gəncəvi – Unudulmuş Nəşrlər” adlı tədqiqat kitabının təqdimatı olub.

AzərTAC xəbər verir ki, BP-nin ev sahibliyi etdiyi tədbirdə Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələri, alimlər, Nizaminin ədəbi və fəlsəfi irsinin tədqiqatçıları iştirak ediblər.

BP-nin Bakı ofisinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlının moderatorluğu ilə keçirilən tədbirdə şirkətin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli çıxış edərək dahi şairin yaradıcılığından söz açıb: “Nizami Gəncəvi elə bir dühadır ki, gələcək nəsillər də onun misilsiz poetik və fəlsəfi irsini araşdırmağa davam edəcək. Nizaminin poeziya xəzinəsinin tədqiqinə bizim də kiçik töhfəmizin olmasından çox məmnunuq. Nizami, eyni zamanda, Şərqin ən böyük mütəfəkkirlərindən biridir və kitabda toplanmış yazılardan və mülahizələrdən də görünür ki, onun dərin fəlsəfi irsi həmişə elə şeirləri qədər yüksək tutulub. Azərbaycanın görkəmli dövlət xadimi və şairi Abbasqulu ağa Bakıxanov Nizami haqqında yazısında belə deyib: “Onun böyüklüyünü və fəzilətlərini söyləməkdən dil acizdir”. Bundan da mükəmməl və dəqiq söyləmək mümkün deyil”.

Şairin yaradıcılığının özünəməxsusluğundan danışan Milli Məclisin deputatı, akademik Rafael Hüseynov kitabı Nizaminin oxucuları, tədqiqatçıları və bütün pərəstişkarları üçün dəyərli bir töhfə adlandırıb. O, Nizami irsinin sadəcə ədəbiyyat deyil, musiqi, memarlıq, ictimai-siyasi düşüncənin inkişafına təkan verdiyini diqqətə çatdırıb. Nizami Gəncəvinin kamil insan, ədalətli hökmdar modeli haqqında fikirlərinin onun “Xəmsə”sində əsas xətti təşkil etdiyini qeyd edib.

Kitabın tərtibçisi və nəşrə hazırlayan professor Nəsiman Yaqublu bildirib ki, 564 səhifəlik nəfis nəşrdə Azərbaycanın görkəmli şəxsiyyətləri tərəfindən Nizami Gəncəvi haqqında keçmişdə söylənmiş məlum, lakin çox yayılmamış və unudulmuş fikirlər, yazılmış məqalələr və elmi araşdırma mətnləri toplanıb.

Tədbirdə şairin yaradıcılığına həsr olunmuş musiqi nömrələri səsləndirilib.

Qeyd edək ki, kitab BP-nin dəstəyi ilə Nizami Gəncəvinin 880 illiyi münasibətilə çap olunub.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.