“Gözəl günlər naminə" – Günel Natiqin yeni kitabının təqdimatı

Mina Rəşid, “Ədəbiyyat və incəsənət” üçün

 

26 aprel 2025-ci il tarixində "Qanun" nəşriyyatında yazıçı Günel Natiqin "Gözəl günlər naminə" kitabının təqdimatı və imza günü keçirildi. Tədbirdə tanınmış qələm adamları, tədqiqatçılar, jurnalistlər və sənətsevərlər iştirak edirdilər.

 

Tədbiri giriş sözü ilə nəşriyyatın redaktoru, yazıçı Şərif Ağayar açdı. O, "Qanun" nəşriyyatının yazarların oxucularla birbaşa ünsiyyət qurması üçün təşkil etdiyi imza günlərinin əhəmiyyətindən danışdı, Günel Natiqin yeni kitabını müəllifin yaradıcılıq axtarışlarının davamı kimi dəyərləndirdi. 

Tədbirin aparıcısı yazıçı Təranə Vahid çıxışında Günel Natiqin müasir ədəbiyyatda özünəməxsus dəst-xəttinin olduğunu, ədəbiyyata təsadüfən gəlmədiyini, dünya ədəbiyyatından ilham alaraq öz ədəbi üslubunu formalaşdırdığını qeyd etdi: "Günelin yazılarını oxuyanda sən ordakı insanların taleyini, psixoloji portretlərini görürsən," – deyə o bildirdi.

Yazıçı Azad Qaradərəli çıxîşında Günel Natiqlə uzun illər Dövlət Radiosunda birgə çalışdıqlarını xatırladaraq, onun fərqli səs tonu və söz duyumu ilə radio verilişlərində seçildiyini qeyd etdi. Günelin atasına, tanınmış tərcüməçi və yazıçı Natiq Səfərova həsr etdiyi "Ayı dərisi" povestinə toxunaraq, "Hər bir yazar özünü yazır, özünü yazmayan yazıçı yazıçı deyil," – fikrini səsləndirdi.

"Azərbaycan" jurnalının baş redaktor müavini Südabə Ağabalayeva da tədbirdə çıxış edərək, 2015-ci ildə Günel Natiqin "Kağız gəmilər" kitabını oxuduqdan sonra onu jurnal ilə əməkdaşlığa dəvət etdiyini qeyd etdi. O, müəllifin insan talelərini ustalıqla qələmə aldığını, tənhalığın müxtəlif çalarlarını əsərlərinə köçürə bildiyini vurğuladı. Südabə Ağabalayeva bildirdi ki, "Azərbaycan" jurnalında "Ədəbi talelər" rubrikasının yaranması və daha sonra eyniadlı kitabın nəşri də bu əməkdaşlığın uğurlu nəticələrindəndir.

Tərcüməçi Seyfəddin Hüseynli çıxışında Günel Natiqin fəaliyyət göstərdiyi müxtəlif sahələrdəki peşəkarlığından söz açdı.

Naşir Şahbaz Xuduoğlu çıxışında görkəmli tərcüməçi Natiq Səfərovla uzun illər davam edən dostluq münasibətlərindən bəhs etdi, ondan bir ustad kimi çox şey öyrəndiyini vurğuladı. O, Günel Natiqin yeni kitabının nəşrini ədəbi irsin davamı kimi qiymətləndirdi.

Daha sonra yazıçı-publisist Qorxmaz Şıxalıoğlu, Azərbaycan Nyu-York Diaspor Cəmiyyətinin vitse-prezidenti Zəminə Mirhadiyeva, şair-tərcüməçi Rəfail Tağızadə, rəssam Sehran Allahverdi, yazıçı İlhamə Nasir, şair Mina Rəşid, şair Səfər Rzasoylu, şair, jurnalist Fuad Biləsuvarlı, tədqiqatçı- alim Elçin Qaliboğlu, Azərbaycan Radiosunun "Xüsusi layihələr" departamentinin rəhbəri Dilşad Tahirqızı və digər qələm adamları çıxış edərək Günel Natiqin yazıçı və jurnalist kimi məziyyətlərindən söz açdılar.

Tədbirin yaddaqalan məqamlarından biri Dövlət Radiosunun tanınmış diktoru, Xalq artisti Eldost Bayramın "Gözəl günlər naminə" kitabından "Epidemiya" hekayəsini səsləndirməsi oldu. Onun ifası tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılandı.

Tədbirin sonunda müəllif Günel Natiq çıxış edərək tədbirə gələnlərə, oxuculara və onu dəstəkləyən dostlarına təşəkkürünü bildirdi. Daha sonra  oxucular üçün kitablarını imzaladı.

 

“Ədəbiyyat və incəsənət”

(28.04.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.