“İnsanın ən böyük silahı sevgiymiş… Bunu indi anladım…” – GÜNEL NATİQ Featured

 

Günel Natiqin yeni kitabı təqdim ediləcək

 

 Mina Rəşi, “Ədəbiyyat və incəsənət” üçün

 

 

 

Tanınmış yazıçı, jurnalist, aparıcı Günel Natiqin bu günlərdə "Gözəl günlər naminə" adlı yeni kitabı işıq üzü görüb. 

 

Kitabda müəllifin son illərdə qələmə aldığı povest və hekayələri toplanıb.

 

 

 

Əsərlərdə insan ruhunun dərinliklərinə enən yazıçı oxucunu yalqızlıq, mənəvi böhranlar və daxili ziddiyyətlərlə üz-üzə qoyur. Günel Natiqin yaratdığı obrazlar həyatiliyi və inandırıcılığı ilə seçilir, bu da oxucunu insan psixologiyasını daha dərindən dərk etməyə sövq edir.

 

9 kitab müəllifi olan Günel Natiq yeni nəşrdəki əsərlərindən aşağıdakı fikirləri də oxucuların diqqətinə çatdırıb: 

 

 

 

1. İnsan öz yaratdığından heç vaxt böyük ola bilməz.

 

2. Qələm adamının doğması yalnız ədəbiyyatla bağlı olanlardır.

 

3. Ədəbiyyat sənin taleyin olarsa, bunu ilk hiss edən də sən olacaqsan.

 

4. Allah – ən böyük analitikdir. Hər şeyi incəliyinə qədər hesablayıb. Onun yazısını redaktə etmək olmaz.

 

5. İnsanı xilas etmək lazımdır. Ona görə yox ki, o, müsbət varlıqdır... Amma o, yeganə varlıqdır ki, mükəmməlliyə can atır.

 

6.İnsan ağrısını paylaşanda yüngülləşir. Və nə qədər ki anlayan biri var – ümid də var...

 

7. İnsanın ən böyük silahı sevgiymiş… Bunu indi anladım…

 

8. Bu dünyada tabut ölçüsünə belə şəriət qaydaları var, amma diri insanların haqqını yeyənlər üçün qayda-qanun yoxdur.

 

9. Biz ölümü qarğıyırıq, amma ölümü sevmək ağlımıza gəlmir.

 

10. İnsan niyə heç vaxt öləndə ağlamaz? Yəqin ki, son anda həyatın həqiqətini anlayır.

 

11. Oğlu öləndə də yanlarında yalnız bu mebellər vardı. Və başqa heç kim yox idi.

 

12. Qarı, ərinin cansız bədəninə baxıb, ölümlə birgə darıxdı.

 

13. Və bundan sonra yalnız gözəl günlər naminə yaşayacağıq…

 

 

 

Qeyd edək ki, kitabın imza günü sabah - 26 aprel 2025-ci il tarixində, saat 14:00-da "Qanun" nəşriyyatında keçiriləcək. Ədəbiyyatsevərlər, yazıçının dostları və oxucular tədbirə dəvətlidir. Giriş sərbəstdir.

 

 

 

“Ədəbiyyat və incəsənət”

 

(25.04.2025)

 

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.