“Əbədiyyət yolçusu” kitabının təqdimatı olub

 

Martın 2-də Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyi münasibətilə hazırlanmış “Əbədiyyət yolçusu” albom-kitabının təqdimatı olub.

AzərTAC xəbər verir ki, albom-kitab Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinin qeyd edilməsi haqqında" 31 yanvar 2020-ci il tarixli Sərəncamına müvafiq olaraq hazırlanıb.

Nəşrin tərtibçisi, “Ön söz” müəllifi və redaktoru Mustafa Çəmənli, ideya müəllifi isə "Təhsil Nəşriyyatı-Poliqrafiya" müəssisəsinin direktoru Tural Axundov, nəşriyyat redaktoru Gülər Ələkbərqızıdır.

Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid Əbdürrəhim bəy Haqverdiyevin bütün yaradıcılığı ilə tanınmağa layiq bir ədib olduğunu söyləyib. Bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra görkəmli ədibin vətəni, doğulduğu yerlər işğaldan azad olundu. Şübhəsiz, bu, onun ruhunu şad etdi.

Qeyd edib ki, “Təhsil” nəşriyyatında çap olunan albom-kitaba Əbdürrəhim bəy Haqverdiyev haqqında dövri mətbuatda çap olunmuş məqalələr, xatirələr, həyatının müxtəlif anlarını əks etdirən şəkillər, kitablarına çəkilmiş illüstrasiyalar, səhnə əsərləri və hekayələri əsasında hazırlanmış televiziya və teatr tamaşalarından, bədii filmlərdən fraqmentlər toplanıb.

Yeni nəşrin ədibin xatirəsinə bir hədiyyə olduğunu deyən Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar bildirib ki, dəyərli nəşrdə Haqverdiyevin gözəl hekayələrindən başqa, teatr ənənələrinə həsr etdiyi bir məqaləsi də yer alıb: “Haqverdiyev bir ədib kimi çoxşaxəli bir insan idi. O, diplomatik sahədə yazılarla da çıxış edib”.

Diplomat, ədəbiyyatşünas alim Vilayət Quliyev yeni nəşr üzərində zəhmət çəkib, arxiv materialları toplayıb, kitabı nəşr edənlərə təşəkkürünü bildirib.

Ədibin həyat və yaradıcılığından danışan V.Quliyev bildirib ki, Əbdürrəhim bəy Haqverdiyev ədəbi fəaliyyətə Şuşa real məktəbində oxuduğu zaman başlayıb. M.F.Axundzadənin təsiri ilə "Hacı Daşdəmir" adlı kiçik bir pyes yazıb. Sankt-Peterburqda təhsil alarkən onun bədii yaradıcılığa meyil və həvəsi daha da artıb. O, burada olarkən "Yeyərsən qaz ətini, görərsən ləzzətini" və "Dağılan tifaq" əsərlərini yazıb.

1899-cu ildə Azərbaycana qayıdan Ə.Haqverdiyev bir müddət Bakıda yaşayıb. O, bir tərəfdən müəllimliklə məşğul olub, digər tərəfdən teatrlarda verilən tamaşalara rejissorluq edib. Eyni zamanda, bədii yaradıcılığını da davam etdirib. "Bəxtsiz cavan" və "Pəri-cadu" faciələrini yazmaqla milli dramaturgiyanı ideya və poetik-sənətkarlıq baxımından daha da zənginləşdirib. 1906-cı ildə "Həyat" qəzetində hekayələr və "Molla Nəsrəddin" jurnalında gizli imzalarla felyetonlar, məzhəkələr çap etdirib: “Haqverdiyev bədii əsərlərlə kifayətlənməmiş, diplomatiya sahəsində də çalışmışdı. Prezidentin ədibin 150 illiyi ilə bağlı müvafiq Sərəncamından sonra onun “Uca dağ başında” hekayəsi macar dilinə tərcümə olunub. Bu yaxınlarda macar rejissoru Əbdürrəhim bəy Haqverdiyev haqqında film çəkmək istədiyi bildirib. Bu, onu göstərir ki, Haqverdiyevin yaradıcılığı dünya üçün maraqlıdır”.

Filologiya üzrə fəlsəfə doktoru Gülbəniz Babayeva deyib: “Əbdürrəhim bəy Haqverdiyev yaradıcılığı bizim üçün doğma və əzizdir. Görkəmli ədib Molla Nəsrəddinçilərdən biri olub. Haqverdiyev böyük Azərbaycan ziyalısıdır və hər şeydən əvvəl vətənpərvərdir. Onun milli vətənpərvərlik ruhunda yazdığı əsərlərdə Qarabağ ab-havası duyulur. O, səyahətnamə janrını “Molla Nəsrəddin” jurnalına gətirən ədibdir. Məhz bundan sonra dövrün bütün qüsurları “Molla Nəsrəddin” jurnalında öz əksini tapdı”.

Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev, yazıçı-dramaturq Əli Əmirli, filologiya üzrə fəlsəfə doktoru Ələmdar Cabbarlı, Əməkdar jurnalist Tahir Aydınoğlu və başqaları çıxış edərək bildiriblər ki, ədibin yazıları bu gün də aktualdır, günümüzlə səsləşir.

Natiqlər kitabın hazırlanmasında böyük zəhməti keçən Mustafa Çəmənliyə təşəkkürlərini bildiriblər.

Bütün iştirakçılara minnətdarlığını bildirən Mustafa Çəmənli deyib ki, görkəmli şəxsiyyətlər haqqında kitab tərtib etmək olduqca məsuliyyətli işdir. Çalışdım ki, bu yeni albom-kitab böyük ədib Əbdürrəhim bəy Haqverdiyevin 150 illiyinə töhfə olsun.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.