ADPU-da Abbasqulu bəy Şadlinskidən bəhs edən kitab təqdim edildi

Zəhra Allahverdiyeva, “Ədəbiyyat və İncəsənət” 

 

Bu gün 17.03.2025-ci il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetində Vaqif Şadlinskinin babası,  Azərbaycanda el qəhrəmanı, "Qırmızı tabor"un komandiri olan Abbasqulu bəy Şadlinskinin şərəfinə yazılan, müəllifləri Təyyar Salamoğlu və Məhrux Dövlətzadə (hər ikisi Azərbaycan Dövlət Pedaqoji Universitetində ədəbiyyat müəllimdir) olan “Qarlı aşırım”ın tənqid variantları” adlı kitabın  təqdimatı olub.

 

Tədbir Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Mahirə Nağı qızı Hüseynovanın təşkilatçılığı ilə keçirilib, tədbirdə universitetin rektoru Cəfər Cəfərov, əməkdar elm xadimi, Tibb e.d., Rusiya Tibb Elmləri Akademiyasının və Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının akademiki, professor, ATU-da İnsan anatomiyası kafedrasının müdiri Vaqif Şadlinski, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Hikmət Baba oğlu Məmmədov,  universitetin idarə heyəti, fakültə dekanları, pedaqoji əməkdaşları, Qərbi Azərbaycan İcmasının üzvləri və ziyalıları, həmçinin portalın əməkdaşı, eyni zamanda Qərbi Azərbaycan İcmasının Nizami rayonu üzrə gənc nümayəndəsi olan bəndəniz Zəhra Allahverdiyeva da iştirak edib. 

Tədbirdə Fərman Kərimzadə haqqında videoçarx izlənib, sonra kitab müəlliflərinə söz verilib. 

Sonra kitabla bağlı müzakirə aparılıb. 

 

Abbasqulu bəy Şadlinski haqqında məlumat: Abbasqulu bəy Xanbaba bəy oğlu Şadlinski - (24 fevral 1886, İrəvan quberniyası, Böyük Vedi  – fevral 1930) - Uşaq ikən atasını itirən Abbasqulu bəy Şadlinski ikisinifli rus-tatar məktəbini bitirmişdir. O, bir müddət mirab işləmişdir.

Abbasqulu bəy Şadlinski 1902-ci ildə atadanqalma kiçik torpaq sahəsini əkib-becərməklə məşğul olmuşdur. Rusiyada 1905-1907, İranda 1905-1911-ci illər inqilabları ictimai-siyasi dünyagörüşünün formalaşmasına mühüm təsir göstərmişdir. Fevral inqilabından (1907) sonra Şadlinski həyatını xalq işi uğrunda mübarizəyə həsr etmiş, kommunistlərə rəğbət bəsləmişdir.

1918-ci ilin əvvəllərində Naxçıvan, İrəvan, Dərələyəz, Zəngəzur və digər ərazilərdə daşnak-erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı soyqırımlarının baş alıb getdiyi bir şəraitdə xalq içərisində böyük nüfuzu olan Şadlinski Vedidə erməni-daşnak quldur dəstələrinə qarşı könüllü xalq birləşməsi – gələcək "Qırmızı tabor"u təşkil etmişdi.

O, 1918-1920-ci illərdə Vedibasarda daşnaklara qarşı döyüşən könüllü birliklərin komandanı olmuşdur. 1920-ci ilin iyulunda Şadlinskinin əmri ilə Vedibasar və Zəngibasar əhalisinin əksər hissəsi ilə İran ərazisinə keçərək, əvvəlcə Xoy şəhəri yaxınlığında, sonra isə Mərənd şəhəri ətrafında mövqe tutmuşdular.

28 iyul 1920-ci ildə Naxçıvanda sovet hakimiyyəti elan olunduqdan sonra Hərbi İnqilab Komitəsinin və Nəriman Nərimanovun dəvətini qəbul edərək, sentyabrın 17-də 200 nəfərlik dəstəsi ilə Naxçıvana gəlmişdi. Buradakı qırmızı qvardiya döyüşçüləri də onun dəstəsi ilə birləşmişdi. Şadlinski ilk vaxtlar Naxçıvan sərhədlərinin qorunmasına, sonra Zəngəzur istiqamətində öz dəstəsinin daşnak hissələri ilə fəal döyüş əməliyyatlarına başçılıq etmişdir. Onlar cəllad Dronun daşnak qüvvələrini darmadağın edərək Naxçıvanda Sovet Hakimiyyətini qurmuş, burada ingilis-daşnak işğalına son qoymuşdur. O, bu xidmətləri müqabilində Nəriman Nərimanov tərəfindən "Qızıl Ulduz" medalı ilə təltif edilmişdir.

Onun başçılıq etdiyi “Qırmızı tabor” dəstəsi 1921-ci ilin fevralından aprelin əvvəllərinə kimi İrəvanda daşnak qiyamının yatırılmasında qəhrəmanlıq göstərmişdi. Daşnaklarla döyüşlərdə göstərdikləri şücaətə görə, Şadlinski başda olmaqla, "Qırmızı tabor"un 19 nəfər üzvü Ermənistan SSR-nın "Qırmızı bayraq" ordeni ilə təltif olunmuşdur.

1921-ci ilin yayında Şadlinskinin döyüşçüləri Dərələyəz və Zəngəzurda daşnak quldurlarının darmadağın edilməsində qəhrəmanlıq göstərmişdilər.

Ermənistanda və Zəngəzurda daşnak fitnəkarlıqlarına son qoyulduqdan sonra Şadlinski 1922-ci ilin sonunadək Naxçıvanda qalmış və buranın sərhədlərinin qorunmasına rəhbərlik etmişdi.

Bundan sonra Vediyə qayıdan Şadlinski 1922-1928-ci illərdə Ermənistanda bir sıra məsul təsərrüfat vəzifələrində çalışmış, sonra isə burada yaradılan Dəvəli sement zavodu tikintisinin rəhbəri təyin olunmuşdur.

Düşmənləri tərəfindən 1930-cu ilin fevral ayında öldürülmüşdür.

 

Fərman Kərimzadənin "Qarlı aşırım" romanı və onun süjeti əsasında "Azərbaycanfilm" kinostudiyasında rejissor Kamil Rüstəmbəyov tərəfindən çəkilən "Axırıncı aşırım" bədii filmi Şadlinskinin həyat və fəaliyyətindən bəhs edir.

Bakı, Abşeron, Naxçıvan, Yevlax, Xaçmaz, Göygöl şəhərlərində Abbasqulu bəy Şadlinskinin xatirəsinin əbədiləşdirilməsi məqsədilə küçə və prospektlər xalq qəhrəmanının adı ilə adlandırılmışdır.

 

“Ədəbiyyat və incəsənət”

(17.03.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.